Hər tərəfdən rejimlə dialoq, “2013 əvəzinə 2015″, ”mübarizəni daxildə aparaq, xaricdə iqtidar-müxalifət ayrı-seçkiliyini bir kənara qoyaq”, “hakimiyyətin pis tərəflərini tənqid edib, yaxşı tərəflərini də demək lazımdır” janrında boşboğazlıqların, zəvzəkliklərin başını alıb getdiyi günlərdən keçirik. Bu günlər müxalifətçiliyin şərəfini qorumalı olduğumuz günlərdir.
Bəli, quldur, oğru sistemin vəziyyəti çox ağırdır. Hətta 2003-lə müqayisədə belə, çox çətindir durumları. Artıq imitasiya edə bilmirlər. Artıq alver yolları tükənib – “kürü diplomatiyası”nın ifşası bunun isbatı idi. Artıq çoxlu pullar da özlərinin “dünyəvi”, “islahatlarameylli” obrazını yaratmağa kömək etmir. “Balanslaşdırılmış siyasət” iflasa uğrayıb, artıq həm Kremlin direktivlərini yerinə yetirib həm də özlərini “Qərbə inteqrasiya edən” kimi göstərmək mümkünsüzləşib. Üzlərindəki maska düşüb. Hamı bunları artıq öz adları ilə çağırır: neft oğrusu, mətbuat yırtıcısı, qeyri-azad…
Qaçılmaz, acı sonu rejimin öz içində də görənlər var, onlar da onları gözləyən aqibətdən narahatdırlar. Ayrı-ayrı qrupların gələcəklərini, kapitallarını xilas etmək üçün çeşidli yollara baş vurduqlarını, qurtuluş axtardıqlarını hiss etməmək mümkün deyil.
Mənəvi məğlubiyyətlərini həm hiss edirlər, həm də hiss etdirirlər.
Belə bir vaxtda müxalifət içində rejim simpatizanlarının üzərinə ciddi vəzifələr düşür. Onlardan artıq özlərini gizlətməmək, Əliyevçi sistemin maraqlarına açıq və aydın xidmət tələb olunur.
Elə müxalifətin içindən oğru rejimin maraqlarına hesablanan, əlinə oynayan səslərin daha yüksəkdən ucalması, demokratik dəyərlərə içdən, səmimi bağlılığı çoxdan şübhə doğuran adamların hakimiyyətlə müzakirələr, dialoqlar, mümkün anlaşmalar barədə fikirlərinin, təkliflərinin artması bununla bağlıdır. Onları sistem məhz bu günlər üçün saxlayırdı, bəsləyirdi. Ki, çətin situasiyada onların ağzı ilə ümumi maraqlara zərbə vuran kombinasiyalar qura bilsin. Ən birinci də – “müxalifətdəkilər də elə öz adamlarımızdır” düşüncəsini bütün toplumun zehniyyətinə yeritməyi bacarsın.
Indi bu missiya ilə görəvləndirilən adamlar iş başındadırlar.
Digər tərəfdən də rejimlə hansısa müzakirələr aparıldığı barədə iddialar birmənalı rədd edilmir. Belə məqsədli “xəbərlər”, “analitik yazılar” qarşısında ya susulur, ya da elə münasibət bildirilir ki, iddiaların doğru olduğuna dair şübhələr daha da artır.
Hər bir halda isə zərbə müxalifətçiliyə dəyir. Müxalifətçilik gözdən salınır. Mübarizə urvatsız edilir.
Elə bir hava yaradılır ki, əslində müxalifətçilik də, mübarizə də boş şeydir, rejimə qarşı olanlar da əslində sistemin parçalarıdır, həlledici anda onlar rejimlə xurcuntayına çevrilirlər, əlaltından sistemlə bütünləşir, bütövləşirlər.
Biz indii məhz ona görə bu gün recimlə hər hansı danışıqlar olub-olmadığına aydınlıq gətirilməsini…
Ona görə bu barədə yazanlardan, xəbər yayanlardan ağızlarındakı paxlavanı çıxarmalarını…
Ona görə belə xəbərlərə müxalifət liderləri və təşkilatlarından konkret, qəti fikir bildirmələrini istəyir, tələb edirik ki, bu cür müəmmalı, şübhəli situasiya ümumilikdə mübarizəmizi sarsıdır, müxalifətçilik ətrafında quşqu çənbəri yaradır, ona güvəni, etimadı zədələyir.
