azeri-oliqarxlar-rus

Hakimiyyət milyarderlərdən niyə qorxur?

azeri-oliqarxlar-rusRusiyada yaranan təşkilat və onun ətrafında baş verənlərlə bağlı yeni təfərrüatlar

Ölkə başçısı Ilham Əliyevin qudası, iş adamı Araz Ağalarov Rusiyada yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları Ittifaqı (RATI) ilə bağlı müsahibə verib. RATI-nin Koordinasiya Şurasının üzvü olan Araz Ağalarovun APA-ya müsahibəsində deyib ki, qurum Ilham Əliyevin dəstəyilə yaranıb: “Azərbaycan prezidentinin və Rusiyadakı azərbaycanlıların dəstəyi ilə yaradılan hər bir təşkilatı dəstəkləyirəm.
Əgər hər hansı təşkilat Azərbaycan prezidentinə qarşı nəsə plan hazırlayırsa, mən bunun tamamilə əleyhinəyəm, buna qarşıyam. Bu təşkilatın yaradılmasına isə dəstək vermişəm”.
Iş adamı RATI-nin Kremlin layihəsi olması barədə məlumatları əsassız sayıb: “Bu informasiyalar tamamilə əsassızdır. Kremlin yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları Ittifaqı ilə heç bir əlaqəsi yoxdur. Kremlin bu dəqiqə öz problemləri və tapşırıqları var. Rusiya Azərbaycan Təşkilatları Ittifaqı hələlik özünü böyük bir təşkilat kimi göstərməyib. Ona görə də onun haqqında danışmaq hələ tezdir”.
Araz Ağalarov təşkilatın yaranma zərurətini Ümumrusiya Azərbaycan Konqresinin zəifləməsilə izah edib: “Ümumrusiya Azərbaycan Konqresi zəifləməyə başlamışdı. Ona görə də əgər bir təşkilat zəifləyirsə, onda onun yerinə mütləq yeni təşkilatın yaradılmasına çalışılır. ÜAK-ın fəaliyyəti bizi qane etmir. Yeni təşkilatın yaradılması da bu ehtiyacdan doğub
Azərbaycan diasporunun Rusiyadakı fəaliyyəti zəifdir. Bütün təşkilatların, indiyə kimi yaradılan, köhnə və yeni təşkilatların heç birinin fəaliyyəti ürəkaçan deyil. Onlar çox zəifdirlər. Azərbaycanlılar yəhudi və ermənilərdən fərqli olaraq çox pis təşkilatlanırlar və vahid fikrə gələ bilmirlər. Beləliklə, azərbaycanlılar bir diaspor olaraq bu ölkədə heç nəyə təsir edə bilmirlər”.
O, həmçinin təşkilatın fəaliyyətini dayandırması barədə məlumatsız olduğunu deyib: “Rusiya Azərbaycan Təşkilatları Ittifaqı hansı fəaliyyəti göstərmişdi ki, onu da dayandırsın? Bu təşkilat hələ heç bir iş görməmişdi. Ona görə də, təşkilatın fəaliyyətinin dayandırılması barədə xəbərlərin yazılması mənə aydın deyil. Hələ fəaliyyətə başlamayan təşkilatı kim dayandıra bilər?
Bundan əvvəl isə Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının (AzerRos-un) prezidenti Söyün Sadıqov AzadlıqRadiosuna maraqlı açıqlamalar vermişdi. Söyün Sadıqovun sözlərindən belə aydın olurdu ki, RATI-nin yaranması ilə bağlı Azərbaycan hakimiyyətinin ən yuxarı pillələrində məlumat olub. O, konkret olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını çəkib.
Kifayət qədər maraqlıdır. Araz Ağalarov təşkilatın Ilham Əliyevin dəstəyilə yaradıldığını, Söyün Sadıqov məsələdən Ramiz Mehdiyevin məlumatlı olduğunu deyir. Eyni zamanda hər iki israrla RATI-nin Kremlin layihəsi olması barədə məlumatları təkzib edirlər. Bu halda ortaya sual çıxır, bəs nədən hakimiyyət RATI-nin yaranmasından belə qıcıqlanıb?
Hətta Söyün Sadıqovun təbirincə desək məsələyə “ailə səviyyəsində aqressivliklə yanaşıblar”.
Bu suala dəqiq cavab vermək əlbəttə ki, çətindir. Lakin bəzi mülahizələr irəli sürmək olar. Qəbul edək ki, RATI-nin yaradılması Kremlin layihəsi deyil. Milyarderlərin də Azərbaycan hakimiyyətindən şəxsi istəyi yoxdur. Onların tək istəyi həqiqətən də Rusiyada Azərbaycan diasporasının güclənməsidir. Deməli, Azərbaycan hakimiyyəti RATI-yə qarşı çıxmaqla bu məsələdə maraqlı olmadığını ortaya qoyur. Niyə?
Görünür, Azərbaycan hakimiyyəti Rüstəm Ibrahimbəyov, Vahid Ələkbərov, Söyün Sadıqov, Abbas Abbasov və nüfuz sahibi olan digər azərbaycanlıların Rusiyadakı diaspor təşkilatlarını nəzarətə götürməsini özü üçün ciddi təhlükə sayır. Hökumət bu adamların nüfuzu və sərvətini hesaba alaraq indidən RATI-nin sözəbaxan təşkilat olmayacağının fərqinə varır. Hakimiyyətə isə Rusiyada milyonlarla soydaşımıza nüfuz edə biləcək belə bir təşkilat lazım deyil. Özü də nəzərə almaq lazımdır ki, bu təşkilatda hakimiyyətlə bütün körpüləri yandırmış Rüstəm Ibrahimbəyov kimi şəxs təmsil olunur.
Bundan başqa bəzi məlumatlara görə, Azərbaycan hakimiyyətində təmsil olunan oliqarxlar da milyarderlərin parçalanmasında maraqlıdır. Bu sırada xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. Kəmaləddin Heydərov düşünür ki, bu proses onun biznes imperiyasına ciddi zərbə vura bilər. Çünki RATI-də təmsil olunan milyarderlərdən Araz Ağalarov istisna olmaqla heç birinin Azərbaycanda iri biznesi yoxdur. Bu şəxslər Ilham Əliyevdən Azərbaycanın biznes sahəsində onlara imkan yaradılmasını tələb edə bilər. Bu reallaşcağı təqdirdə isə təbii ki, ilk növbədə Azərbaycanda iqtisadi imperiya quran Kəmaləddin Heydərova ciddi zərbə dəyəcək.

Namiq