Əyyub Kərim «Mahir Abdullayev müəmması» ilə bağlı «Azadlıq»a nələr danışdı?
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı müəmma hələ davam edir. Elşad Abdullayev ölkə başçısı Ilham Əliyevə və KIV-ə ünvanladığı müraciətlərdə bildirir ki, qardaşı 2003-cü il oktyabrın 13-də evdən çıxıb və bir daha geri qayıtmayıb. O, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, hər hansı nəticəsi olmayıb.
Bu baxımdan özü müstəqil şəkildə araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində Elşad Abdullayevə bəlli olub ki, qardaşı MTN və DIN-in yüksək rütbəli zabitlərinin də üzvü olduğu mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanıb. Elşad Abdullayev bu məsələdə əsasən hazırda milli təhlükəsizlik nazirinin müavini olan Hilal Əsədovu, MTN-nin idarə rəisi Akif Çovdarovu, daxili işlər nazirinin müavini Vilayət Eyvazovu, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi və s. yüksək çinli məmurları ittiham edir.
Hələ ki, bu şəxslərin heç biri Elşad Abdullayevin ittihamlarına cavab verməyib. Onların sükutu sabiq rektorun söylədiklərinin əsassız olması barədə iddialara kölgə salır. Elşad Abdullayev doğru söyləsə belə, Mahir Abdullayevin nədən hədəf seçildiyi bəlli deyil. Pula görəmi? Elşad Abdullayev qardaşının qaytarılması üçün kifayət qədər pul verib. Bəs niyə Mahir Abdullayev ailəsinə qaytarılmayıb? Bəlkə Mahir Abdullayev öldürülüb? Öldürülübsə, hansı səbəbdən? Meyit niyə ortalıqda yoxdur? Bütün bunlar Elşad Abdullayevin qurduğu böyük bir oyun ola bilərmi? Yəni, Mahir Abdullayev iddia edildiyi kimi ailənin “kassasından” böyük miqdarda pulu götürüb ölkədən çıxır, Elşad Abdullayev isə bu pulu geri almaq üçün hakimiyyəti şantaja başlayır. Belədirsə, nədən istintaq Elşad Abdullayevi ifşa etmir? Göründüyü kimi müəmmalar çoxdur. Ictimaiyyət isə bütün bunlara aydınlıq gətirilməsini istəyir. “Azadlıq” qəzeti olaraq biz də “Mahir Abdullayev müəmması”nın açılmasında və prosesin obyektiv işıqlandırılmasında maraqlıyıq. Ona görə də bu məqsədlə davamlı olaraq materiallar dərc edirik…
Bu dəfə oxuculara vaxtilə Mahir Abdullayevin itkin düşməsi faktı ilə araşdırma aparan və mövzu ilə bağlı kifayət qədər məlumatlı olan, tanınmış hüquqşünas, “Femida-007″ qəzetinin baş redaktoru Əyyub Kərimlə müsahibəni təqdim edirik.
DIN-in araşdırmaları və gəlinən nəticə
– Əyyub bəy, Elşad Abdullayev qardaşının mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlandığı bildirir və konkret adlar açıqlayır. Vaxtilə bu məsələ ilə bağlı araşdırma apardığınıza görə sizin bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Elşad Abdullayevin ittihamları, ümumiyyətlə, “Mahir Abdullayev müəmması” ilə bağlı dolaşan məlumatlar, irəli sürülən mülahizələr nə dərəcədə inandırıcıdır?
– Hazırda məni bu məsələdə maraqlandıran əsas məqam Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı başlanan cinayət işinin maddəsinin sonradan başqa maddəyə tövsif olunmasıdır. Elşad Abdullayevin şikayəti əsasında 144-cü(adam oğurluğu) maddə ilə cinayət işi başlanmışdı. Istintaqı DIN aparırdı. Lakin sonradan cinayət işi 120-ci(qəsdən adam öldürmə) maddəyə tövsif edilərək Baş Prokurorluğa verildi. Bax, bu kifayət qədər maraqlı məqamdır. Ehtimal etmək olar ki, Mahir Abdullayev qətlə yetirilib.
