O məclisdəki deputatlar Tolik və Samiraldodan çoxmu fərqlidir?

Bir həftədir ölkənin gündəmi köhnə qvardiyanın qoca deputatlarıdır. Adamları növbəti seçkidə kənarda qalmaq qorxusu basıb, dayanmadan “getməyəcəyik” mesajı verib dururlar. Onların sosial şəbəkələrə məsxərə olmuş “aforizmləri”ndən xəbəriniz var. Nə deyək, parlamenti ki, bu səviyyəyə gətirib çıxardınız, daha sizə sözümüz yox. Məclis deyil, əsl komediya teatrıdır. Adamların deputat olmaq bacarıqları evdarlıqdan, üzgüçülükdən, qaçışdan o tərəfə keçməyib deyəsən. Sonra da stilist Samiraldonun, şoumen Tolikin deputat olmaq istəklərinə gülürsünüz. İstədiyiniz qədər gülün, amma guya özünüz onlardan daha yararlı adamlarsınız parlamentdə? Guya belə böyük işlər görmüsünüz bu 25 illik fəaliyyətinizdə? Nə fayda vermisiniz bu xalqa, bircə normal işinizi misal göstərə bilərsiniz? Daha başqalarının deputat olmaq istəyinə niyə rişxənd edirsiniz ki? Onlar da sizin kimi bu istəyin xalqdan gəldiyini deyir axı. Stilist Samiraldonun dedikləri yadınızda olar: “Bu dedi-qodu xəbərim olmadan yayılıb. Hər zaman millətin yanında olduğum üçün yəqin məni elə görürlər. Amma ağlımda belə bir şey gəlməyib. Əgər xalq məni belə görmək istəyirsə, millətin vəkili olmaqdan imtina etmərəm. Bu normal bir şeydir. Mən də Azərbaycan vətəndaşıyam. Millət vəkili olsam, xalqın yanında və tərəfində olacağam”.
Görürsünüz, bəyənmədiyiniz bu stilist belə sizdən daha məntiqlidir. Adam aydın şəkildə anlayır ki, millətin vəkili olmaq üçün xalqın yanında olmaq lazımdır. Siz nə vaxt xalqın yanında oldunuz ki? Nə vaxt xalqın ayağına gəlib ondan səs istədiniz ki? Nə vaxt əzilən, döyülən qazinin, şəhid anasının, sadə vətəndaşın problemini qaldırıb, ona tərəf olduğunuzu dediniz? İndi hansı haqla təkrar mandat almaq davası aparırsınız? Hansı haqla indidən qılıncınızı sıyırıb “bron” yerinizi kimsəyə verməyəcəyinizi bəyan edirsiniz? Nə əl-ayağa düşmüsünüz indidən? Bəlkə bir ilə qədər xalq bu parlamenti tam tərkibdə istefaya göndərdi elə? Arada geriyə baxıb, 25 illik parlamentdə hansı dərdə dərman olduğunuzu xatırlayın. Əgər xatırlaya biləcəyiniz bir şey varsa. Bu xalq üçün sizin deputat olmağınızla Tolikin və ya Samiraldonun deputat olması arasında heç bir fərq yoxdur, biləsiniz.
Azərbaycan adına təhqir olan bu parlamentdən xilas olmağın yolu 2 noyabrdan keçir, əziz xalq. İçindəki qorxunu boğ, meydanlara çıx, birlikdə bu anti-milli hakimiyyətdən qurtulaq. Öz milli parlamentimizi qurmağın zamandır!
Aydın