Vəfat etmiş cəbhəçi haqqında xanımı nələr yazdı…

“Azadlıq.info”nun əməkdaşı Şahvələd Çobanoğlu öz Facebook səhifəsində belə bir qeyd paylaşıb. Onun yazdığını olduğu kimi təqdim edirik:

“Bu gün oğlumla maşına oturub bir az uzaq yola getməyə hazırlaşırdıq. Mesaj səsi gəldi, dedim, oxuyum, sonra yola başlayım. Yolda uşaq soruşdu ki, dədə, nəsə olub, niyə birtəhər oldun. Nə hallara düşdüyümü ondan gizlətməyə çalışmışdım.
Buyurun oxuyun. Yevlaxdan yazıb Xanım Nəsibova:

Şahvələd bəy, AXC-nin yaranmasının 30 illiyi münasibətilə yazdığınız yazını oxudum.O təbrikdən mənim mərhum həyat yoldaşıma da düşür deyə onun adından sizə təşəkkür etməyi lazım bildim .”Azadlıq” qəzetinin daimi oxucusu idi rəhmətlik.Ali təhsili ola-ola illərlə işsiz qaldı, 5 övladının ən cüzi ehtiyacları qarşısında əzildi, əzab çəkdi, amma əqidəsindən dönmədi. Sözün həqiqi mənasında, su ilə çörək yedi, amma ona təklif edilən (nəyinsə müqabilində) vəzifələri əlinin tərsi ilə itədi. 6 il əvvəl dünyasını dəyişdi, amma son nəfəsinəcən hey bu sözləri dedi: biz məqsədimizə çatacağıq.
Əvəz Hüseynov! Mərhumun adıdır. Siz xatırlamırsınızsa, Fuad Qəhrəmanlıdan, Məhəmməd Talıblıdan soruşa bilərsiniz. Mən həyatımda çox az insanda RƏHMƏTLİKdə gördüyüm əqidəyə sadiqlik, etibarlılıq görmüşəm. Bu anlamda, hədsiz şadam ki, övladları da atalarının eynidir.
Bir daha sağ olun, əllərinizə və qələminizə sağlıq, uğurlar!”