– Bəlkə bu hüquq-mühafizə orqanlarının izi azdırmaq üçün etdiyi “tryuk”dur? Nəzərə almaq lazımdır ki, Elşad Abdullayev MTN və DIN-in yüksək rütbəli zabitlərinin üzvü olduğu müdhiş bir dəstədən bəhs edir. Bəlkə də Hacı Məmmədovun “osminoqu”nu nişan verir…
– Bir dəqiqə. Əvvəla, mən hökm vermədim, mülahizə irəli sürdüm. Ikincisi, DIN bu məsələ ilə bağlı ciddi araşdırma aparıb və mən hesab edirəm ki, işin qəsdən adam öldürmə maddəsinə tövsif edilməsi və prokurorluğa verilməsi də polisin diktəsi ilə baş verib.
– DIN-in bu məsələ ilə bağlı ciddi araşdırma aparması barədə söylədiyiniz də mülahizədir?
– Xeyr, mən bunu konkret məlumatlara əsasən deyirəm. DIN bu məsələ ilə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsi barədə daxili işlər naziri Ramil Usubova da məruzə edilib. Məhz nazir və onun müavinləri prokurorluğu inandıra bilərdi ki, bu işin istintaqı 120-ci maddə ilə aparılmalıdır. Başqa cür ola bilməz.
– Deməli, DIN Mahir Abdullayevin qətlə yetirildiyini müəyyən edib?
– Mənim fikrimcə, bəli. DIN araşdırmalar zamanı bunu müəyyən edib və darhal cinayət işi qəsdən adam öldürmə maddəsinə tövsif edilib. Əgər Mahir Abdullayevin qətlə yetirilməsi müəyyən edilibsə, deməli, qətlin açılmasına da bir addım qalıb. Lakin bu sıradan bir qətl olmadığına və arxasında ciddi qüvvələrin dayanmasına görə iş ört-basdır edilib.
– Mahir Abdullayev həmin dediyiniz o ciddi qüvvələr tərəfindən niyə qətlə yetirilməli idi ki?
– Mən bu məsələdə Hacı Məmmədovun dəstəsinin törətdiyi bir qətllə oxşarlıq görürəm. Söhbət Narkotiklərə Qarşı Mübarizə Idarəsinin rəis müavini Azər Ismayılovun qətlindən gedir. Azər Ismayılov qadın məsələsinə görə öldürülmüşdü.
Mahir Abdullayev hansı qadının güdazına gedib?
– Hesab edirsiniz ki, Mahir Abdullayev də qadın məsələsinə görə öldürülüb?
– Bəli. Mənim fikrimcə, Mahir Abdullayevlə bağlı məsələdə qadın faktoru var. Gəlin, bu məsələ ilə bağlı versiyaları incələyəcək. Mahir Abdullayevin itkin düşməsi və bu məsələnin hələ də açılmaması ilə bağlı əsasən 3 versiya var. Birinci versiya ondan ibarətdir ki, Mahir Abdullayev külli miqdarda pul götürərək Azərbaycanı tərk edib və haradasa gizlənib. Yeri gəlmişkən, onun Dağıstanda, Moskvada olması barədə iddialar var. Daha doğrusu, belə məlumatlar yayılmışdı ki, Mahir Abdullayevi dediyim yerlərdə görüblər.
Lakin bu versiya bir qədər inandırıcı görünmür. Əgər belə olsa idi istintaq yerin deşiyində də olsa Mahir Abdullayevi tapar və Elşad Abdullayevi ifşa edərdi və ya etməli idi. Çünki Elşad Abdullayev məhz bu məsələ ilə bağlı həm yerli, həm də beynəlxalq ictimaiyyətdə Azərbaycan hakimiyyəti barədə quldur obrazı yaradıb.
