Evelina Taunyte: “Azərbaycanda da region gənclərinin mədəniyyət fəaliyyətlərinin idarə olunması istiqamətində bilik və bacarıqlarının artırılmasına ehtiyac var”
“Yuva” Humanitar Mərkəzi “CAUCULT – Qafqaz Mədəni Təşəbbüslər Şəbəkəsi” layihəsi çərçivəsində “Mədəniyyət fəaliyyətinin idarə olunması” mövzusunda mədəniyyət üzrə icma liderləri üçün təlim kursu keçirib.
Kürsun məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan, milli və mədəni qrupları təmsil edən icma liderlərinin mədəniyyət fəaliyyətinin idarəetmə bacarıqlarının artırılması, mədəni müxtəlifliyin regional və milli səviyyədə təşviqində onların iştirakının təmin edilməsidir.
Bu layihə Azərbaycanın bölgələrində yaşayan icma liderləri üçün mədəni və qeyri-formal təhsil proqramıdır.
Layihə çərçivəsində həyata keçirilən tədbirlər gənc liderlərdə vətəndaş cavabdehliyi hissi və icmaya xidmət həvəsini artıracaq. Onlar öz icmalarında olan digər gənclərlə birlikdə çalışaraq gələcəkdə icma əsaslı layihələr həyata keçirəcəklər.
Yerli və beynəlxalq təlimçilər tərəfindən aparılacaq təlimdə Bakı, Lənkəran, Masallı, Qax, Zaqatala, Qəbələ, İsmayıllı, Quba, Qusar rayon və onun kəndlərindən olan icma fəlları iştirak edir.
Tədbirin təlimçisi Emin Əmrullayev bildirib ki, icma liderləri üçün mədəniyyət sahəsində təlimin təşkili onların mədəniyyətin idarə olunması sahəsində bilik və bacarıqlarını artırır ki, bu da tək iştirakçılar üçün deyil, həm də onların təmsil etdikləri icmalar üçün geniş mübadilə imkanları yaradır.
Litvadan gələn beynəlxalq təlimçi Evelina Taunyte də qeyd edib ki, gənclərin öz yaşadıqları icmanın həyatında iştirakı çox önəmli faktordur. Xüsusilə, kənd yerlərində bu proses həddindən artıq zəif nəzərə çarpır. Ona görə də bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da region gənclərinin mədəniyyət fəaliyyətlərinin idarə olunması istiqamətində bilik və bacarıqlarının artırılmasına ehtiyac var.
“Formal təhsil sistemində dar çərçivədə təhsil almış gənclərin rayon və kəndlərində yerli icmaların mədəni, sosial problemlərini həll etmək imkanı yoxdur. Bu layihə çərçivəsində nəzərdə tutulan qeyri-formal təhsil proqramları gənclərə formal təhsildənkənar öyrənmə bacarıqlarına yiyələnməyə şərait yaradır, onların özlərinə olan inamı artırır və icma mədəniyyətinin inkişafina yardım etməsinə kömək edir”, – deyə layihənin rəhbəri Pərvanə Məmmədova bildirib.
Onu da əlavə edək ki, təlim Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun və Avropa Birliyinin Şərq Tərəfdaşlığı üzrə Mədəniyyət Proqramının dəstəyilə həyata keçirilir.
Aytən