AXCP sədri Rusiyadakı milyarderlər ittifaqına münasibət bildirdi

ali kerimli-yeni“Xalq ona hörmətsiz yanaşan rejimi cəzalandırmalıdır. Bu oğru hakimiyyətə yenə imkan yaratsaq, nefti də, Neft Fondunu da qurtaracaq”

başlanğıcı ötən sayımızda

– Gündəmin mövzularından biri də Rusiyada bir qrup nüfuzlu, milyardlarla dollar vəsaiti olan azərbaycanlının yeni təşkilat yaratmasıdır. Söhbət Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqından gedir. Bu hadisəni necə dəyərləndirirsiniz və bunun Azərbaycandakı proseslərə mümkün təsiri barədə nə düşünürsünüz?
– Rusiyada yaşayan milyarderlərin və bəzi ictimaiyyət nümayəndələrinin yaratdıqları diaspor təşkilatı haqqında məlumatlar Azərbaycan cəmiyyətində çox deyil. Təşkilatı yaradanlar elan edirlər ki, bu bir diaspor təşkilatıdır. Söhbət Rusiyada yaşayan nüfuzlu azərbaycanlıların birləşib yeni bir diaspor təşkilatı yaratmasından gedirsə, burada qeyri-adi nə var ki? Nəyə görə bu böyük müzakirə mövzusu olmalıdır və nəyə görə ölkənin bütün ictimai spektri məsələyə münasibətini bildirməlidir? Hətta bu təşkilat Xaricdə Yaşayan Azərbaycanlılar üzrə Dövlət Komitəsini məmnun etmədən formalaşıbsa belə, burada qeyri-adi nə var ki? Əslində biz çoxdan həmin dövlət komitəsinin siyasətini tənqid edirik ki, komitə diaspor fəaliyyəti ilə yox, diasporu yaplaşdırma, hər şeyi nəzarətdə saxlamaqla məşğuldur. Belə görünür ki, sadəcə yeddi-səkkiz nəfər nüfuzlu azərbaycanlı həmin komitə ilə razılaşdırmadan təşkilatlanıblar deyə bu qədər böyük hadisələr baş verib. Yox, həmin təşkilatlanmış milyarderlərin, ictimai xadimlərin mətbuatın iddia etdiyi kimi doğrudan da Azərbaycana yönəlik hansısa istəkləri, iddiaları, planları olacaqsa, onlar bu barədə mətbuata, xalqa məlumat verəcəklər və danışmağa başlayacaqlar. O zaman bizim onlara münasibətimiz onların istəklərinə, planlarına, mövqelərinə, prinsiplərinə görə müəyyənləşəcək.

