Saat qalmaqalına görə hakimiyyətin qisası

Həftənin kiberhücumu

Görünür, “Azərbaycan saatı”nın 2 milyonluq saat oğurluğu haqqında yayımladığı silsilə yazılar düz hədəfə dəyib. Yoxsa təkcə qol saatlarına 25 milyon manat xərcləyən Rəşad Abdullayevin əməllərini ifşa edən yazılar SOCAR prezidentini belə qəzəbləndirməzdi. Adam elə qəzəblənib ki, bütün kibercinayətkar resurslarını sayta qarşı səfərbər edib. Bunlar ölkədəki bütün media resurslarını əzib sıradan çıxarıblar və güman edirlər ki, dövlətdən oğurladıqları milyardların qoxusu başqa heç yerdən çıxmayacaq. O üzdən çirkli camaşırlarını açıb tökən bütün səsləri susdurmaq istəyirlər. Bu dəfə də “Azərbaycanın saatı”nın internet saytına kiberhücumun o istiqamətdən gəldiyinə şübhə yox. Çünki bu, sayta şirkətin cinayətkarları tərəfindən edilən birinci hücum deyil. SOCAR-ın media resursumuza qarşı təşkil etdiyi ən böyük hücum 3 il əvvəl baş vermişdi -Rəşad Abdullayevin Türkiyədə Gülənin adamlarından biri kimi həbs olunduğu xəbəri yayılanda. “Azərbaycan saatı” xəbəri yayan kimi kiberhücuma məruz qalmışdı. Saytın fəaliyyətində uzun müddət problem yaranmış, giriş davamlı şəkildə, qısa fasilələrlə tez-tez kəsilmişdi. O zaman hücumu Rövnəq Abdullayevin adamlarının təşkil etdiyi ilə bağlı ehtimallar və indiki hücumun da oxşar yazıların getdiyi vaxta təsadüf etməsi “atəşin” ordan açıldığına şübhə yeri qoymur.

 

 

 

 

 

 

 

 

SOCAR-ı kiberhücuma görə başqaları da ittiham edir

Ümumiyyətlə, SOCAR-ın prezidentinə bağlı media qrupu üzərindən başqalarına belə kiberhücumların təşkil edildiyi haqda zaman-zaman iddialar səsləndirilib. Bu işin və onların xüsusi agentura şəbəkəsinin başında şirkətin Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin dayandığı söylənir. Xatırlayanlar varsa, bu ilin aprel ayında “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun “SOCAR”a yönəlmiş sərt ittihamlarını yayımlayan bir sıra saytlar da eyni aqibəti yaşamışdı. Sosial şəbəkədə yayılmış o məlumatda bu ifadələr yer almışdı: “Mübariz Mənsimovun SOCAR şefi Rövnəq Abdullayevə ünvanladığı müraciəti dərc edən xəbər saytları SOCAR kibercinayətkarları tərəfindən hücuma məruz qalıb. Saytların bərpası üçün maliyyə imkanı lazımdır…”

Son illər Azərbaycanda hakimiyyəti ifşa edən informasiya resurslarına qarşı bənzər hücumlar artıq ənənə halını alıb. RATİ keçənilki hesabatında belə hücumlara məruz qalan informasiya resurslarının siyahısını da yayıb. Qurum “beynəlxalq birliyi ölkədə ifadə azadlığının kobud şəkildə məhdudlaşdırılmasına görə məmurlara və onların ailə üzvlərinə qarşı fərdi sanksiyaların tətbiqi yolu ilə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə” çağırıb.
Nəzərə alsaq ki, SOCAR dövlət şirkətidir və ölkənin birinci şəxsinin xəbəri olmadan onun büdcəsindən kimsə milyonlar oğurlaya bilməz, deməli, sayta hücumun təşkili də birbaşa onun razılığı ilə baş verir. Biz yaxın müddətdə saytın fəaliyyətini bərpa edəcəyik. SOCAR prezidenti və şirkətin milyardlarını babasının varidatı kimi göyə sovuran bütün böyük balıqlar da hər zaman hədəfimizdə olacaq. Özünüzü yorub bir də ölkənin milyonlarını bu çirkin əməllərə xərcləməyin. Onsuz da bir gün törətdiyiniz cinayət əməllərinə görə cavab verəcəksiniz. O zaman qisasçılıqdan ən çox ziyan çəkən elə siz özünüz olarsınız.