AXCP fəalı həbs olundu VİDEO

Tofiq Məmmədov polis tərəfindən saxlanılarkən

Oktyabrın 11-də Bakının Yasamal rayonunda “İnşaatçılar” metrosunun yaxınlığında təkadamlıq aksiya keçirən AXCP fəalı Tofiq Məmmədov polis tərəfindən saxlanılıb. Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Məmmədova xırda ticarətlə məşğul olmaq imkanı verilmir: “Uzun müddətdir polis Tofiqə xırda ticarətlə məşğul olmaq imkanı vermir. Digərləri isə rahat ticarətlə məşğul olur. Tofiqə qarşı siyasi baxışlarına görə ayrıseçkilik edirlər. O buna etiraz olaraq aksiya keçirib və polis saxlayıb”.

Tofiq Məmmədov aksiya keçirir

Tofiq Məmmədov Yasamal Polis İdarəsinə aparılıb və bir neçə saat ərzində onunla bağlı hər hansı məlumat əldə etmək mümkün olmayıb. Yalnız hava qaralandan sonra bəlli olub ki, Tofiq Məmmədova 10 sutka inzibati həbs cəzası verilib.

Tofiq Məmmədovun taleyi ilə maraqlanmaq üçün Yasamal rayonu 29-cu polis bölməsində növbətçi hissəyə yaxınlaşan jurnalist Fatimə Mövlamlı isə zorakılığa məruz qalıb. Bu barədə jurnalistin özü feysbukda məlumat paylaşıb. “Dostumuz Tofiq Məmmədovdan xəbər almaq üçün yaxınlaşdığım növbətçi hissədə yumruq, şillə və təhqirlə qarşılaşdım. Məni növbətçi hissənin yanındakı kameranın dəmir barmaqlıqlarına sıxıb, boymundan və saçımdan tutaraq, “İndi səni də qeydiyyatdan keçirib göndərərik Tofiqin yanına!” deyə üstümə bağırırdılar. Təxminən yarım saat dəmir barmaqlıq arxasında saxlanıldım. Bölmə rəisi bütün bu həngamədən sonra məni qəbul etdikdə, ondan həmin anların video görüntüsünü tələb etdim, aldığım cavab isə rəziliyyin son nöqtəsi idi: “Müşahidə kameralarımız işləmir!” Amma mən polisə əl atsaydım, o kameralar məni gözümün rənginə kimi çəkmişdilər”, – deyə Mövlamlı yazıb.