ali hasanov2

Əli Həsənovun “Kreml fiaskosu”

ali hasanov2Rəsmi Bakının sözçüsü Moskva səfəri barədə niyə geniş danışmaq istəmir?

İlham Əliyevin Abbas Abbasovu qəbul etmədiyi təsdiqlənir

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Kremldə keçirdiyi görüşlərdən məyus olması barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, Əli Həsənov görüşlərdə Bakının arzu etdiyi nəticələri əldə edə bilməyib.
Əli Həsənovun Moskva səfəri əsasən bir qrup nüfuzlu azərbaycanlının təsis etdiyi Rusiya Azərbaycan Təşkilatları Ittifaqı ilə əlaqələndirilirdi. Azərbaycan hakimiyyətində belə şübhələr var ki, bu təşkilat Kremlin layihəsidir. RATI-yə hücumlar da məhz bununla bağlıdır. Hətta bəzi məlumatlara görə, Ilham Əliyev bu təşkilatın təsis olunmasından o dərəcədə hiddətlənib ki, qurumun sədri, baş nazirin keçmiş müavini Abbas Abbasovun çoxsaylı cəhdlərinə baxmayaraq onu qəbul etməyib. Əvəzində Əli Həsənovu Moskvaya danışıqlara göndərib.
Əli Həsənovun məyusluğu isə onunla izah edilirdi ki, şöbə müdirinin keçirdiyi görüşlər barədə hətta rəsmi qəzetlərdə belə, hər hansı məlumat verilmirdi.
Hazırda Moskvada səfərini davam etdirən Əli Həsənov özü də dünən keçirdiyi görüşlər barədə xəsisliklə danışıb. O, “Mediaforum”a müsahibəsində deyib ki, səfər işgüzar xarakter daşıyır, Rusiyanın Prezident Administrasiyasının dəvəti ilə həyata keçirilir. “Səfərin təfərrüatını açıqlamaq niyyətində deyiləm. Əvvəlcədən nəzərdə tutulduğu kimi mənə aid olan sahələrə cavabdeh rəsmilərin əksəriyyəti ilə görüşmüşəm. Səfər isə davam edir”,- deyə şöbə müdiri əlavə edib.
Şöbə müdiri Azərbaycanla Rusiya arasındakı həll olunmamış problemlər barədə danışmaq istəməyib. O, bildirib ki, bu məsələlər onun səlahiyyət çərçivəsinə daxil deyil:
“Strateji məsələlərlə bağlı mövqeni prezidentlər bildirir, qərarı onlar verir. Biz də dövlət başçılarını təmsil edən məmurlar kimi özümüzə aid olan məsələləri həll edir, həyata keçiririk”. O, konkret olaraq Qəbələ RLS-lə bağlı süaldan da yayınıb. “Bu mənim sahəm olmadığına görə danışıqlardakı vəziyyət haqda bir söz deyə bilmərəm. Azərbaycan və Rusiyanın Nazirlər kabinetləri, Müdafiə nazirlikləri bununla bağlı danışıqlar aparır”, – deyə Əli Həsənov bildirib.
Şöbə müdiri həmçinin iddia edib ki, səfərinin RATI ilə hər hansı əlaqəsi yoxdur: “Mənim Rusiyaya səfərimin yeni yaradılan hansısa qeyri-hökumət təşkilatı ilə, onu yaradanlarla bağlılığı, əlaqəsi yoxdur”.
O, ümumiyyətlə bu təşkilat barədə danışmaq istəməyib: “Biz bu təşkilat haqda hələ heç bir fikir söyləməmişik. Mən bu gün də hər hansı münasibət bildirməyəcəm. Mətbuatda yazılanların çoxu jurnalistlərin mülahizələridir, mətbuatın ayrı-ayrı mənbələrdən əldə etdiyi informasiyalar, hansısa təhlillər əsasında gəlinən qənaətlərdir. Təşkilatı yaradan insanlardan bəziləri müəyyən açıqlamalar veriblər, məsələyə münasibət bildiriblər. Hələ mövqeyini açıqlamayanlar da var. Hər halda hesab edirik ki, bu gün bununla bağlı dövlət səviyyəsində hansısa açıqlamanın verilməsi, münasibət bildirilməsi, ciddi müzakirələrin aparılması aktual deyil”.
Şöbə müdiri Ilham Əliyevin Abbas Abbasovu qəbul etməməsi barədə xəbərləri isə nə təkzib, nə də təsdiq edib: “Mənim bu haqda nə məlumatım, nə də cənab prezidentin kimi, niyə, nə vaxt qəbul edəcəyini müzakirə etmək səlahiyyətim var”.
Ilham Əliyevin RATI barədə mövqeyinin nədən ibarət olduğuna gəlincə Əli Həsənov deyib: “Bununla bağlı nə məlumatım, nə də bəyanat verməyə səlahiyyətim var”.
Göründüyü kimi Əli Həsənov sadəcə suallardan yayınıb. Nə səfəri, nə Rusiya ilə Azərbaycan arasındakı həll olunmamış məsələlər, nə də RATI ətrafında baş verənlər barədə danışmaq istəməyib. Bütün bunlar Əli Həsənovun davam edən səfərinin uğursuzluğundan xəbər verir

Namiq