Nə yoğurdular, nə yapdılar, hazırca kökə tapdılar

Bu ilin may ayında “Azadlıq”ın saytında İctimai Televiziyanın (İTV) plagiatlığı ilə bağlı mənim bir yazım verilmişdi. Orada, ssenari yazarı, quruluşçu rejissoru olduğum, eləcə də özümün səsləndirdiyim (kadrda və kadr arxasında) “Göylər sonsuz bir dənizdir” kinotrilogiyasının ən gözəgəlimli, ən etkili, ən maraqlı, ən unikal və ilk kərə lentə alınmış epizodlarınının mənimsənilib özəlləşdirilməsindən danışılırdı. Filmdəki intervüləri də, çağında mən özüm lentə almışdım. Bəstəkar Tofiq Babayevin mənim sifarişimlə bəstələdiyi orijinal musiqi və mahnı da abırsızcasına mənimsənilmişdi. “Azadlıq”da getmiş bu yazı böyük rezonans doğurdu. “Azadlıq”ın ardınca Minval.az saytı da bununla bağlı mənimlə rus dilində geniş intervü paylaşdı.
Qanun pozuntusunun törətdiyi bu olayla bağlı istər-istəməz Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə çağırış etmək zorunda qaldım. Agentlik çağırışıma adekvat yanaşma sərgilədi. 2019-cu il iyunun 4-də mənə göndərdiyi məktubda, etdiyim çağırışa baxıldığı, baş vermiş olaya münasibət bildirilməsi üçün İctimai Televiziya və Radio Yayımları şirkətinə məktub göndərildiyi bildirilirdi.
Bir xeyli keçdikdən sonra, 2019-cu il iyun ayının 6-da İTV-nin baş direktoru vətəndaş Balakişi Qasımovun imzaladığı və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri cənab Kamran İmanovun adına göndərdiyi cavab məktubunun surəti mənə də çatdırıldı.
Vətəndaş B.Qasımovun yazdıqları bir çox ilginc nəsnələrin üstünə gur işıq saldı. Birincisi, qaldırılmış problemin ört-basdır edilməsi idi. İkincisi daha ilginc idi. İTV-nin 2015-ci ildə hazırladığı qondarma “film” yalnız plagiat örnəyi deyilmiş, onun arxasında 1995-ci ildə faşizm üzəridnə qələbənmin 50-illiyi ilə bağlı çəkilmiş “Göylər sonsuz bir dənizdir” kinotrilogiyasının piratçılıq yolu ilə əldə olunması faktı da dayanır. Bunun özü də başqa bir Qanun pozuntusu kimi dəyərləndirilməlidir, çünki onun mülkiyyət hüququ Az.TV-dədir. Əqli mülkiyyət hüququ isə onu yaradanlarda, başlıca olaraq da məndə. Üçüncüsü, kino dünyasında nəinki tanınmayan, eləcə də peşəkarlıq baxımından naşıdan da naşı olanların – Hikmət Əlisgəndəroğlu, Mahir Qəribov, Taleh İsmayıl adlı kəmfürsətlərin Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan, filmləri keçmiş SSRİ-nin televiziya ekranlarında dönə-dönə göstərilən, Beynəlxalq və Ümumittifaq kinofestivallarında dəfələrlə ödülləndirilən bir kinorejissorun, kinodramaturqun, daha aydın desək, mənim, Dövlər Qeydiyyatından keçmiş filmlərimin üzərində iş aparmaları hansı əxlaqdan, vicdandan, “məntiq”dən soraq verir?
Məktubda elə beləcə də deyilir: “…“Göylər sonsuz bir dənizdir” (1-ci film “Leyla”) sənədli filminin orijinal variantı (savadsızlığa bir baxın. Orijinal film nə vaxtdan variant olub?) tərəfimizdən işlənmişdir?!” Sorulur: hansı haqla? Buna nə ad vermək olar? Dərəbəylikmi? Özbaşınalıqmı? Yoxsa burda mənəm, “Bağdadda kor xəlifəlikmi?” Bəlkə kimə ya da kimlərəsə arxalanıb “mən haqq Nəzərəm, kimi istəsəm onu əzərəm” psixolojisi durur bu üzdəniraq fəlsəfənin arxasında.
Məktubda sonra deyilir: “Heç kim unudulmur, heç kim yaddan çıxmır” verilişi hazırlanarkən, rejissor Nazim Rzanın “Göylər sonsuz bir dənizdir” kinotrilogiyasının “Züleyxa” filminin fraqmentlərindən istifadə edildiyi titrlərdə qeyd edilmişdir. Mən isə deyirəm: bu, gözdən pərdə asmaqdan başqa bir nəsnə deyil. Çünki, “heç kəsi unutmayan, heç kəsi yaddan çıxarmayanlar, öz sözlərini 1995-ci ildə də deyə bilərdilər. İşdi bacarsaydılar.” Daha 20 il məni gözləyib, filmlərimə göz dikməzdilər. Özü də Azərbaycanda olan igidlərin sayı yetərincədir, axtarmaq, araşdırmaq, yuxusuz gecələr keçirmək, sözün gerçək anlamında çoxlu-çoxlu tər tökmək gərəkdir. Yoxsa yoğrulub yapılmış kökəyə yiyə durmağa nə var ki. Bunu hər kəs bacarar. İTV bacaran kimi.
Ancaq bir gerçəkliyi də bilmək gərəkdir. “Bumeranq effekti”nin var olduğunu. Necə atarsansa, qayıdıb eləcə də özünə dəyər. Sözsüz, amacın yaxşı niyyətdən soraq vermirsə.
Söz ardı.
Bu problemlə bağlı Əqli Mülkiyyət Agentliyinin sərgilədiyi yanaşmanı da bilmək istərdik. Ancaq günlər, aylar keçməsinə baxmayaraq heç nə öyrənə bilmədik.

Nazim Rza İsrafil oğlu
Kino və Televiziya rejissoru, kinodramaturq, yazıçı-publisist.
Uluslararası və Ümumittifaq kinofestivalları laureatı.