Bölünmüş Azərbaycan işğalçı rejim buxovunda

Azərbaycanın ilkin bölünməsinin – Gülüstan bağlaşmasının ildönümüdür. Gülüstan bağlaşması 1813-cü il oktyabrın 24-də (yeni stillə noyabrın 5-də) bağlanıb. Bağlaşma 1804-1013-cü illər Rusiya-Iran (Qacarlar dövləti) savaşına son qoyub. Oktyabrın 12-də barışıq aktı qollanıb, sonra barışıq bağlaşması bağlanıb.
Gülüstan bağlaşmasına uyğun olaraq, Iran dövləti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlıqlarından əl çəkir, onların Rusiyaya birləşdirilməısinə qol qoyurdu.
ABŞ konqresmeni Azərbaycanın birləşdirilməsi ilə bağlı sorunu gündəmə gətirdi. Azərbaycanda müxalifətyönlü politoloqlar buna reaksiya bildirdilər. Antimilli Məclis də ilk payız toplantısında bu qonudan yan ötmədi. Ancaq necə? Orada yadda qalan iki çıxış oldu. Hər ikisi antimilli, antidemokratik rejim ideallarına uyğun çıxış. Bu rejimə bağlı kimsələrin idealı, bildiyiniz kimi, puldur, pula tapınmadır. Bunlar ölkəni – milli maraqları satmaqla hakimiyət quran, hakimiyətdə qalan kimsələrdir. Gəlin sözü gedən iki çıxışa baxaq.
MM başçısının ünlü yardımçısı, BDU hüquq fakültəsində kafedra başqanı Ziyafət Əsgərov Azərbaycanın bütövləşməyi yönündə tərpənişə qarşı çıxaraq söyləyir: “Iran ərazi bütövlüyümüzü tanıyır. Və bundan başqa, Azərbaycanın Irana qarşı ərazi iddiası yoxdur”. Iran ərazi bütövlüyümüzü tanıyır – bunu iranlı yetkililər indiyədək min yol bizim başımıza qaxıblar. Allah kəssin belə tanımanı; bizim torpaq bütünlüyümüzü “tanıyırlar”, sonra da bu torpaq bütünlüyünün gerçəkləşməməyi üçün illərlə ermənilərə hər cür yardımlarda bulunur, nə yolla olur olsun erməniləri gücləndirib Azərbaycanı indiki işğal durumunda saxlamağa çalışırlar.
Iranlı yetkililər indiyədək dönə-dönə Quzey Azərbaycanı Iranın bir parçası adlandırıblar. Ancaq onlar “ermənilərlə qanı bir olduqlarından” (Iran prezidenti Əhmədinejatın sözüdür) “Ermənistanı” Iran torpağı saymırlar. Z.Əsgərov erməniləri də çox sevindirəcək çıxışda bulunur: “O cümlədən Ermənistan Azərbaycanın öz dədə-baba torpaqlarında yaşasalar da (belə deyir. X.B.), Azərbaycanın Ermənistanın bugünkü ərazisi ilə bağlı heş bir iddiası yoxdur”. Görürsünüz, bir sıra dünya gücləri bunları bu sayaq milli mənlik yiyəsi olduqları üçün hakimiyətə gətiriblər, illərlə hakimiyətdə saxayırlar. Nə Qarabağ, nə Batı Azərbaycan, nə Borçalı, nə Dərbənd, nə Güney Azərbaycan… – bunlara 80 kv. metrlik Azərbaycan da bəs eləyir. Bu 80 kv. metrlik Azərbaycan bunlara 19 ilin içində milyardlar qazandırıbsa, başlarını bütövlük ideyası ilə niyə ağrıtsınlar?! Z.Əsgərov “birləşmə kampaniyasının nə məqsəd daşıdığını başa düşürük”, deyir. Bunlar başa düşür, biz başa düşmürük, desəydilər, biz də başa düşərdik.
YAP-ın dahi hüquqçusu Siyavuş Novruzov birləşmə gəlişmələrini “provakasiya” adlandırmaqla belə bir “arqumentə” yüklənir: “Cənubi Azərbaycanda baş verən hadisələrdən sonra orada Azərbaycan dilində bir məktəbin olmamasına heç vaxt reaksiya verməyən Amerika birdən-birə bu məsələni ortaya çıxardı. Təbii ki, bu da Iranla Azərbaycanın münasibətlərinin pozulmasına yönəlmiş məsələdir”. Yada Sirusun YAP tanıtımı düşür: SIMASIZ QULDURLAR PARTIYASI! Özləri Iranla qardaş ikən Güney Azərbaycanda ana dilində bircə məktəbin belə, açılmasını HEÇ VAXT dilə gətirməzkən Irana düşmən ABŞ-dan bu sayaq istəkdə bulunurlar. Iranda Azərbaycan türklüyünün milli kimliyi tapdanıb danılırkən bunlar ABŞ-ı Iranla bizim aramızı vurmaqda suçlayırlar.
Birləşmə söyləmələrinə reaksiya verən bir sıra müxalifətyönlülərin də bir ayrı çatışmazlığı var: onlar Azərbaycanın farslarla ruslar arasında bölündüyünü bildirirlər. Bu bizdə geniş yayılmış, ədəbiyata da keçmiş yanlış baxışdır. 1796-1925-ci illər arasında türksoylu Qacarlar Irana başçılıq ediblər…