
Azərbaycan İqtisad Universitetinin tələbəsi, Almaniyada magistr təhsili alan azərbaycanlı Cavid Hacıyevin Kiyevdə öldürüldüyü haqda xəbər vermişdik. Criminal.az saytı bu qətllə bağlı yeni məlumat yayıb. Aydın olur ki, Cavid Hacıyevi təlbə dostu öldürüb, həm də xüsusi qəddarlıqla. Belə ki, məlumata görə, qətli törədən Cavidin dostu, “Altes Qrup”un perezidentinin qardaşı oğlu Əli Abdullayevdir. Onlar Azərbaycan İqtisad Universitetində tələbə yoldaşı olublar. Əli Abdullayev Cavid Hacıyevi Kiyevə qonaq çağırıb və yaşadığı evdə onu öldürüb.
Onlar şəhəri gəzib dolaşdıqdan sonra Əlinin kirayə etdiyi mənzilə gediblər. Cavid mənzildə yatdığı yerdə öldürülüb. Əli Abdullayev onu küt alətlə öldürüb, sonra kürəyindən üç bıçaq zərbəsi vurub, daha sonra isə meyidin üzərində qəddarlıqlar edib. O, meyidin qoxusunun gəlməməsi üçün üzərinə kofe, yağ, benzin töküb. Hətta əlil arabası da sifariş verib, evdə olan balta və benzo-pila ilə meyidi doğrayaraq mənzildən çıxarmaq istəyib. Bunun üçün cəsədi hamama aparıb, lakin fikrini dəyişib, onu yandırmaq istəyib, bu da alınmadıqda qaçıb. Cəsəd mənzildə 3-4 gün qalıb, qoxu gəldiyini hiss edən qonşular polisə şikayət ediblər. Polislər həmin mənzilə gəlib Cavid Hacıyevin qətlə yetirdiyinin şahidi olublar.

Əli Abdullayev dostunu Ukraynaya, oradan da Avropa turuna dəvət edən zaman Cavid artıq Frankfut-Bakı təyyarə reysi üçün bilet alıbmış. Əli israrla ona bileti dəyişdirdib və Kiyevdə gəzməyə gəlməyə razı salıb. Cavid Hacıyevin itkin düşməsi xəbəri yayılanda Əlinin qardaşı onun ailə üzvlərinə deyib ki, özü gedib onları tapacaq. O tək Kiyevə yollanıb, iki saatlıq Borispil aeroportunda olub və kiməsə bir çamodan verərək geri qayıdıb. Cavidin anasına isə deyib ki, anası xəstələndiyindən təcili geri qayıtmalı olub. Hazırda Əli Abdullayevin Moldovaya qaçaraq gizləndiyi ehtimal olunur.