İslahat imitasiyasının 3 səbəbi

Bilirsiniz, İlham Əliyev xeyir görmədiyi heç nədən çox danışmaz. İllərdir ölkədə onun qədər neft haqqında moizə oxuyan gördünüz? Yox. Amma bu günə kimi neftin xeyrini də ondan artıq görən olmayıb. Adam on altı illik hakimiyyəti dövründə dilinin əzbəri olan “milli sərvət”in milyardlarını incə-incə köçürüb ailə büdcəsinə. İndi neft bumu bitib, pul azalıb, insanlar yoxsullaşıb, o da narazı xalqı ovutmaq üçün “islahat” nağılını artıb ortaya. Ölkədə hamı bilir ki, Əliyev xalq dərdi çəkən deyil. Onun “islahat” nağılının arxasında da başqa səbəblər dayanır. Hansı səbəblər olduğunu indi bir-bir sadalayacağıq.
Birincisi, İlham Əliyev bu islahat məsələsindən daha çox pul qazanır. O, ölkədə artan narazılıqdan belə hiyləgərliklə yararlanmağı bilir. Bir yandan hər işə qarışan qocaları vurub sıradan çıxarır və ya “oyundankənar” vəziyyətə salır. O biri yandan da, indiyə qədər bölüşmək məcburiyyətində olduğu payları təkcə öz qabağına çəkir. Bu minvalla arxa qapıdan başqa ünvanlara gedən “çemodanlar” yığışdırılır, hər şey cəmləşir ailənin öz əlində. Artıq Əliyevlər holdinqi ailə xəzinəsindən kənara bir qəpik də buraxmır. Adamlar bütün haram pulları nəzarət altına alıb yönünü döndəriblər ailənin büdcəsinə. Xəzinəsi gün-gündən şişən “Paşa Holdinq” də dövlət içində dövlət kimi yüksəlir. İlham Əliyevin qızlarına məxsus bu holdinqin artan varidatı da göydən zənbillə düşmür. Hamısı ölkədən oğurlanan pullardır. Ötən yazılarda qeyd etdiyimiz kimi, İlham Əliyev islahat proqramına başlayan gündən pul yığmağın müasir üsullarını öyrənib. Daha öz əlini rüşvətə bulaşdırmadan, çirkli pulları tərtəmiz yudurdub keçirir hesabına. Məsələn, bütün nazirliklər vasitəsilə elan olunan tenderləri onun 3-5 aylıq şirkətləri alıb gedir. Bunun adına da deyirlər “islahat”. Bəs necə? Əvvəllər o pullar, ümumiyyətlə, tendersiz, filansız gedirdi axı məlum ünvana. Məsələn, Milli Onkologiya Mərkəzi heç bir tender keçirmədən bütün layihələri Əliyevlərə məxsus “Azeri Med” şirkətinə verib, onunla 43 milyon manatlıq alqı-satqı aparmamışdımı?

İkinci səbəb, İlham Əliyevin “islahat” kampaniyası adına ortalıqda önəmli bir iş olmasa da, adam imitasiya edir. Görüntü yaratmağa çalışır ki, doğrudan da, islahat aparır. Bu dəfə də 5-6 qoca partokratı işdən çıxarmaqla göz boyamağı bacardı. Dörd-beş cavan kadrı da vəzifəyə təyin edib, bunu köklü kadr islahatlarının başlanması kimi qələmə verdi. O cavan kadrlar da özgəsi deyil, hakimiyyət halqasındakı köhnələrin qohum-əqrəbalarıdır. Təyinat yerinə çatan kimi rayon camaatı ilə şəkil paylaşıb çəkildilər kabinetlərinə. Biz bu şouları çox görmüşük axı. Prezident 2013-cü il seçkilərindən üzü bəri islahat nağılı ilə xalqı uyuda-uyuda gedir. On altı illik prezidentliyi dövründə düşüncəsini müasir dünyaya uyğunlaşdıra bilməyən adam, 4-5 kadr dəyişikliyi ilə ölkəyə yenilik gətirəcəyini deyir. İndiyə qədər islahat adıyla aparılan kadr dəyişikliklərindən bu bədbəxt xalq nə xeyir görüb ki? Yüksək qərb təhsili görmüş Mikayıl Cabbarovu yanğınsöndürən kimi vəzifədən vəzifəyə qaçırtdılar, nə dəyişdi? Onun İqtisadiyyat naziri vəzifəsində nəyisə dəyişəcəyinimi güman edirsiniz? Düşünən beyinləri yüz səbəblə ölkədən qaçırıb, 2-3 nəfəri nazirlikdən-nazirliyə göndərməklə ölkəmi dəyişər, totalitar idarəetmə sistemimi yenilənər? İlham Əliyev hələ də düşünür ki, 26 illik zorakı ailə hakimiyyətinin islahat yalanı ilə uzağa getmək olar. Bu ölkədə həqiqi islahatlar yalnız indiki rejimin istefaya göndərilməsindən sonra başlaya bilər.

Üçüncü səbəb. Sizcə, bu islahat söhbətləri nədən hər dəfə narazılıq dalğası qalxanda aktuallaşır? Nədən mitinqlər başlayan kimi prezident və vitse-prezident şəhərin canına düşüb millətlə “özçəkim” şousuna başlayır. Nədən hər etiraz aksiyasından sonra adam rayonlara çıxıb poçtalyon kimi məktub yığır, şeir deyir, mahnı oxuyur. Əliyevi “islahat” şousuna oynadan artan narazılıqların xofu deyil, bəs nədir? Adamın yadına xalq niyə mitinqdən, mitinqə düşür görəsən?
Sizcə, etiraz aksiyaları olmasa, kral öz isti yerini soyuq edib, belə islahat əziyyətlərinə qatlaşardımı? Son iki ilin on beş-on altı minlik mitinqlərinə qədər ər-arvadın xalq arasına çıxıb, insanlarla qol-boyun foto çəkdirdiyini görmüşdünüz? Adamlar heç özlərinə zəhmət verib kabinetdən çölə çıxmırdılar, şikayət edən insanların üzünə baxmırdılar. Şəhid ailələrinin Prezident Aparatının qarşısında aylarla süründüyünü xatırlayırsınız? 19 yanvar mitinqi canlarına necə üşütmə saldısa, həmin həftə şəhid ailələrini şəxsən qəbul edib qanpullarını ödədilər. Etiraz aksiyaları diktator Əliyevlərin qorxulu röyasıdır. Bunu hər kəsdən çox xalqın bilməsi lazım. “İlan ulduz görməsə, ölməz” deyirlər. Ölkədə əsl islahatların önünü açmaq üçün bu rejimi daha çox küncə sıxmaq lazımdır.