Ikinci versiya ondan ibarətdir ki, Mahir Abdullayev oğurlanıb. Bu versiya da birinci kimi axsayır. Çünki adətən adam oğurluğu pula görə baş verir. Elşad Abdullayev də qardaşının geri qaytarılması üçün kifayət qədər pul verib. Hər halda Elşad Abdullayevin verdiyi pullar Hacı Məmmədova verilən “vıkuplar”dan az deyil. Amma Mahir Abdullayev qayıtmayıb.
Üçüncü versiya isə Mahir Abdullayevin qətlə yetirilməsidir. Şəxsən mən daha çox bu versiyanın üzərində dayanıram. Bayaq doğru dediniz ki, Mahir Abdullayev nədən ciddi qüvvələrin hədəfinə gəlməli idi? Bəli, Mahir Abdullayev MTN zabiti olsa da, elə də böyük fiqur deyildi və o, hansısa böyük oyunlar, intriqalar burulğanına düşə bilməzdi. Deməli, burada hansısa başqa motiv var. Ilk ağla gələn də əlbəttə ki, qadın məsələsidir.
– Mətbuatda belə məlumat yayılmışdı ki, Mahir Abdullayev hansısa bir tələbə qıza təcavüz etdiyinə görə öldürülüb. Sizin gəldiyiniz qənaətlərdə bu məlumatın da rolu varmı?
– Xeyr. Mən də bu məlumatı sadəcə mətbuatdan oxumuşam. Məndə olan məlumatlara görə, Mahir Abdullayevin ətrafında olan qadınların əksəriyyəti DIN tərəfindən dindirilib. Və bundan sonra polis müəyyən nəticələrə gəlib. Mahir Abdullayevlə bağlı son baş verənləri onun yaxın münasibətdə olduğu müğənni Mətanət Isgəndərli bilməmiş deyil.
Həmin qadın yüksək rütbəli məmurlardan birinin yaxını ola bilər.
Ramil Usubov bu işin açılmasında maraqlı olub
– Əyyub bəy, bir qədər konkretləşdirək. Mahir Abdullayevin hakimiyyətdə hansısa yüksək məmura yaxın olan bir qadına görə qətlə yetirildiyi barədə sizdə dəqiq məlumat varmı?
– Məndə olan məlumatlar DIN-in ciddi şəkildə araşdırma aparması və Mahir Abdullayevin yaxınlıq etdiyi qadınların dindirilməsi barədədir. Yəni, mən dəqiq bilirəm ki, Ramil Usubov bu məsələnin açılmasına maraq göstərib. Ramil Usubovun nəyinə lazım idi ki, bunu ört-basdır etsin?! Amma bu araşdırmalar nəticəsində DIN konkret nəyin üstünə çıxıb, bu artıq mülahizədir. Mən hesab edirəm ki, Mahir qətlə yetirilib və bu hadisədə qadın amili var. Açılmırsa, deməli, qadın da ciddi qüvvələrə bağlıdır. Hətta mən düşünürəm ki, Mahir Abdullayev cəzalandırılacağını bilib və qaçmaq fikrinə düşüb. Xatırlayırsınızsa, Elşad Abdullayev müraciətlərində deyib ki, Mahir Mətanət Isgəndərlinin evində kimlərəsə külli miqdarda pul verib. Hətta orada dava da olub. Mən hesab edirəm ki, bu hadisə elə Mahir Abdullayev itkin düşən gün baş verib. Mahir Abdullayev külli miqdarda pulla ölkədən qaçmaq istəyərkən onu yaxalayıblar.
– Sizcə Elşad Abdullayev qardaşı ilə bağlı nə baş verdiyindən məlumatlıdır?
ardı var
Vidadi Məmmədov
QEYD: Mahir Abdullayev birinci şəkildə sağda. Ağ rənglə işarələnib.