Azərbaycan dövlət büdcəsinin 2013-cü il üçün təqdim edilən və Nazirlər Kabinetinin artıq bəyəndiyi layihəyə peşəkar yox, qeyri-peşəkar gözlə baxmaq kifayətdir ki, ölkənin bu illər ərzində necə talandığının şahidi olasan.
Söhbət ondan getmir ki, gələn il üçün Neft Fondundan büdcəyə transfer 11.350 milyard manata (14,550 milyard dollara) qədər artırılıb. Əksinə, 2012-ci il dövlət büdcəsində Neft Fondundan transferin həcmi 60,3 faiz təşkil edirdisə (12,540 milyard dollar), daha da şişən, böyüyən, artan gələnilki büdcəmizdə bu həcm 59,3 faizlə ölçülür. Hesabla, bu illə müqayisədə Neft Fondundan büdcəyə transfer gələn il üçün bir faiz azalıb.
Ancaq məsələ ondadır ki, 2011-ci ildə Neft Fondunun gəliri 20 milyard dollara yaxın idi; bu ilin 9 ayı ərzində isə NF-in gəliri 12,8 milyarddır və eyni templə davam etsə (ki, bu sual altındadır), 2012-ci il üçün Neft Fondunun gəliri 17 milyard civarında olacaq.
Beləliklə, 2011-ci ildə 20 milyardlıq gəlirin 11,6 milyardı, 2012-ci ildə isə 17 milyardlıq gəlirin 12,54 milyardı büdcəyə transfer olunubsa, gələn il bu nisbət necə formalaşacaq?
Neft Fondunun gələn il üçün gəlirinin proqnozu olmadığından, bunu təxmin etmək çətindir. Ancaq “dünyada analoqu olmayan” iqtisadiyyatımızın real mənzərəsinə uyğun məntiqlə hesablasaq və 2012-ci ildə 2011-ci ilə nisbətən Neft Fondunun gəlirinin 3 milyard dollar azaldığını nəzərə alsaq, onda, Fondun gəliri 2013-cü il üçün 14 milyard götürülməlidir ki, bundan 500 milyon artıq olan məbləğin (14,550 milyard dollar) büdcəyə transferi nəzərdə tutulur.
Deməli, artıq Neft Fondunun illik gəlirindən daha artığını transfer etməklə dövlət büdcəsini şişirtməyə çalışırlar.
Əgər bu tendensiya davam edərsə və Neft Fondunun gəlirindən daha artığını büdcəyə transfer etmək zərurəti qarşısında qalarıqsa, bir neçə ildən sonra Neft Fondunun hazırda öyünülən 33 milyard dollarlıq vəsaitindən nə qalar?
Hələ Fondun saxlanılması xərclərini, infrastruktur və sosial layihələrin maliyyələşməsi və s. adla basılıb-yeyilən paraları da gözaltı etsək, məlum olar ki, 3 ildən sonra Neft Fondunun külü göyə sovrulacaq, gələcək nəsillər isə bizim gördüyümüz “xeyri” görəcəklər…
Fondun idarə edilməsi
Yeri gəlmişkən, bir məqama xüsusi diqqət edək: Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 2010-cu ildə 1,2, 2011-ci ildə isə 1,1 faiz gəlir əldə edilib.
2013-cü il üçün nəzərdə tutulan büdcəmizdə də “xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlərdən daxilolmalar” 845 minlik “nəhəng məbləğlə” göstərilir.
30 milyard dolları ötən Neft Fondunun idarə edilməsindən 1 faiz, Lukaşenko kimi diktatorlara verilən yüz milyonlarla kreditlərdən illik 845 min gəlir götürən Azərbaycan hakimiyyəti öz vətəndaşlarına neçə faizlə kredit verir və onlardan nə qədər qazanır?
Avtomobil almaq istəyən Azərbaycan vətəndaşı heç bir bankdan 16-17 faizdən aşağı kredit ala bilmir – hələ “sığorta”, “bank xidməti” adıyla əvvəlcədən alınan pulları nəzərə almıram; ev almaq üçün dövlətinin “humanist”, “sosialyönümlü siyasətindən” bəhrələnmək istəyən gənc ailələrin, hətta sosial ipotekanı belə, 6-8 faizdən aşağı əldə etməsi mümkün deyil – hələ sənədlərin toplanması zamanı dövlətə ödənilən 2 min manata yaxın rüsumu bura əlavə etmirəm; ölkə banklarının vətəndaşlara verdiyi ən kiçik kreditlər 20 faizlə ölçülür…
Səbəb isə odur ki, Azərbaycan hakimiyyəti “idarə etdiyi vəsaitin” xarici banklarda 0,7-1 faiz arasında saxlanılmasına həvəslə razılaşır, ancaq bu xalqın halal sərvətinin toplandığı fondun onda birini öz vətəndaşlarına 2-3 faiz kreditə belə vermir.
Neft vəsaitindən – öz dövlətindən öz xalqının heç bir xeyir görməməsi üçün bundan düşmən siyasət təsəvvür edirsinizmi?

Ölkəni necə talan edirlər
•