Ukraynada parlament seçkiləridir

Bu gün Ukraynada Ali Radaya seçkilər keçiriləcək. Qanunvericilikdəki dəyişiklərə əsasən, 225 deputat partiya siyahısı, bir o qədəri də birmandatlı dairələrdən seçiləcək.

Seçki kampaniyası iyulun 30-da başlayıb. Parlamentdəki yerlər uğrunda 21 partiya mübarizə aparır. Onların arasında hakim Regionlar Partiyası, “Batkivşina” müxalifət birliyi, Kommunist Partiyası, eləcə də, seçki kampaniyasının debütantları – məşhur boksçu Vitali Kliçkonun rəhbərlik etdiyi “UDAR”, Yuliya Timoşenkonun keçmiş silahdaşı Natalya Korolesvsayanın yaratdığı “Ukrayna-İrəli” partayaları da var. Ümumilikdə 450 deputat yeri uğrunda 5200 namizəd yarışır. Yəni, bir deputat mandatına 12-yə yaxın namizəd iddia edir. Lakin bəzi dairələrdə namizədlərin sayı 40-a çatır.

Partiyalar Ali Radaya keçməe üçün 5 faizlik həddi keçməlidirlər. Birmandatlı dairələrdə isə qalib sadə səs çoxluğu ilə müəyyən ediləcək.

Seçki məntəqələri yerli vaxtla 08.00-dan 20.00-adək (Bakı vaxtı ilə 10.00-22.00) işləyəcəklər.

Ukaryna MSK səsvermənin gedişi ilə bağlı məlumatları Bakı vaxtı ilə saat 12.30-dan sonra açıqlamağa başlayacaq. İlkin nəticələrin isə gecə yarısından sonra elan ediləcəyi gözlənilir. Lakin seçki məntəqələri bağlanandan dərhal sonra exit-poll-un nəticələrinin açıqlanacağı bildirilir.

Qanunvericiliyə görə, MSK noyabrın 12-dək seçkilərin rəsmi nəticələrini açıqlamalıdır. Rəsmi KİV 5 gün ərzində nəticələri dərc etməlidir. Yəni, noyabrın 17-dən gec olmamaş şərtilə Ukrayna parlamentinin yeni tərkibi məlum olacaq (ans press).