
AXCP sədri Əli Kərimlinin evdən necə çıxdığı və mitinq təyin olunan meydana doğru necə yürüdüyünü göstərən videonu təqdim edirik:
Mitinqin təyin edildiyi 28 May metrostansiyası ətrafı və bütəvlükdə Bakının mərkəzi hissəi polis mühasirəsinə alınsa da küçələrə axışan insanlar etirazlarını ifadə etmək üçün məkan və imkan tapıblar. Şəhərin mərkəzini Azadlıq və İstefa şüarları bürüyüb.
Əldə etdiyimiz son məlumata görə, AXCP ədri Əli Kərimli mitinqə getmək üçün evdən çıxıb. Binanın qarşısındakı mülki geyimli və uniformada olan polis qüvvələri onu saxlayıb. AXCP sədrindən başqa onu müşaiyət edələr də saxlanılıb. Ətrafda toplaşan insanlar “Azadlıq” şüarı səsləndiriblər. Onlardan da saxlanılanlar var.
***
AXCP sədri Əli Kərimlinin mənzili mülki geyimlilər tərəfindən “bloklanıb”. Bu barədə Əli bəy özü feysbuk səhifəsində məlumat paylaşıb. Məlumatda deyilir:
“Evimizin qarşısında, daha doğrusu düz liftin qarşısında 20 nəfərə qədər mülki geyimli şəxs – əməliyyatçılar dayanıb. Yəqin ki, mənim mitinqə getməyimi əngəlləməyə çalışacaqlar, ya da mənzilə gələcəklər. Binanın qarşısından jurnalistlər Təzəxan Mirələmli, Fatimə Mövlamlı və daha bir jurnalisti artıq həbs etdilər. Hələ də həbs olunmamış jurnalistləri binamızın qarşısına – blokumuzun daxilinə dəvət edirəm. Mən danışdığımız kimi, saat 15:00-da mitinqdə olmaq üçün 14:50-də evdən çıxacam”.
Milli Şuranın təyin etdiyi mitinqə görə hakimiyyət ciddi təşviş içindədir. Mitinqin qarşısını almaq üçün təşkilatçıların kütləvi təqib olunduğu bildirilir. Mitinqin təyin edildiyi ərazi mühasirəyə alınır. 28 May metrostansiyasının ətrafı boşaldılıb. Metropoliten məlumat yayıb ki, saat 13-dən 16-a qədər 28 May, Cəfər Cabbarlı, Xətai stansiyaları işləməyəcək. 28 May stansiyasının qarşısına aparan yolların da həmin saatlarda bağlanacağı bildirilir.

***
Bu gün Bakının mərkəzində – 28 May metrostansiyasının qarşısındakı meydan və ya ona yaxın ərazidə ümumxalq mitinqi olmalıdır. Mitinqi Milli Şura təyin edib və saat 15.00-da başlayacağı elan olunub.
Hakimiyyət oraqnları mitinqin həmin ərazidə keçiriıməsinə razılıq verilmədiyini bildirib və təşkilatçılara aksiyanın keçiriləcəyi təqdirdə sərt tədbirlər görüləcəyi haqada xəbərdarlıq edib.
Milli Şura 19 oktyabr tarixində mitinq keçirmək istəyi barədə Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubunda 3 yer təklif edib. 28 May metrostansiyasının qarşısındakı meydan həmin yerlərdən biridir. BŞİH isə Milli Şuraya mitinqi Lökbatan qəsəbəsində keçirməyi təklif edib. Milli Şura bu cavabı Konstitusiyanın pozulması kimi qiymətləndirib və mitinqi deyilən yerə təyin etməkdə birbaşa Konstitusiyanın 49-cu maddəsinə istinad edib.
Mitinqin əsas təşkilatçılarından biri kimi AXCP sədri Əli Kərimli dəfələrlə geniş ictimaiyyət qarşısında çıxış edərək, xalqın Konstitusion hüququnu məmurların pozması ilə barışmayacaqlarını, mitinqi təyin olunan yerdə keçirəcəklərini bildirib. AXCP sədri bəyan edib ki, aksiya istisnasız olaraq dinc keçiriləcək, mitinqçilər tərəfindən hər hansı təxribat və qarşıdurmaya yol verilməyəcək. Hətta məhz deyilən meydana toplaşmaq da zəruri şərt deyil, əgər polislər həmin meydana girişə imkan verməsələr, mitinqçilər qarşıdurmaya getmədən, meydana nə qədər yaxınlaşa bilsələr, həmin yerdən də etirazlarını ifadə edəcəklər.