«E» dövrü

Nikbinliyə qapılmayın, bu dövr bizim üçün çox uzaqdadır…

Xalid Ağaliyev

Elektron hökumətə (e-hökumət) ən bəsit şəkildə belə anlayış versək, məncə, yanılmarıq: Dövlət və vətəndaş əlaqələrində hər iki tərəfin yerinə yetirmək öhdəliyi olan vəzifə və xidmətlərin qarşılıqlı olaraq elektron vasitələrlə gerçəkləşdirilməsi!
E-hökumət qurmağı bacarmış ölkələrin sırasında Estoniya da var. Mükəmməl sistem qurublar. Əgər Azərbaycana səfər etmiş bir Estoniya vətəndaşı ilə təsadüfən söhbətləşmək imkanınız olarsa, ondan “e-hökumət”in bir vətəndaşa aça biləcəyi imkanlar barədə xeyli bilgi əldə edə bilərsiniz.

“e-hökumət” portalına Estoniya vətəndaşının kabinəsində virtual gəzinti

Portala daxil olmaq üçün giriş parol-şifrəsi kifayət edir. Portalda bölümlər var. “Vətəndaş” bölümündə estoniyalının mülkiyyətində olan mənzil, qaraj, bağ evi, avto-moto nəqliyyat vasitələri, bütün bunlara sahiblik hüququnu təsdiqləyən e-sənədlər haqda detallı bilgi görəcəksiniz. Həmin vasitələr, habelə yaşayış yeri haqqında arayış və ya başqa sizə gərək ola biləcək sənədləri 5 dəqiqə içində əldə etməyiniz üçün bir e-müraciət yetərlidir. Internet üzərindən şəxsin məhkumluğunun olmaması, həbsə düşməməsi, barəsində cinayət işi açılmaması, sağlam olması haqqında sənədləri əldə edə, hətta banklardan orta məbləğli kredit vəsaitləri ala bilərsiniz.
“Dövlət” bölümü bilgi sarıdan çox zəngindir. Burda, necə deyərlər, “yox” yoxdur. Durduğu pillədən asılı olmayaraq, istənilən məmurla bağlı gizli həyat bilgiləri xaric, əksər bilgilər, deklarasiyalar, qurumların büdcə bilgiləri, büdcənin icrası haqda qısa, aydın hesabatlar, bir nazirin xidməti avtomobilinə son bir həftədə doldurulmuş yanacağın həcmindən tutmuş, onun alış-veriş etdiyi məbləğ və mənbələrə qədər bütün bilgiləri əldə etmək mümkündür. Hansısa bilgi əlçatan deyilsə, gün ərzində həmin bilgini sənin e-poçtuna daşıya biləcək e-sorğu xidməti var.
Estoniyalı valideynlər 16 yaşa çatmamış övladlarının bütün e-bilgilərini də kontrol edə bilirlər. Gəzinti həmkarınız “Təhsil” bölümünə daxil olmaqla, məktəbli oğlu və qızının e-sinif jurnal-gündəliklərini nəzərdən keçirir, xəbərdar olur ki, övladları dərs buraxmayıb, yaxşı qiymətlər alıblar. O, sualları yaranarsa, övladının müəllimi ilə portal üzərindən bağlantı qurub söhbətləşə də bilir. Bu arada, siz gəzinti həmkarınızın övladlarına ictimai nəqliyyat üçün aylıq bilet aldığını da müşahidə edə bilərsiniz.
Yaşlı anasının sağlığından narahat olan gəzinti həmkarınız “Səhiyyə” bölümünə daxil olub onun durumu ilə maraqlanacaq. Anasının bütün analizləri, rentgen şəkilləri, müayinələri, reseptləri, tibbi sığortaya aid bilgiləri zamanındaca elektron səhiyyə reyestrinə köçürülüb. Müşahidə edəcəksiniz ki, yaşlı ana səhər saatlarında xəstəxanada olub, müalicə qəbul edib, gözünüzün önündə olan həkim tövsiyələrini alıb. Elə “səhiyyə” bölümündə sağlıq, yol sığortalarını yeniləyən gəzinti həmkarınız qısa zamanda vergi deklarasiyasını dolduracaq, yaşadığı prospektin xəritəsinə cüzi dəyişikliklər edilməsini nəzərdə tutan məhəllə bələdiyyəsinin layihə-sərəncamını rədd edəcək, rədd cavabına şəhər bələdiyyəsinin operativ cavab məktubunu oxuyacaq.
Sizin həmçinin, həyat yoldaşının “istirahəti unutma” mesajını oxuyub çöhrəsi təbəssümə bürünən gəzinti həmkarınızın Tallinin ekologiya qurumundan əri ilə birgə balıq tutmağa 3 günlük icazə almasını müşahidə etmək imkanınız da olacaq. O, sizə Estoniyada seçkilərdə internet səsvermənin tətbiqindən, son parlament seçkilərində o da daxil olmaqla, hər 5 estondan 3-nün “e-hökumət” portalı üzərindən öz millət vəkilini seçdiyindən də danışacaq…

