Mağar toyunda müğənniyə hücum çəkdilər

“Space” telekanalında yayımlanan “Zəhmətkeş ulduzlar” verilişinin çəkiliş qrupu problemlə üzləşib. Lent.az-ın məlumatına görə, Ağdaş rayonunda çəkiliş aparan heyət orada keçirilən mağar toyunda olarkən qonaqların hücumuna məruz qalıblar. Məclisə daxil olan kimi toyda iştirak edən qonaqlar çəkiliş qrupunun başına toplaşıb. Mərasimdə sərxoş olan şəxslərdən biri müğənni Yeganəyə söz atıb. Nəticədə çəkiliş qrupu ilə toy adamları arasında mübahisə düşüb. Operatorların kameraları sındırılıb. Çəkiliş qrupu məclisi yarımçıq tərk etməli olub.

Verilişin rejissoru Xamis Xanlaroğlu Lent.az-a açıqlamasında həmin rayonda problemlə üzləşdiklərini təsdiq edib. Rejissor bildirib ki, mübahisəyə səbəb toyda iştirak edən qonaqların onlara çəkilişə imkan verməməkləri olub: “Ağdaşda çəkilişdə olarkən, orada keçirilən toy məclisinə getdik. Bilirsiniz bizim insanlar bir az müğənniyə acdırlar. Görən kimi üstlərinə tökülüşdülər. Öpüb-qucaqlayıb, şəkil çəkdirmək istəyirdilər. Çəkilişə mane olurdular. Onlar bir növ görməmişdik etdilər. Biri operatorun üstündən belə adlayırdı, biri belə adlayırdı. Biz də məclisi yarımçıq tərk etməli olduq”.

Qeyd edək ki, aparıcı Ülviyyə Əliyevanın təqdimatında yayımlanan verilişin qonaqları müğənni Yeganə, Ataxan İsmayılov olub.