Bələdiyyə seçkisi təzəcə saxtalaşdırılmışdı. X rayondan olan şikayətçilər Mərkəzi Seçki Komissiyasının önünü tərk etmirdilər. Dirəşirdilər. “Seçki yenidən keçirilməlidir!” tələbini irəli sürürdülər. Əsas şikayətçi isə kənd məktəbinin “zavuç”u və onun qardaşı idi. Hər ikisi YAP-çı idi.
“Zavuç” namizəd olmuşdu, qardaşı isə seçkidə müşahidəçi. “Zavuç” haqqını istəyirdi, qəzetin hər sayında onlardan yazırdım.
Bir gün şikayətçi qardaş dedi ki, susması üçün ailəsinə təzyiq edilir; onu müəllim oğlu və həyat yoldaşının dərs yüklərini azaltmaqla, işdən çıxarmaqla hədələyiblər. Bunu da yazdım. Iki gündən sonra redaksiyaya faks gəldi: “Bizim haqqımızda yazdıqlarınız böhtandır!”
Bunu oğul və ana iddia edirdi. Dərhal oğlun nömrəsini tapıb ona zəng elədim:
– Sən işdə təzyiqlə üzləşməyiniz barədə yazılanları böhtan adlandırırsan?
– Hə.
– Bəs bilirsənmi ki, biz onu sənin atanın dediyinə əsasən yazmışıq?
– Hə.
– Onda belə çıxır ki, atan sənə və anana böhtan atır?
– Belə çıxır…
O zaman bu dialoq tüstümü başımdan çıxardı. Əlbəttə, ata böhtançı deyildi. Oğul fərsiz və qorxaq idi. 5-10 qəpik maaş onu haqdan və atasından üz çevirməyə yetmişdi.
“Yaşamaq eşqi”ndə (Cek London) bir yer var. Əsərin qəhrəmanı səhralarda uzun müddət o qədər tək və ac qalır ki, onu xilas edəndən sonra stolun üstündə qalan çörək qırıqlarını oğurlayıb çarpayısının altında gizlədirmiş. Indi bizim insanlar da o qədər işsiz-gücsüz qalıblar ki, bir iş tapanda az qalırlar, ona səcdə etsinlər. Adamlar sanki işçi yox, nökər, qul, qaravaş rolu ilə razılaşırlar. Bu, məni çox üzür.
Ancaq nə yaxşı ki, başqa tərs örnəklər də var. Məsələn, 20 oktyabr aksiyasında həbs olunanlardan biri olan Təzəxan Mirələmli nünunəsi…
Təzəxan Mirələmli müəllim idi. Apardığı mübarizəyə görə onu da hədələyirdilər. Özü də bu, arxasına baxmadan xaricə qaçıb, oradan səslənən “gecə qapımı döyürdülər” tipli hədələr deyildi. Real hədələrdən söhbət gedir. Artıq real nəticəsi göz qabağında olan hədələrdən…
Təzəxan müəllimin 16 yaşlı oğlu, yaşlı atası, qardaşı həbsdədir. Bunlar son bir ildə baş verib. Təzəxan müəllimi yolundan döndərə bilmədikcə, onun ailəsinə qarşı qəddarlıq artan xətt üzrə gedir. Yaxınlarını həbsə atıblar, özünü işdən qovublar.
20 oktyabr aksiyasında fəallığına görə Təzəxan müəllimə də “sutkalıq” həbs verildi. Həmin gün onun məktəbli oğlunun “facebook”da yazdığı statusu oxudum, fərəhləndim, dizlərimə güc gəldi və o dəqiqə yazdım: “Ilham müəllim, sizi istefaya aparan yoldan başqa bütün yollarınız özünüz üçün dəhşətdir, faciədir”.
Təzəxan müəllimin, atası, əmisi, qardaşı, babası həbs olunan oğlu meydan oxumuşdu: bu həbslərin onları daha da mətinləşdirdiyini yazmışdı.
Bəzən bizim dostlarımız belə, Ilham Əliyevin tənqidçi fikirli insanları əzməsini Sovet repressiyaları ilə eyniləşdirəndə mən çox əsəbiləşirəm. “Bütün müqayisələr qüsurludur” deyirlər, razıyam.
Siz Təzəxan müəllimin ailəsinin başına gətirilənləri oxudunuz, indi isə 2 gün əvvəl ad günü tamamlanan Hüseyn Cavidlə bağlı bir neçə faktı təqdim edim, siz də əsəbiləşin:
BIR: 1942-ci il. SSRI ağır müharibədədir. Cavid xalq düşməni kimi öldürülüb. Buna baxmayaraq, Üzeyir bəyin bir zəngi kifayət edir ki, Cavidin qızı Turan xanım ideoloji bir yerə – Radio Komitəsinə işə götürülsün.
IKI: Cavidin qardaşı qızı Şəfiqə Fərhad Rəsulovda ərdə olur. Fərhad Goranboyda prokuror imiş. Bir gün onu Mircəfər Bağırov yanına çağırır. Otaqda var-gəl edən Bağırov qəfildən ondan uca səslə soruşur:
– Sən niyə xalq düşməninin qardaşı qızı ilə evlənmisən?
Adam özündən asılı olmayaraq, bu cavabı verir:
– Evlənməmişəm, qaçırmışam, icazə verin, gedim boşayım.
Bu zaman Bağırov soruşur:
– Uşaqdan-zaddan nəyin var?
– Bir oğlum var…
Bağırov onun boynunun ardına yavaşca vurub deyir:
– Bəs uşaq necə olsun…
Bunu deyib adamı rahat buraxır.
ÜÇ: Abbas Gülməmmədov Cavidin bacısı oğlu olub. 1942-ci ildə bioqrafiyasında göstərir ki, 1937-ci ilin iyununda Cavid Əfəndinin həbsindən bir ay sonra onu “Kommunist” qəzetinin baş redaktorunun tərcümə məsələləri üzrə köməkçisi təyin edirlər. Onu 1938-ci ildə “Azərnəşr”də tərcüməçi redaktor, 1940-cı ildə Radio Komitəsinin xarici verilişlər redaksiyasının baş redaktoru qoyurlar.
DÖRD: Cavidin repressiyaya məruz qalmasından sonra qardaşı oğlu Şamil Naxçıvanda Nazirlər Kabinetində məsul vəzifədə işləyirdi…
P.S. Faktlar “Cavidnamə” kitabındandır.

Hüseyn Cavid təhlükəlidir, Təzəxan Mirələmli?
•