Cəbhəçilər necə həbs olunmalarından danışır

Milli Şuranın 19 oktyabr mitinqindən öncə və həmin gün həbs olunan siyasi fəallar barələrindəki qərarlardan şikayət veriblər. Onlardan ikisinin – AXCP Gənclər Komitəsinin üzvləri Cabbar Savalanlı və Abdulla Mahmudovun apellyasiya şikayətinə baxılıb.

C.Savalanlı mitinq günü saxlanılıb və Nəsimi rayon Məhkəməsinin qərarıyla ona 20 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 513-cü (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsiylə təqsirli bilinib.

A.Mahmudov isə mitinqdən bir gün öncə saxlanılıb. O da, bir sıra başqa fəallar kimi, küçədə telefonla danışarkən söyüş söyməkdə, onu intizama dəvət edən polislərin tələbinə tabe olmamaqda suçlu bilinib. A.Mahmudova isə Sabunçu rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsiylə 30 gün həbs cəzası kəsib.

Bakı Apellyasiya Məhkəməsində bu haqda danışan A.Mahmudov deyir ki, ona sahə müvəkkili zəng edib, özü polis bölməsinə gedib: «Öz ayağımla polis bölməsinə getmişəmsə, polisə harada, necə müqavimət göstərdim? Telefon zənglərinin siyahısı çıxarılsa, kamera görüntülərinə baxılsa, mənim dediyim də təsdiqini tapar».

O bildirib ki, həbsinin gerçək səbəbi mitinqdə iştirakını əngəlləmək idi.

C.Savalanlıya gəlincə, inzibati xəta protokolunda yazılıb ki, o, Mərkəzi Bankın yaxınlığında, icazəsiz aksiya keçirilən ərazidə saxlanılıb. Amma Cabbar deyir ki, onu hələ aksiya başlamamışdan öncə AXCP sədri Əli Kərimlinin yaşadığı binanın yaxınlığında yolda gedərkən tutub aparıblar.

Hər iki gənc fəal barələrindəki məhkəmə qərarının qanunsuz və əsassız olduğunu vurğulayıblar. Məhkəmədən də ədalətli qərar gözləmədiklərinə görə heç bir xahişlərinin olmadığını söyləyiblər.

Hakim Həsən Əhmədov C.Savalanlı, hakim Qədim Babayev isə A.Mahmudov haqqında birinci instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb.