İctimai Palata azad mətbuatın müdafiəsinə qalxdı

İctimai Palata “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin üzləşdikləri təhlükəli vəziyyətlə bağlı bəyanat verib. Bəyanatda deyilir:

iAzərbaycan iqtidarı ölkədə azad mətbuatı sıradan çıxarmaq üçün uzun illərdir məqsədyönlü siyasət yürüdür. Təəssüf ki, hakimiyyətin bu niyytəi xeyli dərəcədə baş tutub. Hazırda ölkədə mətbuatın oynamalı olduğu dördüncü hakimiyyət rolunu qoruyub saxlamağa çalışan əsasən iki qəzet qalıb. Bunlar “Azadlıq” və “Yeni Müsavat” qəzetləridir. Lakin Azərbaycan iqtidarı bu iki qəzetin fəaliyyətinə də dözmək istəmir.
Yeganə maliyyə qaynaqları nüsxələrinin satışından əldə edilən vəsait olan bu qəzetlər hazırda tirajlaının və pullarının əhəmiyyətli hissəsini itirmək təhlükəsi qarşısındadırlar.
Belə ki, hakimiyyət orqanları qəzetlərin satışına son dövrlərdə yaratdıqları maneələri davam etdirməkdədirlər. Qəzetlərin əldə satışına faktiki imkan verilmir. Digər tərəfdən, ölkənin əsas qəzet yayımı firması olan “Qasid”, köşklərinin bağlanması ilə zəifləyərək maliyyə böhranı ilə üzləşib. Buna görə də qəzetlərə yığılıb qlan külli miqdarda borcunu ödəyə bilmir.
Bu vəziyyət isə şübhəsiz ki, nüsxələrinin satışından əldə etdikləri vəsaitdən başqa gəlir mənbələri olmayan “Azadlıq” və “Yeni Müsavat”a ciddi zərbə vurur.
Burada xatırlatmaq yerinə düşər ki, bilavasitə siyasi səbəblər və hakimiyyətin təsiri üzündən ölkənin ən tirajlı və nüfuzlu bu iki qəzetinə heç bir reklam verilmir. Təəssüf ki, yerli şirkət və müəssisələrlə yanaşı Azərbaycanda fəaliyyət göstərən xarici təsisatlar da bu iki qəzetə münasibətdə iqtidardan qaynaqlanan reklam siyasəti ilə hərəkət edirlər.
Bu qəzetlərin əsas yayıcıları olan “Qasid” firması ilə aralarında yaranmış problem başqa tərəfdən onları öz tirajlarını nisbətən azaltmağa (həmin firmaya verilən gündəlik nüsxələrin hesabına) məcbur edir ki, bu da sonda onların gəlirlərinin azalması deməkdir.
Belə bir çətin maddi vəziyyətdə olduqları halda qəzetlərə qarşı iri məbləğdə cərimələr nəzərdə tutan məhkəmə qərarları da çıxarılır. Hər iki qəzetlə bağlı bir neçə məhkəmə hökmü var və onların bir hissəsi artıq icraya yönəldilib. Qəzetləri məhkəməyə verənlər isə ya dövlət məmurları, ya da onlara yaxın olan şəxslərdir.
Beləliklə, bu qəzetlər bir tərəfdən maddi itkilərə məruz qoyulur, o biri tərəfdən isə borclu hala salınır. Qəzetlər isə fəaliyyətlərini davam etdirə bilmək üçün aldıqları kağızın pulunu və çap xərcini ödəməlidir. Bu da qəzetlərin maddi cəhətdən çökməsi deməkdir.
İctimai Palata bütün bunları  “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini fəaliyyətlərini dayandırmağa məcbur etmək üçün məqsədyönlü siyasət hesab edir.
İctimai Palata buna etirazını bildirərək bəyan edir ki, bu iki qəzetin sıradan çıxarılması, hətta müvəqqəti bağlanması ölkədə azad mətbuatın məhvi deməək olacaq.
İvtimai Palata Azərbaycan iqtidarını bu məkrli plandan imtina etməyə çağırır. Palata eyni zamanda Azərbaycan cəmiyyətinə çağırış edir ki, “Azadlıq” və “Yeni Müsavat”qəzetlərinə dəstəyini artıraraq onların sıradan çıxarılmasına imkan verməsin.
İcitmai Palata beynəlxalq birliyə, dünyanın demokratik ictimaiyyətinə və media institutlarına da səslənərək, onları Azərbaycanda azad mətbuatın məhvinə imkan verməmək üçün sözdən əməli fəaliyyətə keçməy, konkret və təsirli tədbirlər görməyə çağırır.