bal-yarmarka1

Prezident bal yarmarkasını dağıtdırdı

bal-yarmarka1Arıçılar əllərində qalan məhsulu satmağa yer tələb edir

Bakıda keçirilən bal yarmarkası dağıdıldı. Səbəbsə Ilham Əliyevin qonaqlarının olmasıdır. Oktyabrın 30-dan etibarən satıcılara “Laləndə” şadlıq sarayından çıxmağı tapşırıblar. Bal yarmarkasına gəlib bir-iki manat çörək pulu qazanmaq istəyənlər indi küçələrə düşüblər…

Bəziləri gedir, bəziləri isə…

Ötən gün metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən sözügedən şadlıq sarayına yollandıq. “Lələndə”nin yaxınlığında balaca bir dükanda bal satan Daşkəsən rayon sakini Musa Cəfərov deyir ki, onu neçə ildir ki, yarmarkaya buraxmırlar: “Əlimdə sənəd var, arıçılıq oxumuşam, 100-dən çox arım var, ancaq məni içəriyə buraxmırlar. Yarmarkada elə adam var ki, onun bütün ailəsi alver edir. Hər yerə şikayət etmişəm, deyirlər ki, Çingiz Fərəcova müraciət et. Çingiz Fərəcovun adamları isə məndən pul tələb edir”.
Şikayətçi yarmarkada iştirak edə bilmədiyi üçün onun yaxınlığında məhsullarını satmağı qərarlaşdırıb.
Yarmarka bağlandığı üçün yolboyu bal satanlara rast gəlmək mümkündür. Onların bir qismi yarmarkanın işçiləri, bir qismi isə içəriyə keçə bilməyənlərdir.
“Laləndə”nin həyətinə keçirik. Ona yaxın polis əməkdaşı gözə dəyir. Onlar satıcılardan tez bir zamanda ərazidən getmələrini tələb edirlər. Bəziləri asayiş keşikçisinə qulaq asır və gedir, bəziləri isə anbarda məhsullarının qaldığını söyləyib dururlar.

“Nazirlik bunu öncədən bilməli idi”

Satıcılarla söhbət zamanı məlum oldu ki, yarmarkada iştirak etmək üçün oktyabrın 8-də Bakıya gəliblər. Onlardan məhsulu alıb anbara yığıblar və iştirak etmək üçün hər biri ən azı 55 manat ödəyib. Oktyabrın 17-dən isə yarmarka işə başlayıb və noyabrın 5-nə qədər davam etməliydi. Ancaq yarmarkanın bitməsinə bir həftə qalmış onlara “Ilham Əliyevin qonaqları olacaq, ona görə də buradan çıxmalısız!” xəbərdarlığını ediblər.
“Biri deyir, Ilham Əliyevin qonağı gələcək, çıxın. O biri gəlib deyir ki, prezidentin yolunun üstüdür, bazar yaratmaq olmaz. Yolun üstüdürsə, onda bizi yeni ünvana köçürsünlər”, – deyə satıcılar narazılıqlarını bildirirlər.
Bal satanlar ölkənin müxtəlif rayonlarından paytaxta gəliblər. Deyirlər ki, ölkə başçısının iqamətgahına gedən yolun üstündə onlara niyə yer veriblər: “Kənd Təsərrüfatı Nazirliyi bunu öncədən bilməliydi. Ötən il yarmarka ”Əhmədli” metrosunun yaxınlığında keçirilirdi. Mərkəzdən kənar olduğu üçün kirayə haqqı da ucuz idi. Yarmarkaya tez gəlmək üçün məcbur olub yaxınlıqda kirayə ev tutduq. Adam var ailəsi ilə qalıb 300 manat ödəyir. Kim tək gəlib, üç-dörd nəfər birlikdə adama 100 manat ödəyir. Buna da etirazımız yoxdur, heç olmasa imkan verəydilər sona qədər yarmarka keçiriləydi”.