Biz ağır zamanlar görmüşük. Repressiyaların, işgəncələrin elə dövrünü görmüşük ki, çoxunda bir daha müxalifətin baş qaldıracağına, yola davam edəcəyinə inam qalmayıb.
Amma bəzən bir neçə ayda, bəzən bir-iki ildə toparlanmağı, rejim özünü meydanda tək və rahat hesab edərkən yenə ortaya çıxmağı, onun müxalifəti bitirmək üçün sərf etdiyi mayanı batırmağı bacarmışıq.
Azərbaycanda müxalifətçiliyin ən zəif vaxtları da olub, ən ümidsiz anları da.
Amma müxalifətçilik ruhu heç vaxt ölməyib. Heç vaxt o insanlara boş, mənasız, hörmətsiz, urvatsız bir şey kimi görünməyib.
Di gəl ki, indi illərdir rejimin müxalifət içində bəslədiyi Əliyev simpatizanlar elə bir dalğa başladıb ki, bunun önünə keçilməsə…
Bu oğru sistemlə hər hansı anlaşmanın heç bir halda mümkün olmayacağı birinci ağızlardan qəti şəkildə bəyan edilməsə…
Ən kiçik şübhələrə belə, yol açacaq söyləmlərdən, davranışlardan əl götürülməsə, Azərbaycanda müxalifətçilik elə ağır bir zərbə alacaq ki, onun yaralarını sağaltmağa bəlkə də bir ömür bəs etməyəcək.
Rejim məhz bunu istəyir. Məhz bunu! Azərbaycanda müxalifətçiliyin fiziki məhvinə nail olmadığını görüncə, onun mənəvi olaraq ləkələnməsinə, zədələnməsinə, yox edilməsinə çalışır və bunun üçün də sistemin müxalifət içindəki qulbeçələri var güclərini işə salıblar.
Artıq gerçəkdən də Azərbaycanın bir tayfanın istilasından azad edilməsini istəyiriksə, bu iyrənc prosesi durdurmalıyıq. Müxalifətçiliyə qarşı bu mənəvi zəhərləmə aktlarının qarşısına keçməliyik.
Müxalifətçilik üzərində ən xırda quşqunun yaranmaması üçün belələrinin cavabı anında, ən kəskin formada, ən ağır şəkildə verilməlidir. Anında!
Yox əgər, cavab verməyə borclu olanlar susacaqlarsa, o zaman bu ölkədə müxalifətçiliyin yoxediliş ssenarisinin bir parçasına da onların özlərinin çevriləcəyi şübhəsizdir.
Əliyevçi sistemin çöküşü uzana da bilər. Bu gündən gözləntilərimiz sabah da gözlənti olaraq qala da bilər.
Biz bu rejimin öhdəsindən gəlməyə, onu pis bir miras kimi bizdən sonrakılara buraxa da bilərik.
Amma kimsənin mübarizəni ləkələmək, müxalifətçiliyi urvatdan salmaq kimi bir haqqı və lüksü olmamalıdır. Heç yoxdur da.
Tarix belələrinə üzərlərinə düşən vəzifəni yerinə yetirməməyi bağışlaya bilər. Bizdən sonrakılar anlaya bilər ki, onlardan əvvəlkilər çalışdılar, çabaladılar, çırpındılar, əllərindən gələni etdilər, amma sadəcə, bacarmadılar. Olmadı. Alınmadı. Bu əsla və əsla faciə deyil.
Faciə o olacaq ki, biz müxalifətçiliyin qutsallığını…
Mübarizənin müqəddəsliyini ləkələyəcəyik.
Bizdən geriyə gözdən düşmüş, etibarsızlaşmış bir müxalifətçilik qalacaq. Bizdən sonrakılar həyatlarını mübarizəyə deyil, başqalarını bu mübarizənin səmimiyyətinə, özlərinin bu müarizədə barışmaz, sınmaz, dönməz olduqlarına inandırmaqla məşğul olacaqlar.
Gəlin barı bunu etməyək!

Müxalifətçiliyi necə qorumalı?
•
•