“Bu qərarlar ”Azadlıq”ın məhvinə yönəlib”

Media Hüququ Institutu yanlış təcrübəyə son qoyulması üçün hökumətə çağırış etdi

Media Hüququ Institutu son vaxtlar külli miqdarda məhkəmə cərimələri yoluyla “Azadlıq” qəzetinə qarşı təzyiqlərlə bağlı narahatlığını ifadə edib.
Təşkilatın yaydığı bəyanatda yada salınır ki, Yasamal rayon məhkəməsi oktyabrın 22-də “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası əsasında qəzeti 30 min manat kompensasiya verməyə məcbur edən qətnamə çıxarıb. Bir müddət əvvəl isə elə həmin məhkəmə Bakı Metropoliten Idarəsinin rəisi Tağı Əhmədovun iddiası əsasında “Azadlıq”ı eyni məbləğdə kompensasiya ödəməyə məcbur edən qətnamə qəbul etmişdi.
Media Hüququ Institutu bəyan edir ki, belə yüksək məbləğlərin qəzetdən alınıb yüksək səviyyəli dövlət məmurlarına, böyük biznesə sahib olan şəxslərə verilməsi barədə qərarlar ədalətsizdir. Bu qərarlar qəzetin və son nəticədə ifadə azadlığının, tənqidi səslərin məhvinə yönəlib.
Bəyanatda müqayisə üçün Cinayət Prosessual Məcəlləsinə istinad olunur: “Bu Məcəllənin 190-cı maddəsinə görə, zərərçəkmiş şəxs ona xüsusilə ağır cinayət əməlilə (məsələn, ailə üzvünün öldürülməsi) vurulmuş ziyana görə 330 manat, ağır cinayət əməlilə vurulmuş ziyana görə isə 165 manat kompensasiya ala bilər.
Bu gün “Azadlıq” qəzetinin dövlət məmurlarına, ictimai fiqurlara ödəməyə məcbur edildiyi məbləğ isə 65 min manatdan çoxdur”.
Üstəlik, qəzetə basqılar məhkəmə davaları ilə bitmir. Yayım firmalarının “Azadlıq”ın satışından əldə olunan vəsaitləri ödəməməsi qəzet üçün daha qorxulu durum yaradır.
Mudia Hüququ Institutu xatırladır ki, “Azadlıq” qəzeti hökuməti, ayrı-ayrı məmurları tənqid edən yazılarına görə davamlı olaraq basqı altında olub. 2007-ci ildən bəri qəzet 60 dəfədən artıq məhkəməyə çəkilib, əməkdaşları 75 dəfədən artıq ən ağır fiziki, psixoloji basqı və təhdidlərə məruz qalıb. Qəzetə qarşı qaldırılmış iddia və şikayətlərin əksəriyyəti “Azadlıq”ın əleyhinə bitib, bu media quruluşunun üzərinə yüz minlərlə manat cərimə yükü qoyulub. Basqı altında olan qəzetin bir neçə əmədaşı ölkədən mühacirət etmək, ya da jurnalistika fəaliyyətinə son vermək zorunda qalıb. Son bir ildə isə “Azadlıq”ın əleyhinə çıxarılan ağır təzminatların ödənilməsini nəzərdə tutan qərarların sayı xüsusilə artıb.
Media Hüququ Institutu hökuməti müstəqil jurnalistlərə və mediaya münasibətdə bu cür münasibətə son qoymağa, həmçinin tənqidçi mediaya qarşı qanundan və ədalətdən uzaq qərarların qəbulunu önləyən addımlar atmağa çağırır.

Aytən