Qarabağ veteranı olan bir dostum zəng vurub deyir ki, bayaq yolum “vayenkomat”a düşmüşdü. Birinci prokurorluğun binasının qarşısından keçdim – baxdım ki, bina yarlı-yaraşıqlıdı. Çiçək kimi. Sonra Məhkəmənin önündən keçdim – o da o birindən geri qalan deyildi, deyərsən bəzəkli gəlindi, nə bilim, şadlıq evidi. Axır gəlib “vayenkomat”a çatdım. Içəri girdim. Canım sıxıldı. Necə də olsa, bir veteran “vayenkomat”a da özünün evi kimi baxır. Ürəyim xarab oldu. Belə yaman gündə evi Allah heç veteran bəndəsinə qismət eləməsin…
Asifin sözü tutdu məni. Indi düşünürəm ki, bu, nə semiotik düzülüşdü, burdan nə işarələr anlamaq olar? Axı əslində təbiət, yaradan bizə nə qədər işarələr göndərib, ama heç birimiz bu işarələrə önəm vermir; ya görmürük, ya görürük anlamırıq, ya da anlsaq da, üstünü vurmuruq. Yenə də ağzımıza su alıb məhzun-məhzun yolumuza davam eləyirik.
Söhbət üç dövlət idarəsindən gedir. Əslinə baxsaq, bunların içində daha çox dövlətə aid olanı elə hərbi komissarlıqdı. Azərbaycan yox, dünya qanunları prizmasından yanaşsaq, prokurorluq da, məhkəmə də müstəqil qurumlardı, dövlətin özünü belə dara çəkə bilərlər. Hərbi komissarlıq isə mütləq şəkildə dövlətə aid və tabedi. Onun ana dayaqlarından biridi. Aydın məsələdi ki, ordusu olmayan dövlət (bildiyim qədəri ilə dünyada bir-iki belə dövlət ola, olmaya, o da ki uzun söhbətdi) heç dövlət deyil. Ancaq baxırsan ki, nədənsə bu dövlət sözdə də olsa müstəqil qurumlara yaxşı baxır, öz dayağının isə çürüyüb əldən getdiyinin fərqində belə deyil.
Indi burda işarə nədi? Binaların görünüşündən aydın olur ki, əslində bu dövlətə və ya əslində özü dövlət olan hakimiyyətə ordu yox, prokurorluq və məhkəmə daha çox lazımdı, nəinki “vayenkomat”.
Əlbəttə, “vayenkomat”lar da elə prokurorluq və məhkəmənin iş prinsipləri ilə çalışırlar və bu dövlətin başqa qurumlarından rüşvət və korrupsiya məsələlərində heç nə ilə fərqlənmirlər. Oradan da yuxarı pullar axıdılır, bu birilərindən də. Oralarda da vətəndaşlara maddi durumuna və belinin hara bağlılığına görə yanaşırlar, buralarda da. Ancaq bir iş var ki, hərbi komissarlıq dövləti qoruyur, o birilər hakimiyyəti. Halbuki, bir də təkrar eləyirəm, indi ölkəmizdə dövlətlə hakimiyyət arasında elə ciddi fərq yoxdu. Komissarlıq yaxşı-pis bu işlə bir başa bağlıdı. Ordumuza çağırılan gəncləri məhz bu qurum səfərbərliyə alır, yaxşı-pis hərəni bir yerə göndərir və yaxşı-pis bir ordu öz mövcudluğunu qoruyub saxlayır. O biri orqanlar isə sırf siyasi hakimiyyəti və hakimiyyətin yalından piylənənlərin mülki hüquqlarını müdafiə eləməklə məşğul olur. Sözün düzü, “mülki hüquqlarını” demək bir az yanlış olur, sadəcə, “onların haqsızlığını qoruyur” demək də doğru səslənmir və buna görə də elə yazmalı oluram.
Komissarlıq prokurorluq kimi müxalifətə, sıravi vətəndaşlara, tənqidçi jurnalistlərə, qələmi qırılmış iri və orta biznesmenlərə qarşı haqsız iddialar qaldırmır və məhkəmələr kimi də həmin allahsız iddiaları təsdiq eləmir. Bu iki orqanın yanına bir də polis idarələrini əlavə eləsək, mənzərə və işarələr daha da aydınlaşar və o da görünər ki, komissarlıqlar həm də polis kimi etirazçı vətəndaşları şərləmir, ciblərinə narkotik atmır, mitinqlərdə camaatı şil-küt eləyib avtobuslara doldurmur və şöbələrindən vətəndaşların meyiti çıxmır (Komissarlıqların xəstə gəncləri orduya göndərib tələf etməsinin isə hakimiyyətə bir xeyri yoxdu).
Deməli, qara qızın dərdi göz önündədi. Dövlət, onun sərhədləri, bu sərhədləri qoruyan əsgərlər hakimiyyətin umurunda deyil. Onu düşündürən sadəcə və sadəcə iqtidarda keçən ömrünün uzanmasıdı ki, bu işdə də hərbi komissarlıqların elə də önəmli rolu yoxdu və ola da bilməz. Şükür ki, vəziyyət bu ölkədə Suriyadakı həddə gəlib çatmayıb. Ermənistanın dövlət büdcəsindən artıq olan hərbi büdcənin hara xərclənməsi isə ayrı bir dərddi və ayrı bir yazının mövzusudu…

“Vayenkomat” dərdi
•
•