Gülər Əhmədovanın oğlu ifadə verdi

Əvəz Zeynallı ona məhkəmədə yalan ifadə verməməyi tövsiyə etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edib. Ramella Allahverdiyevanın sədrliyi ilə keçən proses sabiq deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun ifadəsiylə başlayıb.
Toğrul Əhmədov 2011-ci ilin iyul-avqust aylarında ölkəyə qayıtdığını, anasının yanında işlədiyini və onun bu məsələlərdə böyük narahatlıq keçirdiyini dedi: “Şəxsən özüm Əvəz Zeynallının anamdan qəzetin bir illik xərcinin ödənilməsini xahiş etdiyi audio yazını telefonun diktafonundan kompüterə köçürmüşəm və dəfələrlə ona qulaq asmışam”.
Hakimin şahidə istiqamətləndirici suallar verməsi baş redaktorun etirazına səbəb olub: “Hakim dövlət ittihamçısını əvəz edir? Bu nə deməkdir?”.
Daha sonra istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyən T.Əhmədova müdafiə tərəfinin sualları verilib.

Ə.Zeynallı:
– Məni o vəziyyətə gətirmisiniz ki, ittiham tərəfinin təqdim etməli olduğu materialları özüm məhkəmənin diqqətinə çatdırıram. Gülər Əhmədova 1 ilə yaxındır hər yerdə, o cümlədən bu məhkəmə heyətinin qarşısında da iddia etməyə çalışıb ki, guya “Xural” qəzetində onun haqqında şəxsiyyətinə və nüfuzuna qarşı rüsvayedici materialar dərc olunub və ya olunacaqmış. Ailəsində bu yazılara görə qan tökülməsinin qarşısını almaq üçün həbsimə qərar verib və haqqımda Ramiz Mehdiyevin rəhbərlik etdiyi bir quruma şikayət edib. Gülər Əhmədova deyib ki, “Mən oğul böyütməmişəm ki, o yazılara görə gedib Əvəz Zeynallını öldürsün, sonra da həbsə düşsün”. Yəqin sən də bilərsən. Nə olmuşdu?

Toğrul Əhmədov:
– Siz bilərsiniz ki, Gülər Əhmədova haqqında nə yazacaqdınız.

– Mən bildiklərimi yaxşı bilirəm. Sən heç bunu bilə də bilməzsən, çünki səni ilk dəfədir görürəm. Sizdən, şahid olduğunuz vəziyyətin mahiyyətini başa düşməyə çalışıram. Anan nədən narahat idi? Sizi məni öldürmək vəziyyətinə gətirəcək hansı yazıların dərc olunmasından rahatsızlıq keçirirdi? Mən bu məqamı öyrənmək istəyirəm.

– Yəqin sizinlə danışandan sonra hansısa alçaldıcı materiallar dərc edəcəyinizdən narahat olub.

– Yaxşı, mən bir daha sizdən öyrənmək istəyirəm, o hansı yazılar idi ki, səni o həddə çatdıra bilərdi ki, gəlib məni öldürəsən?

– Bu hadisə 2011-ci ildə olub. Həmin yazılar mənim yadımda qalmayıb. Özü də mən o vaxt anamdan heç nə soruşmaq istəmirdim, çünki vəziyyəti dərhal korlanırdı.

– Demək, bu hadisələrlə bağlı, ümumiyyətlə, sizin heç bir xəbəriniz olmayıb.

– Mən o yazıları cümlə-cümlə oxumamışam, ona görə də yadımda qalmayıb.

– Dedin ki, anandan rüşvət tələb etməyimlə bağlı audioyazını şəxsən dinləmisən, özü də dəfələrlə. O zaman səndən soruşmaq istəyirəm, həmin audio yazıda mənim şəxsən anandan rüşvət istəməyimi özün eşitmisənmi?

– Bəli, eşitmişəm. Orada söhbət qəzetin bir illik xərcindən gedirdi və hesab göstərilirdi ki, xərc 26 min manat edir. Anam da deyir ki, mən o qədər verə bilmərəm.

– Toğrul Əhmədov, sən bilirsənmi ki, məhkəmə qarşısında yalan ifadə verdiyin üçün cinayət məsuliyyəti daşıyırsan?

– Bəli, bilirəm.

– O zaman sən bir daha təsdiq edirsənmi ki, mən sənin anandan rüşvət tələb etmişəm?

– Bəli.

– Məhkəmədə həmin audioyazı dinləniləcək və mənim həbsimə səbəb olan həmin “audioyazı”nın ekspert rəyi də açıqlanacaq. Indi dediklərin də orada təsdiq olunmayacaq. Ona görə burada bir daha sənə imkan yaradıram ki, məhkəməyə yalan ifadə verməyəsən. Sən özün mənim anandan rüşvət tələb etməyimi eşitmisən?

– Bəli.

Əvəz Zeynallı “audioyazı” dinlənilərkən T.Əhmədovanın da prosesdə iştirakının təmin olunmasını məhkəmə heyətindən xahiş edib. Hakim R.Allahverdiyeva G.Əhmədovanın ifadəsinin tamamlanması üçün müdafiə tərəfinin suallarına cavab verməli olması ilə bağlı qanunun tələblərinə riayət olunacağını dedi. Məhkəmənin növbəti iclası noyabrın 7-i saat 14.00-a təyin olunub.

Ramin DEKO