Bu korrupsiyalaşmış, rüşvətxor, torpağı satan müxaliflər…

Daxili Işlər Nazirliyinin “müqaviləli işçisinin” sosial şəbəkədəki statusunda müxalif yazarların ünvanına “korrupsiyalaşmış, harınlaşmış, azğınlaşmışlar…” ittihamını oxuyanda təəccüblənmədim. Çünki həmkarlarımın korrupsiyaya qurşandığından, harınlayıb-azğınlaşdıqlarından, doğrusu, xeyli vaxtdır şübhələnməyə başlamışdım.
Hesab edirəm ki, “Akkord” şirkətinin “Avropa standartlarına uyğun” yolun bir kilometrini Gürcüstanda 300 min dollara, Azərbaycanda isə ən azı 6 milyon manata çəkməsinin əsas səbəbkarı köşə yazarlarıdır. Səbəb də odur ki, yol çəkilişi ilə bağlı tender keçirən jurnalistlər utanmadan, qızarmadan, xəcalət çəkmədən, abır-həya gözləmədən, beynəlxalq aləmdə rüsvayçı vəziyyətə düşməyi nəzərə almadan bu qədər şişirdilmiş məbləğlərə göz yumur, özlərinə yaxın olan şirkətin məntiqsiz smetasına razılaşır, külli miqdarda büdcə vəsaitini hesabdan hesaba köçürməklə vəzifələrindən, hakimiyyətin onlara etibar etdiyi səlahiyyətlərdən sui-istifadə edir, büdcəni talayırlar.
Oğuz-Qəbələ-Bakı su kəmərinin 1 milyard dollara başa gəlməsinin, daha doğrusu, başa gəlməməsinin səbəbi də bizik. Başda cənabi-möhtərəmimiz olmaqla, iri çaplı məmurlar dəfələrlə xəbərdar etmişdilər ki, belə olmaz, 1800 km-lik Bakı-Ceyhan neft kəməri 4 milyarda çəkildiyi halda, necə olur ki, ölkə daxilində, “torpaqbasdı” vergisi olmayan, xarici mütəxəssislərin çalışmadığı və deməli, yüksək məvaciblərin verilmədiyi, cəmi 250 km-lik Oğuz-Bakı su kəmərinin 1 milyarda çəkilməsindən korrupsiya qoxusu gəlir, – qulaq asmadıq; cənabımız çarəsizcəsinə məcbur oldu ki, nəinki büdcədən, Neft Fondundan da Oğuz-Bakı kəmərinin çəkilişinə pul ayırsın. Nəticəsi də zibil, biabırçılıq, faciə…
Hansını deyəsən? Doğrudan da bu yazarların cəzası verilməlidir. Çünki ölkənin milyardlarla vəsaitini cinayətkarlıqla yeyəsən, əvəzində də heç bir nəticə ortaya qoymayasan – əsl korrupsiya əlamətidir.
Baş prokuror da ötən ilin fevralında şəxsən elan eləmişdi ki, korrupsiyaya qurşanmanın əlaməti dəbdəbəli həyat tərzi keçirməkdir.
Azərbaycanda “dəbdəbəli həyat tərzini” kim keçirir? Əlbəttə ki, tənqidçi qəzetlərin yazarları: xarici ölkələrdə villalar alan, qanunsuz yolla əldə edilmiş 48 milyard pulu Avropaya daşıyan, ən bahalı maşınların kolleksiyasını toplayan, xalqın nifrinindən qorxub-çəkinmədən Bakının göbəyində saysız-hesabsız malikanələr ucaldan korrupsiyalaşmış harınlar, pulun gözünü tutduğu azğınlaşmış yaramazlar yazarlar deyilmi?
Şantajla, dələduzluqla qazandıqları pulları eyş-işrətə xərcləyənlər, Elşad Abdullayevdən bir milyon qoparıb, Ilham Əliyevin masasının üstünə gedən deputat siyahısını pozduranlar da bizikmiş.
Yeri gəlmişkən, dünən Zəngilan rayonunun işğalı ilə bağlı AzTV-nin efirində gedən veriliş də müxaliflərin iç üzünü tamamilə açıb ortaya qoydu – eynilə bu status kimi. Veriliş Zəngilanın ermənilərə verilməsində (!) günahı olanları bircə-bircə xalqa tanıtdı: Əli Kərimli, Isa Qəmbər və Pənah Hüseyn!
Demə, 1993-cü il iyunun 15-də xalqımızın Qurtulmasından, Heydər Əliyevin hakimiyyətə gəlməsindən və həmin ilin oktyabrında prezident seçilməsindən sonra da Azərbaycanın önəmli sənədlərinə bu şəxslər imza atırlarmış: 33 könüllü batalyonunu ləğv edib ermənilərin yolunu açan da bunlar imiş, “gəl, məni yıx, hakimiyyəti Heydər Əliyevə ver” mesajı ilə Surət Hüseynovun dəstəsini cəbhə bölgəsindən çıxarıb Bakıya gətirən də.
1993-cü il oktyabrın 29-dakı Zəngilan işğalında nəinki artıq dörd ay yarımdır hakimiyyətdə olan Heydər Əliyevin, heç erməni və rus hərbi birləşmələrinin də günahı yox imiş: AzTV sübut elədi ki, torpaqları ermənilərə müxalifət verib.
1994-cü il mayın 12-də Bişkekdə təslimçi sülhün imzalanması və ermənilərin de-fakto işğal etdikləri ərazidə möhkəmlənməsinin səbəbkarı da müxaliflərmiş. Demə, o təslimçi atəşkəsi imzalayan spiker Rəsul Quliyev bunu mexaniki eləyibmiş. Çarə yoxmuş: çünki oturduğu kresloda sələfi Isa Qəmbərin… “ruhu” dolaşırmış, hakimiyyəti sövq-təbii təslimçiliyə sürükləyirmiş.
Təəssüf ki, Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini dünyaya bəyan edən AzTV bu suala cavab vermədi: nə əcəb qalaktikanın ən böyük siyasətçisi, xalqımızın ümummillisi… – prezident olduğu halda, müxalifətin xəyanətinin qarşısını ala bilməyib?