Əvvəlcə onların nə istəkdiklərini bilməliyik

– Diasporla iş üzrə dövlət komitəsinin məmnun olmadığını xatırlatdınız. Elə məsələyə ictimai marağı artıran, şübhə və suallar doğuran da komitənin, hakimiyyət düşərgəsində olan bəzi şəxslərin bu təşkilata qarşı belə münasibət bəsləməsi oldu.
– Indidən hakimiyyətin belə bir təlaş keçirməsinin səbəbini izah etmək çətindir. Azərbaycan hökumətini rəsmi və qeyri-rəsmi təmsil edən şəxslərin bu insanları hədəfə götürməsi, kampaniya aparması, əlbəttə, müəyyən suallar yaradır. Nə baş verir? Bu barədə xalqın, geniş təbəqələrin bilmədiyi hansısa məlumatlarımı var? Yoxsa sadəcə öyrəşiblər ki, hər şeyi tam nəzarətdə saxlasınlar və indi onların nəzarətindən kənarda olan prosesin getməsinə qısqanclıqla yanaşırlar?
Hesab edirəm ki, hər halda biz həmin soydaşlarımızın özlərini eşitməliyik. Onların nə istəkdiklərini bilməliyik və münasibətimiz ona görə formalaşmalıdır. Bir də açığı, mən bu məsələyə həm də ona görə təmkinlə yanaşıram ki, həmin adamları şəxsən tanımasam da, son vaxtlar Rüstəm Ibrahimbəyovun, Ziyalılar Forumunun fəaliyyətini izləmişəm. Rüstəm bəy də fərqindədir, baxmayaraq ki, əvvəlki illərdə də o, həm Azərbaycanda, həm dünyada sənətində, yaradıcılığında çox böyük nəaliyyətlər əldə edib, amma məhz indi ictimai fəaliyyətinin zirvəsindədir. Azərbaycan xalıqının böyük bir təbəqəsi ona ziyalı kimi inanmağa başlayıb. Əslində onun rəhbərliyi ilə Ziyalılar Forumunun başlatdığı proses cəmiyyətin ziyalılara etimadını bərpa etməyə başlayıb. Hər bir etimad da müəyyən məsuliyyət yaradır. Ən azı Rüstəm bəyin onun nüfuzuna xələl gətirən, xalqın maraqlarına,ÿ demokratik prinsiplərə zidd olan layihələrdə iştirak edəcəyinə inanmıram. Inanmıram ki, Rüstəm Ibrahimbəyovun içində olduğu hər hansı bir proses antiAzərbaycan mövqeli olsun. Ona görə bu təşkilat ətrafındakı ajiotajı müəyyən mənada maraqlı qüvvələrin yaratdığı ajiotaj hesab edirəm. Biz həmin soydaşlarımızı səbrlə dinləməliyik. Onlar nə istəyirlər, planları nədir? Onların planları gerçəkdənmi yalnız diasporla bağlıdır, yoxsa Azərbaycanla bağlı hansısa planları var? Yalnız buna görə bizim münasibətimiz formalaşmalıdır.

– Deyilənlərə görə, təşkilata daxil olan şəxslərin ümumi kapitalları 50 milyarda yaxındır. Belə mülahizələr var ki, əslində onları hərəkətə gətirən amillərdən biri də Azərbaycanda biznes sahələrinə buraxılmamalarıdır?
– Azərbaycanda elə bir rejim yaranıb ki, işsiz-gücsüz, əmlaksız yaşamaq haqqında düşünmək məcburiyyətində qalan insan da, böyük var dövlət sahibi olan da eyni dərəcədə hüquqsuzdur. Ölkənin xaricində var-dövlət qazananlar da ölkənin daxilində ondan istifadə edə bilmirlər. Buna görə də ümumi mənada bu mülahizə doğrudur. Bir ölkədə azadlıqlar yoxdursa, iqtisadi, sosial azadlıqlar təmin olunmursa, sərvətinin həcmindən asılı olmayaraq, ləyaqətli insan özünü xoşbəxt saya bilməz. Amma bir daha vurğulamaq istəyirəm, biz Rusiyada təşkilat yaratmış milyarder azərbaycanlıları, ictimai xadimləri dinləməliyik. Onların əvəzindən danışmamalıyıq. Nə iştirakları olmadan onlardan müxalifətçi düzəltməməliyik, nə də mövqelərini bildirmədən onları antiAzərbaycanlı kimi damğalamalıyıq. Hər bir insanın fəaliyyət azadlığına hörmətlə yanaşmalı və imkan yaratmalıyıq ki, bu insanlar cəmiyyətlə təmasa keçib nədən razı, nədən narazı olduqlarını desinlər, cəmiyyətin, ictimai qüvvələrin də münasibəti bunun əsasında formalaşsın. Adamları dinləmədən, onların gerçəkdən nə istədiyini bilmədən, yalnız fərziyyələr üzərində nəticələr çıxarmağı yanlış hesab edirəm.

