
31.10.2019
Milli Şura noyabrın 2-nə təyin etdiyi mitinqi təxirə salıb. Mitinqi təxirə salmaq təklifi ilə əvvəlcə qurumun sədri, hazırda ABŞ-da olan Cəmil Həsənli feysbuk üzərindən müraciət edib. “Milli Şuranın 8 oktyabr aksiyası, xüsusilə də 19 oktyabr mitinqi çox uğurlu aksiyalar oldu. Milli Şura və AXCP rəhbərliyi böyük iradə və cəsarət gücünə mümkün olmayanı etdi. 19 oktyabr mitinqi son illərdə keçirilmiş ən uğurlu və kütləvi razılaşdırılmamış mitinq idi. Təsadüfi deyil ki, bu mitinq bütün dünyanın diqqətini Azərbaycana cəlb etdi. Xüsusilə də AXCP sədri Əli Kərimliyə verilmiş işgəncə təkcə bizim soydaşlarımızı yox, bütövlükdə mütərəqqi dünyanı ciddi narahat etdi. Avropa Birliyi, ABŞ, Avropa Şurası və dünyaca tanınmış bütün nüfuzlu hüquq müdafiə təşkilatları polis zorakılığını pislədi, Azərbaycan hakimiyyətini sərbəst toplaşma azadlığına riayət etməyə çağırdı. 19 oktyabr mitinqini Röyters, Blumberq kimi nəhəng agentliklər, İndependent və Qardian başda olmaqla 10-larla beynəlxalq mətbuat orqanı işıqlandırdı və polis zorakılığını qınadı. Düzdür, hələlik Azərbaycan hakimiyyəti bu ciddi qınağa reaksiya verməyib və 2 noyabr mitinqinə razılıq verməməsi onu göstərir ki, rejimin belə tezliklə düzəlmək fikri yoxdur. Ancaq dünyanın rəyini mütləq nəzərə almaqdan başqa çarələri olmayacaq. Dostlar, bilirəm ki, MŞ KM–də əvvəlcədən 2 noyabr mitinqi ilə bağlı belə bir qərar qəbul edilib ki, “Məhsul” stadionuna razılaşmasalar, mitinq 28 may metrosu qarşısındakı meydanda və ya ona yaxın yerlərdə keçirilsin. Baxmayaraq ki, AXCP-nin 30-dan artıq aparıcı funksioneri hazırda mitinqə görə həbsdədir, onu da bilirəm ki, minlərlə insan 2 noyabr mitinqinə çox ciddi hazırlaşır. Hökumət də qorxu içindədir. Xeyli muzdlu dəstələr yaradıblar ki, həmin qrupları xalqla üz–üzə qoysunlar. Digər yandan da müxalifətlə mübarizədən başqa heç nəyə yaramayan Respublika Prokurorluğu və DİN birgə bəyanat yayıb Milli Şuranı, xüsusilə də MŞ KM üzvü və AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham edib. Mitinqdə təxribat hazırlanacağı haqda məlumatlar hətta gəlib mənə də çatıb. Təbii ki, hamısı qurama və yalandır. MŞ yalnız və yalnız dinc, konstitusion mübarizə aparır və həmişə də belə olacaq. Dostlar, bu qorxaq rejim qorxusundan ağılsız addımlar ata bilər. Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək. Hazırda Milli Şura 19 oktyabr mitinqi ilə ona nail olub ki, Azərbaycanda sərbəst toplaşma azadlığının olmaması və polis zorakılığı artıq bütün dünyanın gündəminə qayıdıb. Həm vaxt vermək, həm də tələb etmək, məqsədyönlü iş aparmaq lazımdır ki, Avropa Birliyi, ABŞ, Avropa Şurası Azərbaycan hakimiyyətilə beynəlxalq öhdəliklərini yerinə yetirməklə bağlı ciddi danışıqlar aparsın. MŞ və AXCP rəhbərliyi onsuz da sübut edib ki, hətta ən ağır repressiyalar şəraitində də mitinqlər, aksiyalar edə bilirik. Ölkənin etirazçı elektoratı Milli Şuraya inanır. Biz kifayət qədər güclü olduğumuz üçün həm də manevrlər edə bilərik, rəqibin zərbəsindən yayınıb, gələcək mübarizə üçün daha da güclənə bilərik. Qəti əminəm ki, 2 noyabr mitinqini bir müddət təxirə salsaq, xalqımızla və beynəlxalq aləmlə işi gücləndirsək, bir müddətdən sonra meydanlara daha möhtəşəm şəkildə qayıdacağıq”, – deyə müraciətdə bildirilir.
Bundan bir neçə saat sonra AXCP sədri Əli Kərimli canlı yayımda Milli Şuranın mitinqlə bağlı qərarını açıqlayıb. Bəlli olub ki, MŞ və AXCP rəhbərliyi Cəmil Həsənlinin müraciətini müzakir edərək, onunla razılaşıb və 2 noyabr mitinqini təxirə salmağa qərar verib.
30.10.2019
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 2 noyabr mitinqi ilə bağlı xəbərdarlıq məktubuna cavab verib. BŞİH bu dəfə də təşkilatçılara dolayı “yox” deyərək, Lökbatan qəsəbəsini təklif edib. Xəbərdarlıq məktubunda isə mitinq üçün 2 ünvan göstərmişdi – Yasamal rayonundakı “Məhsul” stadionu və “28 May” metrostnsiyasının qarşısındakı meydan. Milli Şura BŞİH-in cavabını faktiki mitinqin qadağan edilməsi, Konstitusiyanın pozulması kimi qiymətləndirib və mitinqi 2 noyabr saat 15:00-da “28 May” metrostansiyası ətrafında keçirəcəyini elan edib.

Milli Şuranın qərarı barədə qurumun Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli feysbuk səhifəsində bunları yazıb:
“Yenə də Konstitusiyanı pozdular. Mitinqi Lökbatanda keçirməyi təklif ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin yerini müəyyənləşdirmək səlahiyyəti yoxdur. Milli Şura olaraq əvvəlcədən bəyan etmişdik ki, ya kompromis olaraq “Məhsul” stadionunda mitinqə razılıq verərlər, ya da mitinqi xəbərdar etdiyimiz kimi, şəhərin mərkəzində – 28 may metrosu ətrafında keçirəcəyik. Beləliklə, Milli Şuranın mitinqi 2 noyabr saat 15:00-da şəhərin mərkəzində – 28 may metrosunun ətrafında keçiriləcək. Hökumət mətbuatının təxribatlarına heç kim uymasın. Mitinq istisnasız olaraq dinc keçirilməlidir. Zorakılıq və qanun pozuntusu edənləri hamılıqla çəkib ictimailəşdirin. Xalqımız öz taleyinə sahib çıxmalıdır!”