“Texnikabank”ın Yasamal filialının həbsdə olan sabiq müdir müavini Elnur Seyidovla bağlı sənədlər növbəti dəfə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Bu barədə APA-ya Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin sədri Əsabəli Mustafayev məlumat verib.
Ə. Mustafayev həmin işlə bağlı bu il iyunun 13-də Avropa Məhkəməsinə müraciət etdiklərini deyib: “Müraciətdə xahiş etmişdik ki, Elnur Seyidovla bağlı Avropa Məhkəməsi reqlamentinin 39-cu maddəsi tətbiq olunsun və ilkin tədbir kimi onunla bağlı seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə tələb qoyulsun. Avropa Məhkəməsi də bizdən əlavə sənədlər istəmişdi. Avqustun 6-da və 18-də Elnur Seyidovun xəstəliyi haqda arayışları, həkim rəylərini, xəstəlik tarixçəsini, tibbi avadanlıqlarla aparılan müayinələrin CD-sini poçtla Avropa Məhkəməsinə göndərdik. Lakin məhkəmədən bizə cavab gəldi ki, tələb olunan əlavə sənədlər Avropa Məhkəməsinə çatmayıb. Bunun üçün də biz yenidən sənədləri göndərdik və əvvəl göndərdiyimiz sənədlərin də necə yoxa çıxmasının araşdırılmasını xahiş etdik”.