Büdcə hakimiyyətin mahiyyətini ifşa edir

– 2013-cü il dövlət büdcəsinin konturları artıq məlumdur. Yenə Neft Fondundan olan iri transferlər hesabına formalaşan büdcədə sosial istiqamətlərə vəsait ayrılmasa da, hüquq-mühafizə orqanlarının, dövlət aparatının saxlanmasına xüsusi önəm verilir. Bu cür yanaşma nəyi göstərir?
– Istənilən hökumətin büdcə siyasətini təhlil etməklə həmin hökumətin mahiyyətini bilmək olar. Hökumətin nələri prioritet gördüyünü, hansı uğurlar qazandığını, hansı uğursuzluqlara imza atdığını büdcə siyasəti açıq ifadə edir. 2013-cü il üçün təklif olunan büdcə layihəsi əvvəlki illərə nisbətən yenə də böyüyüb. Bu büdcədəki artım iqtisadiyyatdakı real artımı ifadə etmir. Bu büdcənin formalaşması Neft Fondundan transferlərin artmasını nəzərdə tutur. Biz artıq Ilham Əliyevin bp ilə qarşıdurmasından sonra bilirik ki, Azərbaycanda 2010-cu ildən başlayaraq neft istehsalı aşağı düşür. Indi bu bp ilə olan hay-küy ona görədir ki, heç olmasa 2013-cü ildə bir illik əlavə vəsaitlər cəlb etməklə neft hasilatını sabitləşdirə bilsinlər, enişi dayandırsınlar, prezident seçkiləri ərəfəsində populist layihələri həyata keçirə bilsinlər. Amma əslində neft istehsalı aşağı düşməkdə davam edir. Azərbaycanın əsrlərdir gözünü dikdiyi neftdən qalan vəsait indi həmin Neft Fondundakı maliyyədir. 2013-cü il dövlət büdcəsində göstərilir ki, həmin o fonda toplanan vəsaitləri də ən qısa müddətdə hökumət israf etmək niyyətindədir. Yalnız bir ilin ərzində Neft Fondundan 11.5 milyard manat, təqribən 15 milyard dollara yaxın vəsait büdcəyə transfert olunacaq. Büdcənin 60 faizə yaxını Neft Fondunun hesabına formalaşacaq. Yəni büdcə əhalidən toplanmış vergi və rüsumların hesabına deyil, məhz Neft Fondunda gələcək nəsillərə saxlanılmalı olan vəsait hesabına qurulub. Bu vəziyyət daha bir neçə il davam etsə, xalq daha bir neçə dəfə bu oğru hakimiyyətə imkan yaratsa, nəinki yerin altındakı neft, fonda toplanan vəsaitləri də dağıda bilərlər.
Ikincisi, büdcədəki artımın istiqamətlərini təhlil etmək lazımdır. Azərbaycan hakimiyyəti gələn il üçün təhsil, səhiyyə kimi sosial sahələrə 0.5-1 və ya 1.5 faiz cüzi artımlar nəzərdə tutub. Amma dövlət idarəetməsinin xərcləri birdən-birə 52 faiz, sair iqtisadi xərclər – yəni faktiki  anonim olan, barəsində heç bir izahat verilməyən xərclər 48 faiz artırılır. Hüquq-mühafizə orqanlarına ayrılan vəsaitlər ciddi şəkildə artıma məruz qalır. Buradan artıq 2013-cü il büdcə siyasətinin prioritetləri görünür. Görünən odur ki, heç bir sosial siyasət həyata keçirilməyəcək. Yenə korrupsiya, büdcədən daha çox talan etmək əsas vəzifə olacaq və bir də bu korrupsiyaya, saxtakarlığa qarşı kim etiraz etmək fikrinə düşsə, ona qarşı repressiya aparatı gücləndiriləcək. Azərbaycan xalqını razı salmaq, məmnun etmək yox, ram etmək, tabe etmək, sındırmaq prioritet elan olunacaq.