Estoniya dünya sıralamasında 20-cidir

Nəql etdiklərim “e-hökumət”in eston vətəndaşa açdığı imkanların bəlkə də ən qısa xülasəsidir. Ancaq eston modeli ən qabaqcıl, ideal olanı da deyil. Estoniya “e-hökumət” xidməti indeksinə görə, dünya sıralamasında heç ilk onluqda da deyil. “E-hökumət”lərin dünya üzrə inkişaf dinamikasını Birləşmiş Millətlər Təşkilatı araşdırır. Araşdırmalar 2 il davam edir və yekun hesabat açıqlanır. Son hesabat bir neçə gün öncə işıq üzü gördü. “BMT: ”e-hökumət”lərin Inkişaf Indeksi – 2012″ adlanan sənədə görə, təcrübəsindən bəhs etdiyimiz Estoniya 190 ölkə arasında 20-ci sıradadır.
Məqsədim Estoniyadakı gəlişmələri saf-çürük etmək deyil, yazıda onların təcrübəsinə “e-hökumət”lərin verdiyi imkanları daha anlaşıqlı ifadə etmək üçün müraciət etdim. Məqsəd 2000-ci illərin əvvəllərindən başlayaraq, ölkəmizdə də hökumətin sıx dilə gətirdiyi elektron hökumət quruculuğunun durumunu az öncə adını çəkdiyim sənədin işığında incələməkdir. Daha dəqiqi, BMT-nin iki illik araşdırmasının Azərbaycanla bağlı nəticələrini bölüşəcəyəm.

Azərbaycanın durumu

Bütün dünyanı əhatə edən araşdırma əsasən 3 təməl istiqaməti əhatə edir – araşdırmaçılar bütün ölkələrdə telekommunikasiya infrastrukturunun durumunu (hər 100 nəfərə düşən internet istifadəçiləri, telefon xətləri, mobil abunəçiləri, fərdi kompüter sahibləri və genişzolaqlı net xətlərinin sayını), insan kapitalı (vətəndaşların savadlılıq səviyyəsi, ibtidai, orta və ali təhsil almışların sayı) indeksini öyrəniblər. Onlayn xidmət araşdırması zamanı isə aşağıdakılar araşdırılıb: hökumət çoxdilli veb resurslar yaradır, onlardakı publik məzmunlu bütün bilgiləri orada yerləşdirir, e-sorğuların operativ cavablandırılmasını təmin edir, qurumlar vətəndaşlara göstərdiyi bütün xidmətlərin onlayn versiyasını yaradır və işləkliyi, ikitərəfli kommunikasiyanı təmin edir, lisenziyaların, sertifikatların, icazələrin verilməsi, ödənişlərin edilməsi imkanları yaradılır, qərarların verilməsi zamanı vətəndaşların rəyi öyrənilir, bütün bunlar haqqında sosial reklamlar hər addımda vətəndaşı izləyir.
BMT 2 il əvvəl də eyni hesabatı açıqlamışdı. 2012-ci ilin nəticələrinə 2 il əvvəlki araşdırmaların yekunlarının işığında göz gəzdiririk. Azərbaycan yalnız telekommunikasiya infrastrukturu indeksində irəliləyib. Ancaq bu irəliləyişin əsas stimulu adambaşına düşən mobil telefonların sayı olub. Mobil teleonların sayındakı artım nəzərə alınmasaydı, ölkəmiz 4 pillə geriləmiş olardı. 2010-cu il sıralamasında Azərbaycan 105-ci idisə, 2012-ci ildə 88-ci pilləyə qalxıb.
Insan kapitalı – vətəndaşların təhsil səviyyəsi araşdırmasında iri addımlarla geriləmişik. 2010-cu ildə Azərbaycan təhsil səviyyəsi ölçüsünə görə, 190 ölkə arasında 50-ci yerdə olub. O zaman Özbəkistan 77-ci, Ermənistan 57-ci pillədə idi. Bu il Azərbaycan 23 pillə geriləyib. Araşdırılan ölkələrdən heç birində belə geriləmə müşahidə olunmayıb. Adını çəkdiyimiz Özbəkistan, Ermənistan isə təhsilin durumuna görə 4-6 pillə irəliləyiblər.
Onlayn xidmətlər indeksi hesablamalarının nəticələrində bizim üçün pozitiv heç nə nəzərə çarpmır. 2010-cu ilin araşdırmalarında hökumətlərin internet saytları yaratması, onları lazımi bilgilərlə təchiz etməsi daha prioritet sayılırdı. O zaman Azərbaycan xeyli irəliləyiş əldə etmiş, 190 ölkə arasında 69-cu olmuşdu. Rusiya Federasiyası da bizimlə qonşu pillədə idi. 100-cü pillədəki Gürcüstanda onlayn xidmətlərin durumunun ürəkaçan olmadığı anlaşılırdı. 2012-ci ildə durum kökündən dəyişib. Elektron xidmətlərin təşkili mövzusunun nəzərəçarpacaq olduğu son iki ildə Azərbaycan 35 pillə geriləyib. Rusiya 68-ci pillədən 37-ci, Gürcüstan 100-cü pillədən 43-cü pilləyə yüksəlib. Hətta Iran da 19 pillə irəliləyərək 74-cü ölkə olub.
Və nəhayət, “e-hökumət” inkişaf indeksinin ümumi sıralamasında Azərbaycan 96-cı sıradadır. Qırğızıstanı çıxsaq, bu göstərici keçmiş sovet ölkələri arasında ən pis nəticədir. 2010-cu ilin göstəricilərilə müqayisədə demək olar ki, bütün sovet ölkələri irəliləyiblər – Rusiya 59-cu pillədən 27-ci, Gürcüstan 100-cü pillədən 72-ci, Ermənistansa 110-cu pillədən 94-cü pilləyə yüksəlib. Azərbaycan isə 13 pillə geriləyib. Mobil telefonların sayı ilə bağlı göstəriciləri nəzərə almasaq, bu geriləmə iki dəfə artar.
Belə mənzərə “e-hökumət” quruculuğuna yönəlik sıx dövlət proqramları, proqnozları fonunda vətəndaş üçün çox üzücü görünür. Durumu üzücü edən səbəbləri müalicə etmək lazımdır, yoxsa, bu gediş bizi qələm-konvert dövrünə qaytaracaq.