“Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri hörmətli Anar Bağırovla və Rəyasət Heyətinin üzvləri ilə görüşdük”. Bu barədə vəkil Elçin Sadıqov özünün “Facebook” səhifəsində yazıb.
Vəkil bildirib ki, görüşdə problemlər müzakirə edilib: “Problemi həll etdik. İntizam icraatına xitam verildiyi bildirildi. İntizam icraatına xitam verildiyi üçün Vəkillər Kollegiyası Rəyasət Heyətinə təşəkkür edirəm”.
Elçin Sadıqov iki gün qabaq Vəkillər Kolegiyasında onun barəsində intizam icraatı başlandığını xəbər vermişdi. Anındaca VK sədri Anar Bağırov Elçin Sadıqovun yazdıqları ilə razılaşmadığını bildirmişdi: “O, çox şey yaza bilər və yazdıqları da aksioma deyil. Elçin Sadıqov bütün kollegiyanı təhqir edib, İntizam Komissiyasının rəhmətə gedən üzvü barədə təhqiramiz fikirlər bildirir, sonra da bunu fikir azadlığı sayır. Biz də deyirik ki, bəs sənin özün barəndə bir neçə il əvvəl nəsə yazanda, sən ifadə azadlığının məhdudiyyətsiz olmadığını, sərhədləri olduğunu söyləyirdin. Bu sözləri özün də qəbul elə. Guya komissiyanın üzvü sağ olanda ona deyib ki, bağışla, sənin barəndə belə rəy yazmışam. Rəyi komissiya verir, həm də rəhmətə gedən adam barəsində belə böhtanlar səsləndirmək doğru deyil, axı onun da ailə üzvləri var. Nəhayət, həyat yoldaşı müraciət edib, biz şikayətə baxmamalıyıq?! Biz müraciətin araşdırılmasını istəyirik. Bəlkə Elçin Sadıqovun müəyyən planları var, gedib xaricdə sığınacaq almaq istəyir, özü üçün tarixçə yaradır, amma biz öz işimizi vicdanla görməliyik. Vəkilin pozuntu törətməsi barəsində ehtimal varsa, biz araşdırma aparmalıyıq. Elçin Sadıqov kollegiyanın orqanlarını qanunsuz işlərdə ittiham edir, böhtan atır”.
Guya onun barəsində 28.06.2019-cu il tarixdə vəfat etmiş, Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Qasımova Kamalə Elxan qızının yazdığı şikayət əsasında VK intizam icraatı başlamışdı.
Beləcə, icraat necə sürətlə başlamışdısa, elə də sürətlə sona çatdı.