İctimai Palata Milli Məclis qarşısında piket keçirəcək

Koordinasiya Şurası bu barədə qərar qəbul edib

Oktyabrın 26-da Ictimai Palatanın Koordinasiya Şurasının növbədənkənar toplantısı keçirilib. Koordinasiya Şurasının üzvü Ədalət Yusifov bildirib ki, iclas zamanı, icazəsiz etiraz aksiyalarında iştirak edən şəxslərə tətbiq olunan cərimələrin artırılması məsələsi müzakirə olunub. Hakimiyyətin atmaq istədiyi bu addım pislənilib. Bu, hökumətin, etiraz aksiyalarının qarşısını almaq cəhdi kimi qiymətləndirilib. Koordinasiya Şurası noyabrın 2-də Milli Məclisin önündə etiraz aksiyası keçirmək barədə qərar verib. Iclasın sonunda Ictimai Palatanın bəyanatı qəbul olunub.
Bəyanatda bildirilir ki, 2013-cü il – prezident seçkisi ilində Azərbaycanda ifadə, sərbəst toplaşmaq azadlıqlarının təmin olunmasına dair yerli və beynəlxalq ictimaiyyətin çağırışlarına Ilham Əliyev bu yolla – aksiyalarda iştiraka görə cərimələrin 30-50 dəfə artırılmasıyla cavab verir. Ictimai Palata xatırladır ki, hazırda Bakı şəhərində kütləvi aksiyaların keçirilməsi üçün yalnız bir yer ayrılıb və həmin yer də şəhərdən kənarda, insanların toplaşa bilməsi üçün olduqca əlverişsiz bir ərazidə yerləşir. Aksiyaların keçirilməsi üçün bütün müraciətlərə isə yalnız həmin ünvan göstərilir.
Təcrübə göstərir ki, dövlət başçısının özünün timsalında aşağılayıcı ifadələrlə təqdim edilən həmin yerdə aksiya keçirilməsinə razılaşdıqda belə, aksiya keçirilən gün o istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması, aksiyaya gedən şəxslərin əleyhinə polis və təhlükəsizlik əməkdaşları tərəfindən təxribatlara yol verilməsi, həbslərin həyata keçirilməsi kimi addımlar atılır.
Kütləvi aksiyaların yürüş, nümayiş və piket formalarının keçirilməsi haqqında müraciətlərə isə ümumiyyətlə, istisnasız olaraq, rədd cavabı verilir. Bu isə Azərbaycanda Konstitusiyanın müvafiq maddəsinin, həmçinin “Sərbəst toplaşma haqqında” qanunun qüvvəsini de-fakto itirməsi, vətəndaşların sərbəst toplaşmaq azadlığının yalnız kağız üzərində mövcud olduğu deməkdir. Belə bir şəraitdə Konstitusiya və “Sərbəst toplaşma haqqında” qanuna zidd olaraq, digər qanunvericilik aktlarında “razılaşdırılmamış aksiyalar” anlayışının tətbiqi və razılaşdırılmamış aksiyalarda iştiraka görə pul cəzasının Azərbaycan vətəndaşlarının gəlir səviyyəsinə açıq-aşkar uyğun olmayan məbləğdə artırılması da bu məqsədə xidmət edir.
Ictimai Palata birmənalı şəkildə hesab edir ki, sərbəst toplaşma azadlığı əleyhinə yönəlmiş bu mürtəce addım rejimin ona qarşı cəmiyyətdə toplanmış narazılığın fərqində olmasının, demokratikləşmə naminə, korrupsiyaya, sosial ədalətsizliyə, haqsızlığa qarşı Ictimai Palatanın 2011- 2012-ci illərdə həyata keçirdiyi kütləvi aksiyaların artan təsirini qəbul etməsinin, bu tendensiyadan qorxmasının və təşvişinin göstəricisidir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqların genişləndirilməsi, vətəndaş cəmiyyəti və müxalifətlə islahatlar naminə əməkdaşlıq əvəzinə, siyasi repressiya kursunun seçilməsi mövcud rejimin tərəqqiyə, modernləşməyə qabil olmadığını nümayiş etdirir və Azərbaycanda dinc, demokratik dəyişikliklərin mümkünlüyünə inamı sarsıdır.
Ictimai Palata Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsini pisləyir və nə qədər gec deyil, bu rüsvayçılığa və ağılsızlığa son qoymağa çağırır. Repressiya və cəza tədbirləri xalqı azadlıq uğrunda mübarizədən çəkindirə bilməyəcək. Mübarizə daha ciddi və daha qəti şəkildə davam etdiriləcək.