Ukrayna seçkiləri: ilkin nəticələr

Ukraynada oktyabrın 28-də keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanmağa davam edir.

APA-nın xəbərinə görə, proporsional sistem üzrə bülletenlərin 28,40%-i sayıldıqdan sonra prezident Viktor Yanukoviçin Regionlar Partiyasının 36,8%, Yuliya Timoşenkonun “Batkivşina” (Vətən) Partiyası ətrafında birləşmiş müxalifətin 20,91%, iqtidaryönlü Kommunist Partiyasının 15,33%, məşhur boksçu Vitali Kliçkonun müxalif “UDAR” Partiyasının 12,58%, radikal müxalifətçi və ultramillətçi “Svoboda” Partiyasının isə 7,51% səs aldığı açıqlanıb. Beləliklə, yeni parlamentdə 3 müxalifət fraksiyasının təmsil olunacağı dəqiqləşib. Digər partiyalar 5%-lik minimum baryeri keçə bilməyiblər.

Ukrayna parlamenti 450 deputatdan ibarətdir. Bunların yarısı proporsional, yarısı isə majoritar sistem üzrə seçiləcək. Majoritar dairələrdə Regionlar Partiyasının namizədləri öndə gedir.