Xaçmazın icra başçısı şəhid anasını alçaldan deputatın güdazına gedib

Bu gün ölkə başçısının sərəncamı ilə Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev işdən azad edilib. Təbii, 81 yaşlı başçının illərdir tutduğu vəzifədən prezidentin “islahat” siyasətinə dəstək olaraq işdən getdiyinə inanmırıq. Ümumiyyətlə, bu hakimiyyətdə kiminsə öz xoşuyla vəzifədən getməsi hekayədir. Parlamentdəki 70-80 yaşlıların ard-arda açıqlamalar verib, növbəti seçkilərə hazırlaşdıqlarını bəyan etmələri də bunu sübut edir. Şəmsəddin Xanbabayevin yola salınmasını tezləşməsində onun yaxın adamı, deputat Eldəniz Səlimovun da böyük əməyi olub. Onun şəhid ailəsinə etdiyi yardımı alçaldıcı şəkildə videoya çəkib yayması sosial şəbəkələrdə böyük-hay küyə səbəb olmuşdu. Minlərlə insan şəhid ailəsinin problemlərindən özünə “reklam filmi” düzəldən deputatın cəzalandırılmasını tələb etmişdi. Görünür, seçkilərə bir il vaxt qaldığına görə, onun acığını Xanbabayevdən almağa qərar veriblər. Çünki Eldəniz Səlimovun onun ən yaxın adamı olduğu və biznes obyektlərini idarə etdiyi kimsəyə sirr deyil.

Keçən dəfə yazdığımız kimi, Eldəniz Səlimovun deputatlığı ilə bağlı xatırlanan tək şey MM-ə seçildikdən sonra xidməti maşınını özündə saxlayıb medianın gündəminə düşməsi olub. “Xaçmaz şəhər İcra Nümayəndəliyinin rəhbərliyindən deputatlığa transfer olan Səlimovun bu gün idarə etdiyi avtomobil də elə köhnə iş yerindədir. Görünən odur ki, deputat dövlətə məxsus olan avtomobildən şəxsi məqsədlər üçün istifadə edir.” Belə çıxır k, kimsəyə faydası dəyməyən deputatın işi elə icra başçısı ilə baş-başa verib, ortaq yemək imiş. “Çox yemək də insanı az yeməkdən qoyar” deyiblər. Şəhid ailəsinə sayğısızlıq göstərən deputat qaş düzəldən yerdə, öz gözünü çıxarıb. Onun böyüyü Xanbabayev istefaya getdi, özünün də vaxtına az qalır. Onsuz da, seçicilər ondan xilas olmağı çoxdan arzulayırlar.