Avropa Məhkəməsi Fuad Qəhrəmanlının həbsi işini araşdırır

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilmiş daha iki şikayət üzrə kommunikasiyaya başlayıb. Ərizələrdən biri məhkəməyə 2016-cı ildə, digəri isə 2018-ci ildə göndərilib.

Bu barədə hüquqşünas Xalid Ağaliyev facebook səhifəsində məlumat yayıb.

Araşdırılan şikayətlərdən biri AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının, o biri isə Türkiyə vətəndaşı Mustafa Yaşar Ceyhanındır.

Fuad Qəhrəmanlı 2015-ci ildə “Nardaran hadisələri” zamanı məhz feysbukdakı paylaşımlarına görə həbs olunmasından Avropa Məhkəməsinə şikayət edib. Yerli məhkəmələr onu “dövlət əleyhinə yönələn açıq çağırışlar” və “milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması” cinayətlərində günahkar bilib. Fuad Qəhrəmanlı isə iddia edir ki, dövlət onun konvensiya ilə təminat altına alınan azadlıq və toxunulmazlıq (maddə 5), ədalətli məhkəmə araşdırması (maddə 6) və ifadə azadlığı hüquqlarına müdaxilə edib.

Şikayəti araşdırılan Türkiyə vətəndaşı isə Türkiyədəki “Feto” olayları zamanı Azərbaycanda təqibə məruz qalıb, saxlanılıb və “Feto” hərəkatına mənsub olması əsası ilə iradəsinin ziddinə olaraq Azərbaycandan Türkiyəyə yola salınıb. Mustafa Ceyhanın vəkilləri iddia edir ki, onun işgəncəyə məruz qalmamaq (maddə 3), azadlıq və toxunulmazlıq (maddə 5), səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq (maddə 13) hüquq və azadlıqlarına müdaxilə edilib.