Cəmiyyətlə birgə…

Hər bir nəsil özünü əvəzedilməz, təkrarsız sayır. Hər bir nəslin üzündə bir sualın surəti əks olunub: bizdən sonra nə olacaq? Amma heç nə olmur və bir nəsli başqa bir nəsil, onu da digəri əvəz edir? Təbii, mən razıyam ki, heç də hər nəslə zamana öz möhürünü vurmaq nəsib olmur. Tutaq ki, bizim ədəbiyyatı götürək. Düzdür, ədəbi nəsillər çox nadir hallarda tək bir nəslin xronoloji sərhədlərinə sığır, amma belə də olur. Bu, tək bizdə belə deyil. Ruslar da ədəbi dövrləri qızıl, gümüş dövrlərinə, altımışıncı illər ədəbiyyatına bölür.
Amma sözüm bunda deyil. Mən həmişə düşünürdüm ki, görən 80-ci-90-cı illərin nəsli kənarlaşandan sonra bu ölkədə demokratiya haqqında danışan, hakimiyyətə tənqidi baxan insanlar tapılacaqmı? Amma indi görürəm ki, buna görə narahat olmağa dəyməz. K.Marks yazırdı ki, kapitalizm özünün məzarını qazanları özü yetişdirir. Azərbaycandakı rejim və yaxud sistem də belədir, özü mübariz insanları yetişdirir. Indi sonuncu mitinq zamanı həbs edilən gənclər bir-bir azadlığa çıxır. Mən onların müsahibələrini oxumağa cəhd edirəm. Çox nikbindirlər, qorxub eləmirlər. Hətta məhbəs haqda elə danışır, elə yazırlar ki, adam bu yaşında tutulmaqdan qorxduğuna görə utanır. Mən bu çıxışlarda böyük nikbinlik görürəm. Amma bizim də özəl səhvlərimiz olub. Çox istərdim ki, gənclik o səhvləri təkrar etməsin. Mən nəyi nəzərdə tuturam? Siyasi mübarizənin elə çağı və dönəmi olur ki, insan özünü bütün cəmiyyətə qarşı qoyur, cəmiyyətlə ixtilafda olur. Bu da son nəticədə təcrid olunmağa və marginallaşmağa gətirib çıxarır. Cəmiyyətlə ixtilafa girmək olmaz, hətta o cəmiyyət 99 faiz qorxaqlardan və etinasızlardan təşkil olunsa da. Bu, birinci tövsiyədir. Ikincisi isə budur ki, siyasi mübarizə ilə birgə başqa işləri də (məsələn, yaradıcılığı, elmi işi…) unutmaq olmaz. Mən, məsələn, bu vaxta qədər etdiklərim üçün peşman deyiləm, amma etmədiklərimin peşmançılığını çəkirəm, çünki başqa işlər də görə bilərdim. Düşünürəm ki, gənclik bunu biz deməsək də, gözəl başa düşür. Həm də bu gün təkcə dəyənəyə qarşı gedənlərdən də çox fikir adamlarına ehtiyac var. Ölkədə bir fikir kasadlığı var. Düzdür, hamı yazır, amma hamının yazması hələ hamının oxuması demək deyil. Özü də problem təkcə fikir istehsal etməkdə deyil, həm də onu çatdırmaqdadır…
Internetin belə fövqəlgücə sahib olduğu bir vaxtda bu mülahizə bir qədər mübahisəli görünür. Mən internetdən siyasi işlər üçün istifadə etməyi və virtual məkana biganə olmamağı tövsiyə edən ilk adamlardan olmuşam. Amma bu gün görürəm ki, insanlar internetdə ciddi şeylər oxumur. Hətta adi fikir mübadiləsini, şəbəkələrdə yazışmanı jurnalistika kimi qələmə vermək cəhdi də var. Zira jurnalistika tək fikir deyil, müəyyən formaya salınmış fikirdi və güman edirəm ki, bununla çoxu razılaşar. Razılaşmayanlar isə özü bilər, onlara nəyisə təlqin etmək niyyətində deyilik. Bəlkə də formanı dəyişmək lazımdır? Ola bilər. Hər halda, yüz-iki yüz il bundan əvvəl epistolyar janr üstündə romanlar yazılırdı. “Gənc Verterin iztirabları”nı və yaxud da ki, C.C.Russonuun romanlarını xatırlayırsınızmı? Adama elə gəlir ki, bu cür əsərlər yazan insanlar tamam tənha olublar. Amma belə deyil. Onların olduqca etibarlı dostları olub. Bu insanları həyatın keşməkeşli sınaqlarından çıxaran da həmin etibarlı dostlar olub. Ona görə də tənhalığa çox da meyl etməyin, hətta sizin baxışlarınız cəmiyyətlə tam ziddiyyətdə olsa belə, çünki yenə də sizi cəmiyyət başa düşə bilər, ulduzlar və yaxud da ki, meşədə ağaclar sizi başa düşmək iqtidarında deyil. Düzdür, Russo təbiətə, bir az da təhalığa səsləyirdi, amma o heç vaxt səmimi olmayıb. Təsadüfən demirdilər ki, Avropanın bütün pansionatları Russonun uşaqları ilə doludur. Elə ideal pessimist A.Şopenhauer də tənhalığa, hətta intihara çağırırdı. Amma özü çox yaşadı və intihar da etmədi…
Kiçik sözardı
Yazı bir qədər nəsihət tonunda alındı. Mən bunu istəmirdim, çünki özümü nəsihət vermək səlahiyyətində olan bir adam saymıram. Bu səlahiyyət təkcə zamanla, saçlarımızın rənginin dəyişməsi və yaxud da saqqalımızın uzanması ilə gəlmir. Bunu da qazanmaq lazımdır. Qazanmaq üçün isə möhürünü bir zaman kəsiminə elə vurmalısan ki, sədası həmin kəsimin sərhədlərini aşa bilsin…