İlham Əliyevin rayona səfərinə ənənəvi hazırlıq gedir
İki ildə üç dəfə təmir olunan park, yol kənarlarına çəkilən hasarlar…
Ilham Əliyevin Binəqədiyə səfəri gözlənilir. Buna görə də rayon icra hakimiyyəti ölkə başçısının gəlişi üçün ciddi hazırlıqlar görür. Belə ki, rayonun kəndə gedən hissəsində – “kənd Binəqədi” deyilən ərazidə ciddi abadlıq işləri gedir. Milyonlar hesabına başa gelən bu abadlıq “üstü bəzək, altı təzək” məsəlini xatırladır…
İlham Əliyevin tez-tez gəlişini arzulayanlar…
Öncə Binəqədinin kəndindən başlayaq. “Sentralnıy” adlanan ünvan rayonun “kənd Binəqədi”sinin mərkəzidir ki, bura getmək üçün “tretiy” deyilən məkanı qət etməlisən. Bu “tretiy”ə çathaçatda əla təmir olunmuş divara Heydər Əliyevin şəkli iki – “Müstəqillik yolu qədər çətin yol yoxdur!” və “Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır!” kəlamları həkk olunub. Məhz bu ərazidə ciddi təmir işləri gedir. Neft quyularının gətirdiyi çirkabları örtmək üçün yolun kənarları hazarlanır, bahalı daşlar bu divarlara hörülür. Bu çirkabı təmizlətdirmək əvəzinə icra hakimiyyətinin onları görməmək üçün daha “böyük işlər”ə baş vurub. Halbuki, o yolları təmizlətdirməyə daha az vəsait sərf olunardı. Ancaq bu işi görən şəxslər daha rahat və daha çox qazanc yoluna əl atmağı özünə rəva biliblər.
Bir kilometrdən çox ərazini əhatə edən bu “quruculuq” işləri gecə saatlarına qədər davam edir.
Sakinlərlə söhbət zamanı məlum oldu ki, ölkə başçısının gəlişinə görə kəndin su problemi həll olunmaq üzrədir. Deyilənlərə görə, su xətlərinin çəkilməsi, çəkilən xətlərin yenidən təmir olunması üçün nə az, nə çox, düz 8 milyon manat vəsait ayrılıb. Sakinlər illərdir üzləşdikləri problemlərinin yaxın zamanlarda həll olunacağı günü səbirsizliklə gözləyirlər. Hamısı da bir ağızdan Ilham Əliyevin buralara tez-tez gəlməsini arzulayırlar. Yalnız bu yolla başqa problemlərinin həll olunacağına ümid bəsləyirlər.
Deputatın evinə çəkilən su xətti…
Su problemindən söz düşmüşkən bir maraqlı faktı da qeyd edək. Kənd sakinləri illərdir su üzünə həsrət qalsalar da, buradan deputat seçilən Hacı Madər Musayev belə bir problemlə üzləşməyib. Belə ki, onun gözoxşayan malikanəsinə xüsusi olaraq su xətti çəkilib. Susuzluqdan əziyyət çəkən qapıbir qonşulara isə bu xətdən istifadə qadağan edilib. Müsahibələrində “Binəqədi camaatı məni çox istəyir” deyən deputatı “seçiciləri” son 10 ildə bircə dəfə də görməyib. Hətta seçki zamanı təbliğat-təşviqatda sadəcə adını eşitsələr də, üzünü belə görməyiblər. Ona görə də problemləri olanda birbaşa icra hakimiyyətinə, ya da Prezident Administrasiyasına “hücum” edirlər.
Nə isə, keçək Binəqədidəki “abadlıq” işlərinə…
Kəndə gedən yol bağlanmasa da, qayıdan hissədə təmir işləri gedir. Buna görə 133, 165, 155 və başqa marşurutlar istiqamətini azsa dəyişməyə məcbur olublar. Bu üzdən də kənd sakinləri bir qədər yolu piyada getməli olurlar.
Bir neçə obyektin qarşısı da sökülüb və hasarlanmaq üçün dükanların önünə daşlar düzülüb. Imkanı olan sahibkar divarı verilən göstərişə əsasən hörüb, imkanı olmayanlar isə hələ də gözləmə mövqeyindədirlər.
Bundan başqa, yolun kənarında olan evlərin qapıları tünd qırmızı rəngə boyanıb ki, deyilənlərə görə, bu sifarişdə “yuxarı”dan gəlib. Qapısı rənglənən ev sahiblərindən birinin sözlərinə görə, boyanı onlara pay veriblər.
Üç dəfə sökülüb təmir edilən park
Rayonda ən böyük tikinti-quruculuq işlərindən biri də Heydər Əliyevin adına olan parkda gedir. Rəsulzadə qəsəbəsində yerləşən bu park 2001-ci ildə salınıb. Hazırda Samuxun icra başçısı olan Alı Qocayev bu rayonun başçısı olan zaman parkı bir dəfə əsaslı təmir etdirib.
Belə ki, 2010-cu ilin dekabrından yenidənqurma işlərinə başlanılıb və 2011-ci ilin sonlarında istifadəsi nəzərdə tutulmuşdu. Tikinti işləriylə Ilham Əliyev də maraqlanıb. Deyilənlər kimi də oldu və bir ildən sonra, yəni 2011-ci ilin sonlarında park rayon sakinlərinin ixtiyarına verildi. Ancaq az keçmədi ki, yenidən təmirə dayandırıldı. Sonuncu dəfə istifadəyə veriləndə parkın giriş qapısı 10 sütundan ibarət olub ki, hündürlüyü 12,5 metr, uzunluğu isə 80 metr idi. Bundan əlavə, girişdə 25 metr hündülükdə bayraq dirəyi ucaldılıb.
Bu ilin aprel ayında Binəqədiyə icra başçısı təyin edilən Xaləddin Isgəndərov parkın dizaynına “bir az” əl gəzdirməyi əmr edib. Parkda əsaslı təmir və yenidənqurma işləri, demək olar, tamamlanandan sonra icra başçısı görülən işlərlə tanış olmaq üçün əraziyə baş çəkib və işin nəticələrindən razı qalmayaraq, sökmək göstərişini verib. Hətta 10 sütunluq giriş qapısına da əlvida deyilib və parkda əkmək üçün gətirilən güllər sonradan geri qaytarılıb.
Beləliklə, son iki ildə park üç dəfə təmir edilib ki, bunun üçün də 4 milyon manatdan artıq vəsait xərclənib.
Burada bir az gəzişib işə məsul olan şəxslərdən parkın tez-tez təmirə dayandırlmasına münasibətini öyrənmək istədik. Ancaq fəhlələr dedilər ki, müdir başqa yerdədir. Onlar müdirin tezliklə gələcəyini söylədilər, ancaq heç kim gəlib çıxmadı.
Kiçik sözardı…
Binəqədinin daşlı-kəsəkli yollarından ayrılıb redaksiyaya dönürük. Qayıdanda Heydər Əliyevin “Müstəqillik yolu qədər çətin yol yoxdur!” kəlamı yenə gözümüzə sataşır. Müstəqillik sözünün yerinə “Binəqədi rayonu” sözləri yazılsaydı daha yaxşı olardı. Bax bu cür: “Binəqədi rayonunun yolu qədər çətin yol yoxdur!” şəklində…
Ramin DEKO