İŞİD lideri özünü öldürdü

ABŞ prezidenti bəyan edib ki, Bağdadi xüsusi əməliyyat zamanı ələ keçməmək üçün intihar edib

ABŞ hərbçiləri oktyabrın 27-nə keçən gecə İŞİD lideri Əbu Bəkir əl Bağdadini məhv etmək üçün əməliyyat həyata keçiriblər. Suriyanın İŞİD qruplaşmalarının hələ də qaldığı İdlib əyalətində həyata keçirilən əməliyyat zamanı Bağdadi özünü partladaraq intihar edib.

İŞİD liderinin öldüyünü ABŞ prezidenti Donald Tramp oktyabrın 27-i Ağ Evdəki canlı çıxışında təsdiqləyib. O bildirib ki, əməliyyatı ABŞ xüsusi qüvvələri həyata keçirib. Tramp Bağdadini “qorxaq” və “uğursuz” adam adlandıraraq deyib ki, dünyada ən çox axtarılan adam intihar kəmərini partlatmaqla özünü öldürüb. O, əməliyyat nəticəsində Bağdadinin çox sayda əsgərinin də öldürüldüyünü söyləyib.

Tramp əməliyyata 8 vertolyotun cəlb olunduğunu və ABŞ hərbi-siyasi rəhbərliyin birbaşa nəzarət etdiyini deyib. Onun sözlərinə görə, atışma zamanı evdən çıxan İŞİD lideri tunel vasitəsi gizlənməyə çalışıb və bu zaman tutulma təhlükəsi səbəbindən özünü partladıb. Bu zaman onunla birlikdə yetkinlik yaşına çatmayan üç uşağı da ölüb. Trump Bağdadinin həyat yoldaşlarının da özünü partlatmaları ilə bağlı əvvəl yayılan məlumatlara toxunmayıb. O, İŞİD liderinin olduğu evdən 11 uşağın sağçıxarıldığını, Amerika hərbçiləri arasında itki olmadığını vurğulayıb.

ABŞ prezidenti Türkiyə, Rusiya, Suriya, İraq və suriyalı kürdlərə təşəkkür edib. Rusiyanın Amerika hərbçiləri üçün hava dəhlizi açdığını deyən Tramp bildirib ki, ABŞ-ın tərəfdaşları əməliyyatın dəqiq məqsədlərindən xəbərsiz olublar.

Onun sözlərinə göprə, Amerika kəşfiyyatı İŞİD liderinin yeri haqqında iki həftə əvvəl məlumatları dəqiqləşdirib və əməliyyatlara hazırlaşıb.