Kəlbəcər ziyalıları yeni təşkilat yaratdı

İmamverdi Cəfərov «Kəlbəcər» Cəmiyyətinin sədri oldu

Kəlbəcər ziyalaları yeni təşkilat təsis edib. Bu barədə qəzetimizə daxil olan məlumatlara görə, “Kəlbəcər” Cəmiyyəti adlanan yeni təşkilatın təsis konfransı Bakıdakı restoranların birində keçirilib. Məlumatlarda bildirilir ki, əslən Kəlbəcərdən olan Ictimai Palatanın üzvü, 2010-cu il parlament seçkilərindən Kəlbəcərdən deputatlığa namizədliyini irəli sürmüş Imamverdi Cəfərov təşkilatın sədri seçilib.
Imamverdi Cəfərov “Azadlıq”ın əməkdaşı ilə söhbətində yayılan məlumatları təsdiqləyib. O, həmçinin bildirib ki, “Kəlbəcər” Cəmiyyəti siyasi yönümlü təşkilat deyil: “Bu təşkilatın əsas məqsədi kəlbəcərliləri bir araya yığmaq, onlar arasında əlaqəni bərpa etməkdir. Bilirsiniz ki, Kəlbəcər erməni işğalı altındadır. Bu rayondan məcburi köçkün düşən insanlar ölkənin 60-dan artıq rayonuna səpələniblər. Hətta qohumluq əlaqələri olan kəlbəcərlilərin bir-birilə əlaqə yaratması müşkülə çevrilib. Bu baxımdan biz düşündük ki, belə bir təşkilat yaradaq və kəlbəcərlilərin bir-birilə əlaqə yaratmasına yardımçı olaq. Lakin təşkilat təbii ki, ölkənin taleyüklü məsələlərində öz sözünü deyəcək”.
Imamverdi Cəfərovun sözlərinə görə, Azərbaycanda kənarda yaşayan kəlbəcərlilər də təşkilata cəlb olunub. O, bildirib ki, “Kəlbəcər” Cəmiyyətinin yeni yaranmasına baxmayaraq artıq xeyli sayda kəlbəcərli təşkilatla maraqlanmağa başlayıb.