İnflyasiya əmək haqqı artımını üstələyir

– Sizcə, hakimiyyətin 2013-cü il büdcəsində əmək haqları, pensiyalar və təqaüdlərdə artımı məhz seçki ərəfəsinə nəzərdə tutması bir təsadüfdürmü?
– Həqiqətən də burada maraqlı bir məqam maaşlar, pensiyalar, təqaüd və sosial müavinətlərlə bağlıdır. Artıq son illərdə bu da bir tendensiyaya çevrilib. Əvəlla, artıq son illərdə maaşların, pensiyaların, təqaüdlərin artımı inflyasiyadan geri qalır. Yəni faktiki maaş, pensiyalar artmır, azalır. Çünki olan cüzi artımları inflyasiya yeyir. Bu dəfə də belə olacaq.
Nəhayət, daha bir təhqiramiz tendensiya müşahidə olunur ki, Azərbaycan hökuməti neçə ildir yalnız seçkilər ərəfəsində cüzi maaş, pensiya, təqaüd artımına gedir. Indi də ilin əvvəlində belə bir artım nəzərdə tutulmayıb. Yalnız seçkilər ərəfəsində cüzi şəkildə belə bir artım nəzərdə tutulur. Əslində, Azərbaycan xalqı bunu özünə təhqir kimi dəyərləndirməlidir. Ya Azərbaycan müxalifəti yeni bir etiraz dalğasına başlayanda maaş, pensiya artımı yada düşür –  2011-ci ilin aprelində olduğu kimi, ya da seçki kampaniyası gələndə xalqı satın almaq üçün belə jestlər edilir. Hesab edirəm ki, Azərbaycan xalqı bu siyasətə etiraz eləməlidir. Əlbəttə ki, həmin o maaşların, pensiyaların daha çox artımı Azərbaycan xalqının haqqıdır. Azərbaycan xalqının 10 milyardlarla sərvətini bu oğrular dünyanın müxtəlif yerində özləri üçün yerləşdiriblər, mənimsəyiblər. Yalnız hakim ailənin 19 ildə ölkədən çıxardığı vəsaitləri Britaniya təşkilatı 48 milyard dollar həcmində göstərib. Xalq ona hörmətsiz yanaşan rejimi cəzalandırmalıdır və mən hesab edirəm ki, bir gün cəzalandıracaq.

Elçibəydən istifadə edib gündəmi dəyişmək istəyirlər

– Bir müddət əvvəl Azərbaycan hakimiyyəti mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərləndirildiyi ilə bağlı absurd iddia ilə çıxış etdi. Bu kampaniyaya həm Elçibəyin ailəsinin, həm də ictimaiyyət nümayəndələrinin münasibəti sərt oldu. Amma belə görünür ki, hakimiyyət iddialarından geri çəkilmək istəmir. Prokurorluğun məhkəmə qərarı ilə Elçibəyin məzarının açıla biləcəyi haqda açıqlaması da bunu sübut edir. Belə fikirlər var ki, hakimiyyət bu yolla özünə hazırda sərf etməyən gündəmi dəyişmək istəyir.
– Haqlısız. Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi ilə bağlı başlanmış absurd iş Azərbaycan cəmiyyəti tərəfindən çox birmənalı təpkiyə məruz qaldı. Elçibəyin silahdaşları, ailə üzvləri, yaxınları bu absurd işin dayandırılmasını tələb edib, Elçibəyin ruhunu incitməməyi istəyib. Onsuz da onu sağlığında çox incidiblər, çox hüquqlarını əlindən alıblar. Indi heç olmasa onun ruhunu rahat buraxmaq tələb olundu və bu iş fiaskoya uğradı, heç bir nəticə doğurmadı. Bu iş faktiki olaraq hakimiyyətə qarşı çevrildi, bumeranq effekti verdi. Bu artıq ağılı başında olan hər kəsə aydın olan məsələdir. Azərbaycan cəmiyyətində iki nəfər törtöküntü istisna olmaqla, bu işə qoşmağa heç kimi tapmadılar. Nəticə etibarı ilə bu iş mənəvi, siyasi baxımdan tam iflasa uğrayıb. Amma sizin də dediyiniz kimi, indi gündəmdə hökuməti narahat edən çox ciddi məsələlər var. Bu baxımdan gündəmi dəyişmək üçün nəinki bəyin qəbrini açmağa cəhd, hətta başqa müxtəlif xoşagəlməz təxribatlar da edə bilərlər.
Amma Azərbaycan hökuməti bilməlidir ki, bütün etdiklərinə və edəcəklərinə baxmayaraq, hələ uzun müddət ölkənin ictimai-siyasi həyatının əsas mövzusu Elşad Abdullayevin yaydığı videolarda əksini tapmış cinayətkarlıq halları, siyasi korrupsiya, dövlət hakimiyyətinin mənimsənilməsi ilə bağlı faktlar olacaq. Azərbaycan cəmiyyəti asanlıqla bu məsələləri unutmayacaq. Bütün bunların hamısına görə Azərbaycan hökuməti məsuliyyət daşımalı olacaq.

Xəyal Şahinoğlu