Qarabağ qazisinin qızına qarşı rəzillik YENİLƏNİB

Qarabağ qazisi, AXCP Rəyasət Heyətinin üzvü, siyasi məhbus Asif Yusiflinin qızı Esmira Məlikov adına 6 saylı xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətindən çıxarılıb. Lakin müalicəsinin davamı üçün Medera özəl klinikasına aparılıb. Çünki müraciət olunan dövlət xəstəxanaları qızı müalicəyə qəbul etməyib.

Ailəsi hələ ötən gün, Esmira komaya düşərkən, onu bir neçə dövlət xəstəxanasına aparıb, amma həmin xəstəxanalar xəstəni müxtəlif bəhanələrlə qəbul etməyiblər. Noyabrın 7-də isə əvvəlcədən əldə olunan razılıq əsasında Esmira xanım 6 saylı xəstəxanadan hərbi hospitala aparılmalıymış. Lakin təcili yarım yardım maşını onu hərbi hospitala aparsa da, hospital qəbul etməyib. Xəstə təcili yardım maşınında qalıb və vəziyyəti yenidən pisləşib. Sonda çarəsizlikdən ailəsi onu Medera özəl xəstəxanasına yerləşdirib.

Məsələnin problemli tərəfi budur ki, özəl xəstəxana ailənin vəziyyətini nəzərə almadan depozit olaraq öncədən 2000 manat, müalicənin hər günü üçün isə 350 manat pul şərti qoyub, üstəlik dərmanların alınması və başqa xərclər də ailənin üzərində qalır. Ailə hələlik 500 manat depozit ödəməklə xəstənin qəbuluna nail olub.

Bir Qarabağ qazisinin övladı ilə bağlı belə vəziyyətin yaranması cəmiyyətdə məyuluq və hiddət doğurub. Sosial şəbəkədə bununla bağlı çoxlu sayda qeydlər paylaşılıb, müalicə xərcinin toplanması üçün təşəbbüslər irəli sürülüb.

Yaranmış vəziyyətə AXCP sədri Əli Kərimli də münasibət bildirib. O, Qarabağ qazisinin övladına qarşı bu cür ötür-ötür davranışını pisləyib, bunu həm də Asif Yusiflidən qisas almağın davamı kimi qiymətləndirib.

“Bu dövlət həm də Asif Yusiflinin dövləti deyilmi? Asif bəy bədənin bir parçasını Qarabağ savaşında ona görəmi qurban vermişdi ki, indi onun övladına dövlət xəstəxanaları sahib çıxmasın?

Xatırladıram, rejim Asif Yusifliyə qarşı ona görə qəzəblidir ki, 2013-cü ilin son günlərində Qarabağ qazisi, 5 uşaq atası Zaur Həsənov rejimdən gördüyü haqsızlıqlara dözməyərək özünü yandırmışdı. Asif bəy də bu haqsızlığa dözməyib, şəhərin mərkəzinə mitinq təyin etmişdi. Rejim bunu ona bağışlamadı. Asif bəyi şərləyərək həbs ediblər. 5 illik həbs müddəti bu ayın sonlarında başa çatır.

Asif bəyin qızının son iki gündə başına gələnlər isə çox dəhşətlidir. Əgər 3 dövlət xəstəxanası imtina etdikdən sonra Esmiranın soyğunçu şərtlərlə özəl xəstəxanaya yerləşdirilməyə məcbur edilməsi Asif bəydən qisas almaq üçün edilirsə, dövlət adına çox ayıb. Yox, əgər bu tipli hadisələr başqalarının da başına gətirilirsə, Azərbaycan səhiyyə sisteminin adi iş qaydası belədirsə, yenə də çox ayıb. Hər iki halda biz vətəndaşların dövləti yoxdur demək. Dövlətimizə sahib çıxmağa ləngiməyək!”, – deyə Ə.Kərimli feysbuk səhifəsində yazıb.

***

Qarabağ qazisi, siyasi məhbus Asif Yusiflinin qızı Esmiranın həyatı təhlükədədir. 21 yaşlı Esmira şəkərdən koma vəziyyətinə düşüb. Poliklinika göndəriş verib ki, 22 nömrəli birləşmiş şəhər xəstəxanasina aparılsın. Lakin həmin xəstəxana onu qəbul etməyib. Bundan sonra xəstəni təcili yardımla 5 saylı xəstəxanaya aparıblar, orda da müxtəlif bəhanələrlə qəbul etməyiblər. Daha sonra onu əvvəllər müalicə olunduğu Tibb Universitetinin Terapiya Klinikasına aparıblar. Orada ondan giriş haqqı kimi 2000 manat istəyiblər. Məcbur olub, Rəsulzadə qəsəbəsindəki 6 saylı Məlikov adına xəstəxanaya aparıblar, hələ ki, koma vəziyyətindən çıxara bilməyiblər. Xəstəxanadan bildiriblər ki, ora Esmiranın koma vəziyyətindən çıxarılması üçün uyğun xəstəxana deyil.

Esmira şəkər xəstəliyinə atası həbs olunanda evlərinə polislərin basqını zamanı qorxduğu üçün tutulub.

Yaranmış vəziyyətlə bağlı AXCP sədri Əli Kərimli Səhiyyə Nazirliyinə səslənərək, təcili tədbir görülməsini tələb edib. “Heç kimin Qarabağ qazisinin gənc qızının həyatı ilə oynamağa haqqı yoxdur”, – deyə o, hadisə barədə feysbuk yazısında bildirib.