Mütəllibov öz keçmişinə baxsın

Müxalifətdən eks-prezidentə cavab gəldi

Keçmiş prezident Ayaz Mütəllibov Bakıya qayıdandan sonra siyasətlə məşğul olmayacağını bəyan etsə də, ardıcıl verdiyi müsahibələr bunun əksini deməyə əsas verir. Eks-prezident “Bizim yol” qəzetinə müsahibəsində 20 il əvvəl baş verənlərə toxunaraq AXC-ni ittiham edib.
AXC-nin Xocalı faciəsindən yaranan fürsətdən istifadə edərək niyyətlərinin gercəkləşdirmək istədiyini deyən Mütəllibov bu qurumun erməni separatçıları ilə razılığa gəldiyini də bildirib.
Eks-prezidentin bu fikirlərinə qarşı tərəfdən də cavab gəlib.
AXC hakimiyyəti dövründə baş nazir vəzifəsində çalışan Pənah Hüseyn Mütəlibovun dediklərinin artıq köhnəldiyini və maraq kəsb etmədiyini bildirdi.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə Ayaz Mütəllibovun AXC-ni ittiham etməsini absurd adlandırdı. O, həmin dövrdə Moskva və ermənilərlə ciddi əlaqədə yalnız Ayaz Mütəllibovun olduğunu bildirdi. Məhz Mütəllibovun fərsiz fəaliyyətinin, yeritdiyi siyasətin nəticəsində Azərbaycan torpaqları işğal olunub.
H.Kərimovun sözlərinə görə, həmin dövrdə torpaqları yalnız AXC-nin sıravi üzvləri müdafiə edirdi və Ayaz Mütəllibov müdafiə istiqamətində heç bir iş görmürdü. Mütəllibovun açıqlaması isə AXCP-nin cəmiyyətdə artan nüfuzundan irəli gələn bir qısqanclıqdır: “Dəfələrlə siyasətlə məşğul olmuram deməsinə baxmayaraq, Mütəllibov siyasətə qayıdır. Özü də bunu iqtidarın xeyir-duası ilə edir. AXC-ni ittiham etməkdənsə, özünün keçmişinə bir nəzər salsa daha yaxşı olar”.

Fizzə