«Bu, ordudakı qruplaşmalar arasında gedən mübarizənin nəticəsidir»
Azərbaycan Silahlı Qüvvələri Mərkəzi Hərbi Klinik Hospitalının bir neçə işçisi işdən çıxarılıb. Bu barədə müdafiə naziri, general-polkovnik Səfər Əbiyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, hospitalın rəisi, tibb xidməti polkovniki Asif Qurbanov və hospitalın daha bir neçə əməkdaşı tutduqları vəzifədən uzaqlaşdırılıb. A.Qurbanov sərəncama göndərilib. Hazırda hospitalın rəisi vəzifəsini polkovnik Şahlar Quliyev icra edir(APA).
Əldə etdiyimiz məlumata görə, işdən çıxarılan Asif Qurbanov müdafiə naziri Səfər Əbiyevə çox yaxın şəxs sayılır. A.Qurbanovun hospitalın rəisi vəzifəsinə təyinatında kənd təsərrüfatı nazirinin müavini, S.Əbiyevin yaxını və kirvəsi Aslan Aslanovun böyük rolu olub. Məlumatda o deyilir ki, işdən çıxarılma prosesi son vaxtlar xəstə əsgərlərlə bağlı baş verən neqativ hallar, əsgər orqanlarının satılması fonunda baş verir. Nəticədə müdafiə naziri hərbidəki tibb sektorunda “təmizləmə” aparmaq qərarına gəlib. Ən mühüm məlumatlardan biri də odur ki, növbədə Müdafiə Nazirliyində tibb sahəsini kurasiya edən – Hərbi Tibb Idarəsinin rəisi Məcid Məsimovdur. Yaxın vaxtlarda onun da işdən azad ediləcəyi gözlənilir. Səfər Əbiyevin “təmizləmə” əməliyyatına öz yaxın adamından başlaması isə təsadüf deyil. Mənbənin dediyinə görə, bu, Məcid Məsimova görədir. Nazir, Xanlar Vəliyevin yaxın adamı olan M.Məsimovu növbəti sıraya saxlayıb əvvəlcə öz adamını işdən çıxarmaqla X.Vəliyev tərəfindən özünə qarşı cəbhə açılmasını istəmir.
Hərbi ekspert Cəsur Sümərinli hesab edir ki, bütün başqa sahələrdə olduğu kimi, orduda da qruplaşmalar var. Son baş verən hadisə də ordudakı qruplaşmalar arasında gedən mübarizənin nəticəsidir: “Bu və ya digər kadrlar işdən çıxarılır. Bu üsuldan bir qurplaşma başqa birinə qarşı istifadə edir. Ötən illərə qədər Silahlı Qüvvələrin rəhbərliyində Səfər Əbiyev Nəcməddin Sadıqov qruplaşmaları arasında mübarizə davam edirdi. Bu qruplaşmanın yaratdığı kiçik qrupların mübarizəsi bugünə qədər davam edir. Əslində tibb sektorunda addımların atılmasına çoxdan ehtiyac var idi. Hər il Azərbaycanın Silahlı Qüvvələrində ən azı, 15 hərbi qulluqçu zəruri tədbirlər görülmədiyi üçün bu və ya başqa xəstəlikdən dünyasını dəyişir. Halbuki onların bir çoxunu xilas etmək mümkün idi”.
C.Sümərinlinin fikrincə, Əbiyevin yürütdüyü bu siyasət heç də orduda “təmizləmə” aparmaq üçün deyil: “Bu və ya başqa qruplaşmaları ”təmizləməklə” öz vəzifəsinin ömrünü uzatmaq məqsədi güdür. Proseslərə Xanlar Vəliyev və Nəcməddin Sadıqovun da təsiri qalır. Səfər Əbiyev ancaq öz maraqlarını düşünür. Son baş verənlər heç də orduda sağlam mühitin yaradılmasına xidmət etmir. Bu gün ordu şəxsi ambisiyaların məkanına çevrilib”.