28 sentyabr mitinqinə hakimiyyətdən “yox” kimi “hə” cavabı

Mitinq üçün Milli Şuranın əvvəldən “getməyəcəyik” dediyi yer təklif edildi

Əli Kərimli: ” Belə də davam edə bilməz. Etiraz aksiyaları keçirilməlidir və keçiriləcək”

Milli Şuranın 28 sentyabrda mitinq keçirməklə bağlı müraciətinə BŞİH nıhayət, bu gün cavab verib. BŞİH Milli Şuraya mitinq üçün Lökbatan qəsəbəsini təklif edib. Milli Şura əvvəlcədən qərarlaşdırdığı kimi, BŞİH-in bu təklifini rədd edib. MŞ bunu əslində mitinqə razılıq verməmək və qanunsuzluq kimi qiymətləndirib.
BŞİH-in cavabı ilə bağlı AXCP sədri Əli Kərimli bunları bildirib:
Açıq-aşkar Bakıda mitinq keçirməyimizdən qorxurlar. Konstitusiyanı, qanunu tapdalayıb, mitinq müraciətimizə vaxtında (mitinqə 3 iş günü qalmış) cavab vermədilər. Mitinqə cəmi 1 iş günü qalmış – indi bizə cavab veriblər. Bakı Şəhər İcra Hakimiyyəti 28 sentyabr mitinqinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində razılıq verib. Həm Milli Şurada, həm də AXCP Rəyasət Heyətində bu variantı əvvəlcədən müzakirə etmişdik. Lökbatanda və ya şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik. Lökbatanda mitinq keçirmək təklifini əslində mitinqə “yox” demək kimi qiymətləndiririk. Aydındır ki, bu şəraitdə 28 sentyabr mitinqini keçirmək alınmayacaq. Ancaq belə də davam edə bilməz. Etiraz aksiyaları keçirilməlidir və keçiriləcək. AXCP və Milli Şurada müzakirələrdən sonra növbəti qərarlarımız barədə ictimaiyyətə məlumat veriləcək.

azadliq.info