Satıcılar bizimlə söhbətdə onu da bildirdilər ki, yarmarka səhər saat 9-dan axşam saat 19:00-a qədər davam edirdi: “Burada elə satıcı var ki, onun 300 kilodan artıq balı qalıb. Indi sata bilmir. Bizi çıxardırlar, nə ödədiyimiz pulu verirlər, nə də başqa bir ünvana yerləşdirirlər ki, orada işimizi görək. Alıcılar hələ indi-indi xəbər tuturlar ki, yarmarka var. Arıçıların əksəriyyəti xərclədiyi pulu çıxara bilməyib. Yol haqqı, kirayə pulu, gündəlik xərclər… bunları kim ödəyəcək. Ildə bir dəfə olur, onu da belə gözümüzdən gətirdilər”.

Nazirliyin işçisi yarmarkada niyə yoxdur?

Yarmarka iştirakçılarına “ehtiyac olarsa, dekabrda bir də yarmarka keçirilə bilər” deyiblər. Ancaq onlar bu tarixlə razılaşmırlar.
“Dekabr qışın ən oğlan çağıdır. O vaxt kim Bakıya gələ biləcək. Bir də yenidən bu qədər xərc çəkməliyik ki, beş-on manat pul qazanaq? 7 gün üçün yeni ünvan versinlər, bu bizə bəs edər”,- deyə satıcılar söyləyirlər.
Yarmarkada 250 nəfərlik yerin olduğunu deyən rəsmilərlə satıcılar razılaşmırlar. Bal satanlar bildirirlər ki, burada 300 nəfər öz məhsulunu satışa çıxarıb: “Birtəhər yerləşmişdik. Normal da alver edirdik, ancaq imkan vermədilər. Hamımızın sənədi var. Rüsum və başqa xərcləri ödmişik”.

Satıcılar məhsullarını yolun kənarında da satmaq istəyəndə polislər icazə vermir. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunu “küçə alveri” kimi qəbul edib, onları ərazidən uzaqlaşdırırlar. Ancaq bəziləri polislərlə dil tapıb, əllərində qalan məhsullarını satırlar.
Satıcılar yarmarka başlayan gündən hər gün nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun ərazidə olduğunu söyləyirlər. Son iki gündə isə artıq o da yoxdur.
Yarmarkada bal satanlar məhsullarının kilosunu 15 manata satırdılar: “Əslində təmiz balı öz kəndlərimizdə 25-30 manata satırıq. Nazirlik belə bir qayda qoyduğu üçün etiraz etmədən buna razılaşdıq”.

Zalda alver edənlər də var…

“Laləndə”nin həyətində bal satışına icazə verilməsə də həyətdə satıcılar var-gəl edirlər. Onlar yarmarkanın bağlandığından xəbərsiz olan alıcılara yaxınlaşıb, avtomobillərinin yük yerində saxladıqları məhsullarına baxmağa dəvət edirlər. Polislərin gözündən yayınıb şadlıq sarayına keçirik. Içəridə bir neçə satıcının alver etdiyini görürük. Bir neçə şəkil çəkirik. Bu zaman satıcılar yaxınlaşıb onlara problem yaratmamaq üçün zaldan çıxmağı xahiş edirlər…
Çingiz Fərəcov modern.az-a açıqlamasında yarmarkanın vaxtından tez bitməsini belə əsaslandırıb: “Belə qərar verildi ki, yarmarkanın keçirilməsi üçün bu müddət bəs edər. Odur ki, bal yarmarkası başa çatdı. Hökumət belə məsləhət gördü ki, bal yarmarkasının keçirilməsi üçün 14 günlük müddət bəs edər. Artıq 14 gün idi ki, yarmarka keçirilirdi. Ona görə də yarmarka vaxtından əvvəl başa çatdı”.

***

Yarmarkanı, daha doğrusu “Laləndə”ni tərk edib redaksiyaya dönürük. Yolun kənarında dayanan satıcılar əllərində kiloluq bal bankalarını tutub yoldan ötənlərə satmağa cəh edirlər. Kimisi 10-a, kimisi 15-ə, kimisi də 20 manata satmaq istəyir…

Ramin DEKO