İlahi, bunları görmürsənmi?..

Üç gün qabaq gənc dükan sahibi əlini mənə salam üçün uzadıb salam əvəzinə başılovlu dedi: – Yandıq, məhv olduq, üç-dörd manat çörəkpulu qazanırdıq, o da batdı!!!
“Nə olub axı?” – soruşdum. Qardaş o qədər dərin hüzn və kədər içindəydi, deyərdin, gerçəkdən elə bu dəqiqə alışıb yanır, hətta alovu, tüstüsü də görünür. Yeri gəlmişkən, əli də od kimiydi, özü də alov dilimləri kimi əsirdi. Yadıma Dostoyevskinin bir nəşriyyatla müqavilə şərtini gəlib dostuna danışması düşdü. Yazar iki ay içində müqavilə imzalayıb avansını belə aldığı, ama cəmi iki ay qalmasına baxmayaraq, romanını nəinki təhvil vermiş, heç bir cümlə belə yazmamışdı. Müqavilənin şərtinə görə, iki ay içində o, romanını nəşriyyata hazır şəkildə verməsəydi doqquz il sürəsincə nə yazır-yazsın, müəlliflik hüququ, istədikləri formada redaktə və qonorar nəşriyyatın ixtiyarına keçəcəkdi. Bu isə ölüm demək idi…
Dostoyevski özü deyirdi ki, aclar üçün çörək daşıyan bir arabaçı bir yazıçıdan daha dəyərlidi. Ona görə də mən o qardaşın yanğısını tam anlayışla qarşıladım – o, evinə çörək aparmalıdı. Icra hakimi isə deyib ki (hansı rayondan söhbət getdiyinin önəmi yoxdu, çünki bütün ölkə bu gündədi), bax bu dükandan başlayaraq ta bazaracan (mərkəzi) yolun hər iki üzündən hasar çəkilməlidi. Bu gənc ticarət adamını da məhv eləyən budu ki, bəs hasardan sonra alver necə gedəcək. Axı gözlərini bu yoldan keçənlərə dikib bu dükan yiyələri…
Iş ondadı ki, bu yol boyunca çəkiləcək hasarın arxasında qalası dükanların ortalama iki yüzəcən işçisi var və bu gedişlə onlar ac qalmalıdırlar. Niyə? Çünki haçansa prezident bu yoldan keçə bilər. Onun keçdiyi bütün yollarda olduğu kimi burada da gözü ancaq yaraşıq görməlidi. Bəlkə də çox şey, bircə insanlardan başqa…
Bu iki yüz adamın etiraz eləmək imkanı da yoxmuş. Çünki kiminin qardaşı, kiminin əmisi, dayısı, xalası, bibisi, cicisi və sairəsi dövlət qulluğunda çalışır, onları dərhal itin … soxarlar, başına da itin oyununu açarlar. Etiraz olmaz, çünki heç kim Azərbaycanda yaşadığından xəbərsiz deyil… Adamın başına elə oyun açarlar ki, adı yadından çıxar.
Bu gün oxuyuram ki, Qobustan qəsəbəsinin ərazisindən keçərkən ölkə başçısı yol kənarında tikilən hasarlarla bağlı göstəriş verib ki, yol kənarındakı mağaza və marketlərin önünü kəsən daş hasarlar sökülsün. Guya ki, adamlar dövlət başçısına şikayət ərizəsi yazıbmışlar. Necə deyərlər, xub. Yaxşı, özümüzü zorla olsa da inandıraq ki, o, ərizələri oxuyub. Təbii ki, adam yazılanları gözünün yardımıyla oxuyur. Bəs adam ölkəni bu başından o başına dolanarkən böyür-başına, yol qıraqlarına baxmırmı? Axı neçə illərdi ki, bu ölkənin hər yeri hasarlanır, çəpərlənir. Dənizinin qarşısı kəsilir, evlərin önü bağlanır, yolların qıraqlarından elə divarlar hörülür ki, başının üzərindəki avtomobil tavanını da bu hörgüyə əlavə eləsən, elə biləcəksən ki, uzun, upuzun qaranlıq tunellə hansısa sonsuzluğa doğru irəliləyirsən. Hətta göyün də üzünə hasar çəkilib. Heç şişirdib-eləmirəm. Bakıda tikilən bu zövqsüz, keyfiyyətsiz göydələnlər günəşimizin üzünü örtmürmü? Örtür. Şəxsən mənim evim hər iki yandan göylə bağını itirib.
Məgər dövlət başçısı bu ərizəyə qədər gözü yumulu gəzibmi ölkəni? Görməyibmi? Axı bu cəfəng hasarlamalara, binaların üzünü ağartmalara bu xalqın milyonları sovrulur? Bunların hesabını soran biri olacaqmı? Evinin içində yeməyə çörək tapmayan, kasıblıq üzündən divarları uçuq-sökük, hamam-tualeti xaraba gündə olan adamın binasının divarına vurulan bahalı ağ daşlardan, gecə lampalarından nə kar?
Heç nə anlamıram. Anlamıram ki, niyə bu ölkədə hamı gözüyumulu yaşayır və utanmadan üzünü Allaha tutub soruşur: “Ilahi, bunları görmürsənmi?”.