ABŞ da Ukraynadakı seçkilərə mənfi qiymət verdi

Yanukoviçin partiyası səsləri itirir

Ukraynada oktyabrın 28-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələri üçün səslərin sayılması prosesi davam edir. Ötən gün axşam saatlarına olan məlumata görə, səslərin 93,75 faizi sayılıb.
Son məlumatlarda hakim Regionlar partiyasının 30,88, keçmiş baş nazir Yuliya Timoşenkonun liderlik etdiyi Vətən partiyasının 24,92, boks üzrə olimpiya çempionu Vitali Kliçkonun Zərbə partiyasının 16,66, kommunistlərin isə 13,52 faiz səs topladığı bildirilib.
Qeyd edək ki, parlamentə düşmək üçün qoyulan hədd 5 faizdir.
Bu arada, ATƏT-dən sonra ABŞ da Ukraynada keçirilən parlament seçkilərinə münasibətini açıqlayıb. Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir ki, ABŞ Ukraynada keçirilmiş parlament seçkilərindən narahatdır. Dövlət Departamentinin sözçüsü Mark Toner son parlament seçkilərini 2010-cu ildə keçirilmiş prezident və bundan əvvəlki parlament seçkilərində əldə edilmiş inkişafdan geri dönmək kimi qiymətləndirib: “Biz beynəlxalq müşahidəçilərin ilkin rəyində səsləndirilən narahatlığı bölüşürük”.
Dövlət Departamenti həmçinin keçmiş baş nazir Yuliya Timoşenko və digər müxalifət liderlərinin seçkilərə buraxılmamasını pisləyib. Mark Toner ABŞ-ın Ukrayna hakimiyyətini siyasi rəqiblərinə qarşı repressiyaları dayandırmağa çağırdığını bildirib: “ABŞ Ukrayna xalqının demokratik, çiçəklənən Ukraynada yaşamaq arzusunu dəstəkləməkdə davam edəcək. Təəssüf edirik ki, son seçki Ukraynanı bu məqsədə yaxınlaşdırmayıb”.