Hörmətini itirmiş Parlament və bankirlər arasında intriqa

İslahat şousu və gündəmin ağsaqqal-qarasaqqal deyişməsi

Ölkə başçısının fərman vermək xatirinə zaman-zaman yaratdığı qurumlar bir-bir sıradan çıxarılır. Adam indi də “islahat” aparıb o qurumları birləşdirmək və ya ləğv etməklə məşğuldur. Bu prosesin hələ bir çox təşkilatları əhatə edəcəyi gözlənilir və deyilənə görə, növbəti mərhələdə əsas bank-maliyyə qurumlarının birləşdirilməsinə baxılacaq. Konkret olaraq, yaxında Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Bazarlarına Nəzarət Palatasının birləşdiriləcəyi haqda söhbətlər gəzir. Mətbuatda bununla bağlı sualları cavablandıran deputat Vahid Əhmədov 3 qurumun vahid bir mərkəzdə birləşdirilməsi ideyasının ölkə başçısının səlahiyyətində olduğunu deyib. Bildirib ki, bu optimallaşdırmaya getməzdən əvvəl araşdırmalar aparılmalı, onun effektlilik dərəcəsi nəzərə alınmalıdır. Elə edilməlidir ki, həm iqtisadi cəhətdən effektli olsun, həm də optimallaşdırmadan sonra ciddi problemlər yaranmasın. “Dövlət Neft Fondu Mərkəzi Bankla əlaqəlidir, hərraclarda iştirak edir. Onların birləşdirilməsində heç bir maneə yoxdur”-deyə vurğulayıb V. Əhmədov.

Deputat Maliyyə Bazarlarına Nəzarət Palatasına münasibətdə də qeyd edib ki, onun ayrıca fəaliyyət göstərməsinə ehtiyac yoxdur: “Onsuz da Mərkəzi Bank o fəaliyyəti yerinə yetirir. Ümumilikdə bu 3 qurumun birləşdirilməsi mümkündür. Hətta bu optimallaşdırma siyasətinin bank sisteminin sağlamlaşdırılmasında böyük əhəmiyyəti ola bilər. Faktiki olaraq pul-kredit siyasətini həyata keçirən Mərkəzi Bankdır. Bütün xəzinə də buradadır. Belə optimallaşdırma siyasətinin aparılmasını düzgün hesab edirəm. Bu, daha çox Azərbaycan iqtisadiyyatının inkişafına səmərə verə, hətta bank sisteminin dirçəlməsində müəyyən rol oynaya bilər”. Düzünü desək, V. Əhmədov bu rüsvayçı parlamentin bir üzvü olsa belə, öz sahəsinin peşəkarıdır. Zaman-zaman irəli sürdüyü təkliflər də əsaslandırılmış və məntiqli olub. Amma deyəsən onun münasibəti bəzilərinin xoşuna gəlməyib.

MBNP-ın (Maliyyə Palatası) mətbuat katibi Elşən Allahverdiyev bu münasibətinə görə onu ələ salıb. Katib deyib ki, “Vahid Əhmədov ağsaqqaldır və yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır.” Hazırda Vahid Əhmədovun 72 yaşı var və mətbuat katibi bu atmacası ilə ona İlham Əliyevin “70 yaşdan yuxarı olanlardan istefa ərizəsi gözləyirəm” mesajını xatırladır hər halda. Yaşlılıq məsələsini bir yana qoyaq, ancaq illərdir ölkədə lazımsız qurumların dövlət büdcəsindən boşuna pul yeməsi faktı doğru deyilmi? Onsuz da, Əliyev hakimiyyətinin yarıtmaz iqtisadi siyasəti və görünməmiş korrupsiya cinayətləri ölkəni quyunun dibinə salıb. Heç olmasa, indi o fəaliyyətsiz qurumları ləğv edib, büdcənin yükünü azaltmaq lazımdır.