Köhnə sistemin yeni kadrları nəyi dəyişə bilər?

“Boz kardinal”ın təmtəraqlı yolasalma mərasimindən sonra, nəhayət, diktator Prezident Administrasiyasına yeni rəhbər təyin etdi. Hamının böyük maraqla gözlədiyi bu şəxs Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Rafiq oğlu Nuriyevdir. Mehriban Əliyevanın və Fərhad Əliyevin kadrı olduğu söylənən Samir Nuriyev 1975-ci il martın 9-da Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsi əldə edib. O, müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb. 2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə, 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin olunub. 2016-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktorudur. 2018-ci il tarixli sərəncamla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin olunub.
Hakimiyyətin islahatlar şousuna don geyindirmək üçün atdığı addımlar bir daha sübut edir ki, yeni təyinatlar üçün kadr qıtlığı yaşanır. Dosyesindən görünür ki, ölkə ictimaiyyəti üçün çox da populyar olmayan Nuriyev indiyə kimi, ümumiyyətlə, aktiv siyasi fəaliyyətlə məşğul olmayıb. Nuriyevin təyin olunduğu vəzifə məhz dərin siyasi biliklər, siyasi prosesləri analiz etmə və mühakimə yürütmə qabiliyyəti tələb edən işdir axı. Hazırkı təyinat üçün bu kriteriyalara cavab verən başqa bir kadr tapmaq olmazdımı? Tapsaydılar, təyin edərdilər hər halda. Ya da tapıla biləcək kadrlar onların maraqlarına cavab verən adamlar olmayıb. Hakimiyyətin içində gedən didişmələrdə hər kəsin tərəfini bəlli edən vaxtıdır. Şübhəsiz, xanım Əliyeva da mühüm postlara öz adamlarını yerləşdirmək üçün əlindən gələni etməyə çalışır. Təzə administrasiya rəhbəri hansı yüksək xüsusiyyətlərinə görə seçilib? Burada yerliçilik və Əliyevaya yaxınlıq amili mühüm rol oynamış ola bilər. Dediyimiz kimi, adamın siyasi karyerası haqqında ortada heç nə yox, öz sahəsinin peşəkarı olub-olmadığı da dəqiq bilinmir. Əsas məsələ hakimiyyətin onu yeni kadr kimi təqdim etməsidir. Bu yeni kadrın “boz kardinal”dan sonra köhnə dəftərləri yandırıb, təyin olunduğu vəzifədə yeni bir səhifə açacağına inanırsınızmı? Aparatda kök salmış primitiv düşüncəli adamları asanlıqla yola sala biləcəkmi? İnanılacaq şey deyil. Çünki bu hakimiyyətin problemi kadr problemi deyil, sistem problemidir. Yeni kadr köhnə sistemlə hara qədər gedə biləcək, yaşayarıq, görərik.
Hikmət