Taleh Xasməmmədovla görüşə qadağa

Hüquq müdafiəçisini vicdan məhbusu ilə görüşə buraxmadılar

“Oktyabrın 24-də Qurban bayramı ilə əlaqədar 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan hüquq müdafiəçisi, Musavat partiyasının üzvü Taleh Xasməmmədovla görüşmək üçün adı çəkilən müəssisəyə getdim. Sovqatı qəbul etsələr də, məni orda 2 saata yaxın gözlədib, sonda Taleh bəylə görüşməyimə icazə vermədilər. Əvvəlcə ”əsas” gətirdilər ki, icazə almalıyam, sonra bildirdilər ki mən onunla qohum deyiləm deyə olmaz. Daha sonra bildirdilər ki, siz həbsdə olmusunuz, məhkum olmusunuz”.
Bu sözləri gozetci.az portalına “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansının koordinatoru Oqtay Gülalıyev deyib. O bildirdi ki, bundan sonra qeyd olunan müəssisənin rəis əvəzi Samir Hüseynovla görüşüb: “Ona bildirdim ki, qanunvericiliyə əsasən, dustaq əlaqə saxlaması onun üçün qanuni maraq doğuran istənilən şəxslə görüşə bilər. Tələb etdim ki, qanuna əməl edilsin. Rəis əvəzi bir neçə dəfə yuxarılarla danışıb görüşü təşkil edəcəyini və mənə gözləməyimi bildirdi. Amma sonda bu da alınmadı. Dəfələrlə etdiyim təkiddən sonra Taleh bəyin mənimlə telefon əlaqəsi saxlamasına şərait yaratdılar və görüşlə bağlı başqa bir gündə öncədən əlaqə saxlamaq və icazə alıb müraciət etməyimi bildirdilər. Maraqlıdır, mən kimdən icazə almalıyam və niyə icazə almalıyam? Dustaqla görüş üçün icazə almalıyamsa, onda Milli Məclis 23 may 2012-ci ildə ”Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu niyə qəbul edirdi? Bu qanun icra olunmayacaqdısa, dövlət başçısı 10 iyul 2012-ci ildə niyə imzalayıb və təsdiqləyib? Və ən əsası, qanun icra olunmursa, niyə qəbul olunub və ya sözü gedən qanun qəbul olunubsa niyə icra olunmur?ÿ
Bu gün (dünən – red.) Taleh Xasməmmədovun və mənim hüquqlarım tapdalandı. 4 saata yaxın vaxtım boşa getdi. O da görüş hüququndan istifadə edə bilmədi. Bütün bunlarla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət edəcəm. O deyir ki, Pentensiar Xidmətdə qanunlar çox gözəl işləyir. Maraqlıdır, görəsən söhbət hansı “qanunlar”dan gedir?”.