“Exxon Mobil”in rəhbərlərindən biri sui-qəsdin qurbanı olub
Belçika paytaxtı Brüssel yaxınlığında “Exxon Mobil” neft şirkətinin rəhbərlərindən biri Nikolos Mokfordun öldürüldüyü təsdiqlənib. Qətl hadisəsi oktyabrın 14-də baş versə də, olay barədə xəbər yalnız oktyabrın 25-də, gecə saatlarında mətbuata sızıb. Belçika polisi istintaq sirrinin qorunması mülahizəsi ilə 60 yaşlı Nikolos Mokfordun qətli barədə xəbərlər üzərinə məxfilik qadağanı qoyubmuş.
“ExxonMobil”in britaniyalı icraçı direktoru Brüsseldə ailə üzvlərinin gözləri önündə edamsayağı sui-qəsdlə öldürülüb.
“The Daily Telegraph” qəzetinin yazdığına görə, Mokford ailəsi ilə birlikdə Brüssel ətraflarındakı Neder-over-Heembeek məhəlləsində restorandan çıxarkən qətlə yetirilib. Mokford oktyabrın 14-də axşam saat 10 radələrində Belçika paytaxtının Rue de Beyseghem küçəsindəki “Da Marcello” italyan restoranından çıxarkən ona üç dəfə atəş açılıb. Onun xanımı Meri döyülərək qanına qəltan edilib, cənab Mockford isə xəstəxanaya aparılarkən yolda keçinib.
Cənab Mockford şirkətdə 1970-ci illərdən çalışırdı və “ExxonMobil Chemicals Europe” bölümündə keçid texnologiyaları və ekoloji baxımdan daha təmiz yanacaq məsələləri ilə məşğul idi. “ExxonMobil” şirkətinin sözçüsü “faciəli qətlin oktyabrın 14-də, bazar günü Brüsseldə baş verdiyini” rəsmən təsdiq edib. Qətl hadisəsi Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də təsdiq olunub.