İlham Əliyevdən ildə bir dəfə Irana getmək çağırışı?!

Ilham Əliyev dünən özünün analoqu olmayan növbəti çıxışını etdi. Dedi ki, hər vətəndaş ildə bir dəfə müayinədən keçməlidir. Bu çıxışın “analoqsuzluğu” qətiyyən onda deyil ki, dövlət başçısı tibbi maarifçiliklə məşğuldur.
Əsla! Qətiyyən!
Normal ölkədə, hətta bu, təqdirəlayiq bir çağırış kimi görünə bilərdi. Amma nə yazıq ki, Azərbaycanda durum fərqlidir. Sən milləti və dövləti korrupsiya, monarxiya kimi ağır xəstəliklərə düçar edib, sonra da vətəndaşlarına ildə bir dəfə özlərini həkimə göstərməyi məsləhət görərsənsə, kimsə buna səmimi yanaşmaz, bunda vətəndaşa canıyananlıq axtarmaz.
Digər tərəfdən, insanlarının böyük hissəsinin, hətta xəstə halda belə, xəstəxanaya üz tutmağa imkanı çatmadığı bir ölkədə “ildə bir dəfə müayinə” çağırışı çox qeyri-ciddi səslənir.
Üstəlik də səhiyyənin durumu! Hər şey göz önündədir. Bu ölkədə babat imkanı olanlar sağlamlığı Avropa və ABŞ-ın klinikalarında arayır, maddi durumu daha pis olanlar isə sağlamlıq ardınca borc-xərc eləyib Irana üz tutursa, “ildə bir dəfə müayinə” çağırışına xoşniyyətli baxa bilərikmi? Axı Ilham Əliyev hakimiyyətinin vəzifəsi bu cür “tibbi maarifçilik”lə məşğul olmaqdan əvvəl insanlara elə müayinələr üçün maddi imkanı yaratmaqdır. Bu ölkədə adamlar ölüm yatağında belə, xəstəxanalara üz tutacaq imkana sahib deyillərsə, əvvəlcə bunun hesabı verilməlidir.
Daha sonra bunun hesabı verilməlidir ki, nədən bu ölkənin vətəndaşı dərdinə dərmanı daha çox Iranda axtarır?
Indi kimin yanında haranınsa ağrıdığından şikayətlənirsənsə, deyir, Irana get.
Niyə? Nədir bunun səbəbi? Bu sualların cavabı yoxdursa, “Ildə bir dəfəyə müayinəyə gedin” çağırışını da bizim “Ildə bir dəfə Irana gedin” çağırışı kimi qəbul etməkdən başqa yolumuz varmı?
***
Ilham Əliyevin dünənki çıxışında daha bir maraqlı məqam vardı, gəlin olduğu kimi oxuyaq: “Bizdə indi şəraitlə bağlı heç bir problem yoxdur. Diaqnostika mərkəzləri, mərkəzi rayon xəstəxanalarında ən müasir diaqnostika avadanlıqları, tomoqrafiya, ultrasəs cihazları – hər şey vardır”.
Fikir verdinizmi, Ilham Əliyev sadəcə, müasir tibbi texnologiyalardan həvəslə danışır, amma o tibbi avadanlıqları işlətməli olan tibbi kadrlardan danışmır…
Niyə? Bəlkə bizdə ultrasəs cihazları həm də həkim funksiyasını yerinə yerinə yetirir? Niyə möhtərəm bizdə yüksək səviyyəli həkimlərin varlığından da belə həvəslə danışmır?
Bəlkə unudub, nə bilək.
Amma reallıq budur ki, ölkə boyu yanlış diaqnozlar tüğyan edir. Elə bugünlərdə mənim bir tanışıma bir il əvvəl, Əliyevin böyük bir eşqlə vəsf etdiyi diaqnostika mərkəzlərindən birində qoyulan diaqnozun kökündən yanlış olduğu ortaya çıxıb. Adam düz bir il həmin diaqnozla müalicə edilib, müalicənin faydasızlığını görüb yaxınları onu Bakıya gətiriblər və buradakı təkrar müayinələrdən sonra onun xərçəng xəstəsi olduğu aydınlaşıb, üstəlik, xəstəlik artıq son mərhələsində olduğundan, bütün bədəni sardığından geri qaytarmağı məsləhət biliblər.
Indi siz bizə belə bir səhiyyə sistemini tərifləyirsiniz, istəyirsiniz biz ona etibar edək?
Bəli, hansısa rayonda müasir diaqnostika mərkəzi tikə də bilərsiniz, ora müasir tibbi avadanlıq da alıb qoya bilərsiniz. Amma o tibbi avadanlığın arxasındakı savadlı, bacarıqlı kadrlar hanı bəs? Onları da avadanlıqların özü kimi xaricdən gətirmək lazımdırsa, siz hansı səhiyyə sistemindən danışırsınız?
***
Internetdə kiçik bir axtarış kifayətdir ki, Azərbaycan səhiyyəsinin vətəndaşların başına hansı oyunlar gətirdiklərinə dair saysız-hesabsız faktlarla rastlaşasan.
Səhiyyənin normal inkişaf etdiyi ölkədə türkəçarəlik niyə çiçəklənməlidir?
Müalicəvi bitkilər barədə kitabların satışına diqqət edin. Insanlar ya imkansızlıqdan, ya da bunların öyündükləri səhiyyəyə inamsızlıqdan özləri özlərini müalicə etməyin yollarına baş vururlar.
***
Əslində, bu mövzuda uzun-uzadı yazmağa da ehtiyac yoxdur.
Korrupsiyaya yoluxmuş, rüşvətin, cəhalətin yaraladığı, çağdışı idarəçiliyin ağrılarını çəkən bir ölkədə səhiyyə başqa cür ola bilməz.
Təhsil də.
Ordu da.
Məhkəmələr də.
Müasir idarəçilik olmayınca müasir avadanlıqla səhiyyə, müasir bina ilə məktəb, müasir silahla ordu nağıldır, filfilodur.
Bununla özlərini aldada bilərlər. Bizi – əsla!