ARDNŞ-lə bağlı qalmaqallar nə vəd edir?

Gürcüstanda vergilərin azaldılması real görünmür, bp ilə hasilatın qaldırılmasında isə ümid gələn ilədir

ARDNŞ-in başı qalmaqallardan qurtarmır. Gürcüstanın yeni baş naziri Ivanişvili bu günlərdə ARDNŞ-ə qarşı bir sıra ittihamlarla çıxış edib. Ivanişvili ölkədə benzinin qiymətinin süni şəkildə artırıldığını, qiymətlərin aşağı salınacağını bəyan edib. Məlum olduğu kimi Gürcüstanda neft məhsullarının topdan və parakəndə satışına, habelə qaz təminatına ARDNŞ nəzarət edir. Burada ARDNŞ “SOCAR Energy Georgia” şirkəti ilə təmsil olunur. Baş nazir eyni zamanda Saakaşvilini SOCAR ilə əməkdaşlıq etməkdə ittiham edib.
Gürcüstanın yeni baş nazirinin bəyanatına Azərbaycan Dövlət Neft Şirkəti dərhal reaksiya verib. ARDNŞ-dən ANS-ə verilən məlumata görə, SOCAR ona qarşı olan iddiaları tamamilə əsassız sayıb. SOCAR bəyan edib ki, tariflər Gürcüstanın vergi dərəcələrinə uyğun qurulur: “Hazırda isə Gürcüstanda enerji daşıyıcılarına tətbiq olunan vergilər kifayət qədər yüksəkdir. Yeni hökumət tarifləri aşağı salmaq istəyirsə, buyurub vergiləri aşağı sala bilər”.
Maraqlıdır, SOCAR-ın bu açıqlamasından sonra Gürcüstan hökuməti hansı addımları ata bilər. SOCAR-ın təklif etdiyi kimi vergiləri azalda bilərmi? Bunu zaman göstərəcək. Eyni zamanda SOCAR-ın bu açıqlamasının Gürcüstan hökumətini nə dərəcədə qane etdiyini də biz bir müddət sonra biləcəyik.
ARDNŞ-in üzləşdiyi daha bir qalmaqal isə bp ilə bağlıdır. Dövlət başçısı Ilham Əliyevin bp-yə hasilatla bağlı irəli sürdüyü ittihamlardan sonra şirkət Azərbaycana bu sahə üzrə üç tanınmış eksperti yollayacağını bəyan edib. Həmin ekspertlər Azərbaycan tərəfi ilə bp arasındakı qalmaqalı araşdırmalı və hasilatla bağlı irəli sürülən ittihamların nə dərəcədə əsaslı olub-olmadığını ortaya çıxarmalıdır. Burada isə sual olunan əsas məqam bp-nin əvvəlki hasilat səviyyəsini bərpa edib-etməyəcəyi ilə bağlıdır. Çünki Azərbaycanda neft hasilatının 2010-cu ildən sonra aşağı düşəcəyi əvvəlcədən proqnozlaşdırılmışdı.

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Gürcüstanda baş nazirin SOCAR-a qarşı bəyanatı anlaşılandır. Çünki bir qayda olaraq hökumət dəyişikliyi baş verəndə bir sıra hallarda ölkədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığa yenidən baxılır. Şirkətlərlə əməkdaşlığa yenidən baxılmasının heç də onların ölkədən çıxarılma istəyi ilə bağlı olmadığını düşünən M.Talıblı bildirdi ki, çünki şirkətlərlə açıq müharibə ölkədə iqtisadi sabotaja səbəb ola bilər: “Gürcüstanın SOCAR-la münasibətlərə yenidən baxması ona mesajdır ki, şirkət Tiflislə münasibətlərdə daha mülayim mövqe sərgiləsin. Gürcüstanın yeni hökuməti çalışır ki, yanacağın qiymətinin aşağı düşməsinə nail olsun. Bu, xalqın etimadını doğrultmağa xidmət edir. Ona görə yeni hökumət nəinki SOCAR-la, başqa iri şirkətlərlə də münasibətlərə yenidən baxa bilər”.
Amma M.Talıblı düşünmür ki, SOCAR-ın vergilərin azaldılması ilə bağlı təklifinə Gürcüstan hökuməti müsbət cavab versin. Çünki Gürcüstanın büdcəsinin əsas hissəsini vergi yığımları təşkil edir. Başqa tərəfdən, yalnız SOCAR Gürcüstanın ümumi büdcəsinin 10 faizini təşkil edir.
bp ilə Azərbaycan hökuməti arasında yaşanan qalmaqala və hasilat üzrə ekspertlərin Bakıya gəlməsinə gəlincə, M.Talıblı qeyd etdi ki, hasilatın aşağı düşməsi proqnozlaşdırılan idi. M.Talıblının sözlərinə görə, görünür, Azərbaycan hökumətinin büdcənin formalaşdırılması ilə bağlı ciddi problemləri yarandığına görə bp-yə qarşı bu cür iddialar irəli sürülür: “Azərbaycanın hazırkı büdcəsi yenə neft pulları hesabına şişirdilib. bp-nin hasilatının azaldılması isə büdcəni təhdid edən məsələdir. Hasilatın aşağı düşməsi ilə bağlı müzakirələrin başlanmasına və ekspertlərin dəvət olunmasına gəlincə, hasilatın birdən qaldırılması mümkün deyil. Amma ümumilikdə birgə komissiyanın nəticələri hər iki tərəfdən qəbul olunsa, gələn il hasilatın əvvəlki dərəcəyə çatdırılması imkanları var. Lakin bir neçə aya belə bir nəticə əldə etmək qeyri-mümkündür”.

Xəyal